AZ

ATƏT-in Minsk qrupunun fəaliyyəti işğalın davam etməsinə xidmət edib - ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır.

Dövlət başçısı qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün və torpaqlarımızın işğalının nəticələrinin aradan qaldırılması ATƏT-in yaranmasından bu təsisatın gündəliyində olmasına baxmayaraq, nə bu təşkilat, nə də ATƏT-in Minsk qrupunun həmsədrlik mexanizmi münaqişənin nəticələrinin aradan qaldırılması, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtması üçün heç nə etməmişdir. Bu illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesi də Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət göstərmişdir.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan öz iradəsi və gücü hesabına beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini təmin edərək, işğala son qoyub. Artıq Ermənistan-Azərbaycan münaqişəsinin tarixdə qaldığını və mövcud olmadığını deyən dövlət başçısı qeyd etdi ki, buna görə ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır. Azərbaycan tərəfi bu məsələni qaldırıb və Ermənistan tərəfinin də buna razı olmaması üçün hər hansı bir səbəb görünmür.

Göründüyü kimi, dövlət başçımızın söylədiyi kimi, ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır.

Çünki ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi hər kəsə məlumdur. Bu fəaliyyətsizliyin yalnız bir səbəbi var: bu da ondan ibarətdir ki, bütün beynəlxalq təşkilatlar dövlətlər tərəfindən idarə edilir. Həmin dövlətlər də təşkilatların qarşıya qoyduğu ümumi məsələlər və məqsədlərdən daha çox öz ümummilli maraqlarını və geosiyasi ambisyalarını həyata keçirirlər. ABŞ, Rusiya, Fransa birlikdə bir-birilərinə qarşı mübarizə aparırlar. Bu dövlətlərin Cənubi Qafqazda ortaq məxrəcə gələrək, hər hansısa bir problemi həll etmələri olduqca realıqdan kənardır. Və yarandığı gündən bu günə kimi ATƏT yalnız vaxt aparmaqla məşğul idi. Lakin ötən illər ərzində Minsk qrupu necə ki, bizə ümid verib, heç bir fəaliyyət həyata keçirtmədiyi kimi bizdə onlara toxunmadan öz ordumuzu gücləndirib, diplomatiya sahəsində uğur qazanmaq üçün fəaliyyət göstərdik. Bunun nəticəsi olaraq da Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının başçılığı ilə Azərbaycan ordusu qalib gəldi. Beləliklə də biz bu gün ATƏT Minsk qrupunu tarixdən sildik. Son zamanlar Minsk qrupunun ətrafında baş verən məsələlər və müxtəlif siqnallar əslində dünyadakı realıqların göstəricisidir ki, bu gün de-fakto Minsk qrupuna ehtiyac yoxdur.

Prezident İlham Əliyev cənablarının hər bir çıxışı özündə hazırkı dövrün çağırışlarını və onlara yanaşmada Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyini ehtiva edir. Mayın 10-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş zamanı Qalib Komandan bir daha Zəfərin zirvəsindən Azərbaycanın qələbəsini həzm edə bilməyən, ölkəmizə iftiralar atan, eləcə də məğlub Ermənistan və onun arxasında durub yalan vədlər verən dairələrə ciddi xəbərdarlıq ünvanladı. Dövlət başçımız bir daha xatırlatdı ki, regionda söz sahibi Azərbaycandır və Cənubi Qafqazda marağı olan istənilən dövlət bütün məsələlərdə ölkəmizlə razılaşmalıdır.

Cənab İlham Əliyev çıxışında bir daha diqqəti 30 illik işğal dövrünün reallıqlarına yönəldərək bildirdi ki, biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Bizə müharibə lazım deyil, bizə torpaqlarımız lazım idi. Minsk qrupunun 28 ildəki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdi. Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər. Bu torpaqları ermənilərə vəd vermişdilər: «Necə ki, sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da, Amerika da, həmçinin. Bu gün də baxın bizə qarşı, kimlər, necə deyərlər əsas rol oynayırlar - Fransa və Amerika. Bunu açıq demək lazımdır, daha çox Fransa. Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil.»

Bəli, ATƏT-in Minsk qrupu 28 il ərzində etimadını itirərək problemin sülh yolu ilə deyil, hərbi əməliyyatlarla həllinə gətirib çıxardı. Və 44 günlük Vətən müharibəsində ərazilərimizin işğaldan azad olunması uğrunda apardığımız mübarizə bütün beynəlxalq qanunlara görə ədalətli olmaqla, dünya erməniliyinə, erməni təəssübkeşliyinə böyük zərbə oldu. Prezident İlham Əliyev bu qələbənin müəllifi kimi torpaqlarımızı işğaldan məhz «Dəmir yumruq» siyasəti yolu ilə azad edərək Ermənistanın müdafiəsinə qalxmış dövlətlərə və siyasi mərkəzlərə öz yerlərini göstərdi. Prezidenti İlham Əliyev beynəlxalq tədbirlərdə, müsahibələrində və çıxışlarnıda dəfələrlə vurğulayıb ki, vasitəçi tərəfsiz və ədalətli olmalıdır: "Vasitəçilər vəziyyətlə bağlı necə fikirdə olmaqlarından, bizimlə və ya Ermənistanla əlaqələrinin nə dərəcədə yaxın olmağından asılı olmayaraq neytral olmalıdırlar".

Göründüyü kimi, artıq Minsk qrupu və onun həmsədrlərinin addımları məşhur el məsəlimizdə deyildiyi kimi, “öz cəzandır, çək!”. Bizim artıq nə danışıqlara, nə Minsk Qrupuna, nə də həmsədrlərə ehtiyacımız var. Bizim öz tənzimləyicimiz – “dəmir yumruğumuz” var. Necə ki, 44 gündə də bu yumruq öz tarixi missiyasını layiqincə yerinə yetirdi... Ədalət Zəfər çaldı. Ermənistan da, onun yanında duranlar da layiqli cavablarını aldılar. Prezident İlham Əliyevin sözləri ilə desək: “Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur edildi. Onlar bunu heç vaxt könüllü imzalamazdılar. Biz onları məcbur etdik, Minsk qrupu yox!...Bu, reallıqdır...”

Bir sözlə, həqiqət budur ki, indiki şəraitdə bizim ATƏT-in Minsk Qrupuna ehtiyacımız yoxdur. Ümumiyyətlə, ATƏT-in Minsk Qrupu kimi həmsədrlik edən qurum lazım deyil. Biz torpaqlarımızı işğaldan azad etmişik, qalan digər problemlərimizi də tədricən həll edəcəyik. Dövlət başçımızın söylədiyi kimi: «ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır».

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
189
1
sesqazeti.az

2Mənbələr