AZ

Araz vay, məftil vay, sərhəd telim vay! - Piruz Dilənçinin şeirləri

Bu gün şair Piruz Dilənçinin doğum günüdür.

Kulis.az onun şeirlərini təqdim edir.

Çıx get, çıxa bilirsən

Həyatımdan çıxsan, nə fərq edər ki?

Ürəyimdən çıx get, çıxa bilirsən...

Varlığımı yıxsan, nə fərq edər ki?

Taleyimi yıx get, yıxa bilirsən.

Bir yolçunu yoldan etmək rahatdır,

Yoxa çıxıb, gizli itmək rahatdır.

Səs-səmirsiz qoyub getmək rahatdır,

Gəl əlimi sıx get, sıxa bilirsən.

Gedirsənsə, məhv et tara ömrümü,

Öncə öldür mənim yara ömrümü.

Dar ağacı qur, çək dara ömrümü,

Sonra gəl bir bax get, baxa bilirsən.

Zaman sənin hisslərini dondurub,

Bilməm, bəlkə yəminini sındırıb?

İndi birdən ürəyimi yandırıb,

Atəş gətir, yax get, yaxa bilirsən.

Gedirsənsə, öldür məni, vur mərni,

Rəngi solmuş yuxularda gör məni.

Daşsız məzar görsən, orda sor məni,

Ulduzum ol, ax get, axa bilirsən.

Yenə axır qərar sənin dilində...

İşdir, əgər son görüşə gələndə,

Bir ox gətir, xəncər gətir əlində,

Ürəyimə tax get, taxa bilirsən.

Qardaş vay...

Böyük bir diyaram, böyük torpağam,

Vahid bir millətəm, vahid bayrağam,

Özbəkəm, qırğızam, türkəm, qazağam,

Qardaş vay, soydaş vay, obam-elim vay!

Vətəndən-vətənə gedən yolum vay!

Dərbəndəm, Təbrizəm, Ankarayam mən,

Kaşğaram, Kərkükam, gör harayam mən...

İkiyə bölünmüş Astarayam mən,

Araz vay, məftil vay, sərhəd telim vay!

Vətəndən-vətənə gedən yolum vay!

Hər yana üz tutsan, mən o yandayam,

Zəncanda, Muğanda, Naxçıvandayam,

Türkəmənçaydayam, Gülüstandayam,

Qələm vay, imza vay, saxta qolum vay!

Vətəndən-vətənə gedən yolum vay!

Müşfiqəm, Cavidəm, güllələnmişəm,

Heykələ dönmüşəm, daşa dönmüşəm.

Uluyam, nahaqdan belə sınmışam,

Güllə vay, edam vay, nahaq ölüm vay,

Vətəndən-vətənə gedən yolum vay!

Bir yanda bayrağım yasaq olundu,

Bir yanda çəkiclə oraq olundu,

Mən türkəm -Deyənlər dustaq olundu...

Yasaq vay, qıfıl vay, kəsik dilim vay!

Vətəndən-vətənə gedən yolum vay!

Babəkəm, Nəbiyəm, lap Çingizəm mən,

Dədə Qorqudam mən, sazam, sözəm mən,

Külün altındakı yanar közəm mən,

Alov vay, atəş vay, sönmüş külüm vay!

Vətəndən-vətənə gedən yolum vay!

Hər yerdə, hər yanda bir barmağım var,

Şərqdən Qərbədək bax, dayağım var,

Sazlı Borçalım var, Qarabağım var,

Bağım vay, bağçam vay, solmuş gülüm vay,

Vətəndən-vətənə gedən yolum vay!

Bir daha kimsəyə baş əyməz elim,

Nə rusa, nə farsa əyilməz belim,

Zəncirə çəkilməz, bağlanmaz qolum,

Qırılmış zəncir vay, açıq qolum vay!

Vətəndən-vətənə gedən yolum vay!

Mahnıların yarıda qaldı

Yenə dəftərimlə qaldım baş-başa,

Yenə dərdlərimlə qaldım baş-başa,

Sənsiz kədərimlə qaldım baş-başa,

Səni sevmədim ki, unutmaq üçün.

Şerimin hər sətri səni səsləyir,

Gözlərim hər yerdə səni izləyir,

Ürəyim sınsa da hələ gözləyir,

Səni sevmədim ki, unutmaq üçün.

Çiçəkli baharın yarıda qaldı,

O mənli vüqarın yarıda qaldı,

Bütün mahnıların yarıda qaldı,

Səni sevmədim ki, unutmaq üçün.

Bir zaman sözünə öyrətdin məni,

O qara gözünə öyrətdin məni,

Öyrətdin, özünə öyrətdin məni,

Səni sevmədim ki, unutmaq üçün.

Əlimi uzatdım əlim qurudu,

O qədər yalvardım dilim qurudu,

Mən ölmək istədim, ölüm qurudu,

Səni sevmədim ki, unutmaq üçün.

Axı mən dünyaya nə deyim indi...

Dirəyi sınıqdı, təməli əyri,

Ürəyi qaradı, əməli əyri,

Həm özü əyridi, həm əli əyri,

Axı mən dünyaya nə deyim indi?

Evləri qorxulu, küçəsi sirli,

Neçəsi şübhəli, neçəsi sirli,

Gündüzü qaçhaqaç, gecəsi sirli,

Axı mən dünyaya nə deyim indi?

Birinin evində çörəyi yoxdur,

Birinin pulu var, ürəyi yoxdur,

Biri də xoşbəxtdir, diləyi yoxdur,

Axı mən dünyaya nə deyim indi?

Mərdləri sarsıdır, belin sındırır,

Ocağın dağıdır, odun söndürür,

Namərdi ucaldır, ata mindirir,

Axı mən dünyaya nə deyim indi?

İşə bax, savabdan seçilmir günah,

İnsan gah dilənir, gah da olur şah,

Yaşamaq çətindir, qorxuram Allah!

Axı mən dünyaya nə deyim indi?

Bu həyat imansız, bu həyat dinsiz,

Sevinci bir zərrə, kədəri sonsuz,

Lap tanrı özü də yaşamır onsuz,

Axı mən dünyaya nə deyim indi?

Yaxşını yamandan seçə bilməyir,

Heç kəs də sirrini aça bilməyir,

Zülmündən insanlar qaça bilməyir,

Axı mən dünyaya nə deyim indi?

Ürəyim açıqdır, əlim bağlıdı,

Deməyə sözüm var, dilim bağlıdı,

Vətəndən-vətənə yolum bağlıdı,

Axı mən dünyaya nə deyim indi?

Bir də qayıtma

Onsuz da hər şeyi məhv etmişik biz,

Qayıtma, nə olar, bir də qayıtma!

Yaşanan günləri unutmuşuq biz,

Qayıtma, nə olar, bir də qayıtma!

Bir daha geriyə dönən deyiləm,

Mən sənin oduna yanan deyiləm,

Qarşında bu qədər sınan deyiləm,

Qayıtma, nə olar, bir də qayıtma!

Belə oyunları istəmirəm mən,

Oyunlu anları istəmirəm mən,

O sənli günləri istəmirəm mən,

Qayıtma, nə olar, bir də qayıtma!

Sevdanın alovu sönübdür artıq,

Ürəyim soyuyub, donubdur artıq,

Qəlbimə dəyibsən, sınıbdır artıq,

Qayıtma, nə olar, bir də qayıtma!

Olanlar olubdur, unut onları,

Keçmişdə qalıbdır, unut onları,

Duyğular ölübdür, unut onları,

Qayıtma, nə olar, bir də qayıtma!

Onsuz da dünyaya

qərib gəlmişəm

Bir ömür yolunu gözlədim sənin,

Bu qədər yollara mən baxmamışdım.

Bir ömür adını səslədim sənin,

Hələ mən bu qədər darıxmamışdım.

Qoy qızıl gül kimi solsun taleyim,

Qaradır, qara da qalsın taleyim,

Özümlə bərabər ölsün taleyim,

Hələ mən bu qədər darıxmamışdım.

Nə qədər fəlakət görüb gəlmişəm,

Zülmətin bağrını yarıb gəlmişəm,

Onsuz da dünyaya qərib gəlmişəm,

Hələ mən bu qədər darıxmamışdım.

Bircə söz yazmağa əlim gəlməyir,

Dərdimi, qəmimi kimsə bilməyir,

Bu dünya üzümə niyə gülməyir?!

Hələ mən bu qədər darıxmamışdım.

Ürəklər soyuyub, nədir bu dəhşət?!

Nədir bu fəlakət, nədir bu möhnət?!

Hanı mehribanlıq, hanı məhəbbət?!

Hələ mən bu qədər darıxmamışdım.

Gördüyüm insanlar bir-bir ölürlər,

Dünyaya başqa bir ruhla gəlirlər,

Güldüyüm adamlar mənə gülüblər!

Hələ mən bu qədər darıxmamışdım.

Bəxtində nə varsa, mütləq olandır,

Bu Yer kürəsini özün dolandır!,

Təzə düşünürəm dünya yalandır!

Hələ mən bu qədər darıxmamışdım.

Vətəndən-vətənə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
kulis.az

1Mənbələr