AZ

Azərbaycanla Ermənistanın Baş nazir müavinləri sərhəddə görüşüblər

Şahin Mustafayev və Mher Qriqoryan görülən işləri müzakirə ediblər

Mayın 15-də Azərbaycan və Ermənistan sərhədində hər iki ölkənin Baş nazirlərinin müavinləri – Şahin Mustafayev və Mher Qriqoryan görüşüblər.

Bu, dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşüdür.

Şahin Mustafayevin ofisindən verilən məlumata görə, görüşdə komissiyalar onlar tərəfindən qəbul edilmiş 2024-cü il 19 aprel tarixli 8-ci görüşün Protokoluna uyğun olaraq görülmüş işləri müzakirə ediblər: "Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olmuş hüquqi cəhətdən əsaslandırılan respublikalararası sərhədə uyğunlaşdırılması məqsədilə bilavasitə Bağanıs Ayrım (AR) – Bağanis (ER), Aşağı Əskipara (AR) – Voskepar (ER), Xeyrımlı (AR) – Kirants (ER) və Qızılhacılı (AR) – Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ SQ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş Protokol-təsvirini razılaşdırıblar”.

Qeyd olunub ki, görüşün yekunu olaraq müvafiq protokol imzalanıb: "Növbəti görüşün keçirilməsi tarixi və yeri işçi qaydada razılaşdırılacaq”.

Aprelin 19-da Ermənistan və Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiyalarının iclasında Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb və həmin kəndlərdən demarkasiya işlərinə başlanacağı bildirilib.

Demarkasiyanın hansı xəritələrə əsasən həyata keçiriləcəyinə gəlincə, bildirilib ki, prosesin kartoqrafik əsasını SSRİ dövründən qanuni əsasa malik olan və müvafiq səlahiyyətlərə malik orqanlar tərəfindən tərtib edilmiş ən son topoqrafik xəritələr təşkil edir.

Bakı ilə Yerevan arasında nə baş verib?

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı "Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan "respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
arqument.az

1Mənbələr