AZ

Seçmə mərhələnin sürprizi - TƏQDİMAT

Bu yay bütün Avropanın diqqəti Almaniyaya yönələcək. Qitənin 24 ən güclü millisi sayca 17-ci Avropa çempionatında mübarizə aparacaq. İyunun 14-dən iyulun 14-dək davam edəcək yarışın startına 29 gün qalıb.

İdman.biz AVRO-2024-ün iştirakçılarının təqdimatını davam etdirir.

Bu həftə B qrupunun komandalarını nəzərdən keçiririk. “Ölüm qrupu”nda İspaniya, İtaliya və Xorvatiya üçün 3 xal mənbəyi sayılan Albaniya yarışa sensasiya arxasında gedir.

Sürpriz qələbə
Almaniyada sürpriz nəticələrə imza atmaq arzusunda olan Albaniya eyni uğuru seçmə mərhələdə gerçəkləşdirib. Çexiya və Polşa ilə eyni qrupda mübarizə aparan Silvinyonun komandası gözlənilmədən 1-ci yeri tutub. Öz meydanında qol buraxmayan Albaniya millisi Moldova ilə hər iki görüşdə heç-heçə etsə də rəqiblərini qabaqlayıb. Farer adaları üzərində iki qələbə də komandanın işinə yarayıb. Nəticədə Robert Levandovskili Polşa millisi seçmə mərhələdən birbaşa vəsiqə qazana bilməyərək pley-off oynamalı olub.

8 il sonra
Tarixi ərzində dünya və Avropa çempionatlarında yalnız bir dəfə final mərhələsində oynayan “Dağ qartalları" 2016-cı ildəki uğurunu 8 il sonra təkrarlayıb. Həmin vaxt turniri bir qələbə ilə qrup üçüncüsü kimi tamamlayan komanda pley-offdan kənar qalıb. Fransadakı AVRO-2016-da İsveçrə və meydan sahiblərindən alınan məğlubiyyətlər 1/8 finala vəsiqəyə imkan verməmişdi. Rumıniya üzərində qələbə isə ən yaxşı qrup üçüncüləri sırasına düşmək üçün yetərli deyildi. “Qırmızı-qaralar” bu dəfə daha uğurla çıxış etmək arzusundadır. Amma püşk onları üç güclü rəqiblə üz-üzə qoyub. Amma Avropa klublarında, xüsusilə İtaliya A seriyasında yetərincə oyunçusu olan komanda autsayder gözü ilə baxılmasının yanlış olduğunu göstərməyə çalışacaq.

Albaniya millisinin qrupdakı oyunları:
15 iyun. İtaliya - Albaniya
19 iyun. Xorvatiya - Albaniya
24 iyun. Albaniya - İspaniya

Qeyd edək ki, B qrupunun görüşləri 6 fərqli şəhərdə - Berlin, Dortmund, Hamburq, Helzenkirhen, Düsseldorf və Leypsiqdə keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
idman.biz

1Mənbələr