AZ

“Gürcü arzusu” rus dəyənəyi ilə Qərbi təqib etmək niyyətindədir?

ASTNA gürcüstanlı siyasi icmalçı, Topçubaşov Mərkəzinin tədqiqatçısı Nikolas Çxaidzedən Gürcüstanda “Xarici agentlər haqqında” Qanuna qarşı etirazlar və ölkədə baş verən hadisələr haqqında müsahibə götürüb.

* * *

Sual: Xalq arasında “Xarici casuslar haqqında” Qanun və ya “Rusiya qanunu” adlandırılan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi Gürcüstanda yenidən etirazlara səbəb olub. Necə düşünürsünüz, bu qanun layihəsində ictimaiyyətin qəəzəbini doğuran nədir?

Cavab: Bu qanun layihəsində ictimaiyyətin qəzəbinə səbəb olan konkret olaraq nədir? Bu qanunun mahiyyəti ondan ibarətdir ki, o, Gürcüstanın Avropa perspektivlərinə, Qərblə inteqrasiya səylərinə, vətəndaş cəmiyyəti təşkilatlarına və qeyri-hökumət təşkilatlarına xələl gətirir. Vətəndaş cəmiyyətinin və qeyri-hökumət sektorunun fəaliyyətinin məhdudlaşdırılmasına yönəlmiş qanun layihəsinin əslində Gürcüstanın xarici siyasət trayektoriyasını əsaslı şəkildə dəyişdirib, onu Qərbdən uzaqlaşdıra biləcək daha pis niyyətləri var.

Rusiyadakı qanunla eyni olan bu qanun vətəndaş cəmiyyəti qruplarını “xarici agent” adlandıraraq, onların Avropa və Birləşmiş Ştatlardan maliyyələşməsini məhdudlaşdırır. Bundan başqa, ənənəvi olaraq Gürcüstana yardım edən və ölkəni dəstəkləyən Qərb ölkələri qanun layihəsində düşmən adlandırılırlar. Eyni zamanda, Gürcüstan ərazilərinin 20%-dən çoxunu işğal altında saxlamaqda davam edən Rusiyanın adı belə çəkilmir.

Bu, həqiqətən də, 2012-ci ildə “Qeyri-kommersiya təşkilatları haqqında” Federal Qanuna düzəlişlərin qəbulundan sonra yaranmış, son nəticədə KİV-lərin və QHT-lərin bağlanması və “xarici agentlərin” həbsi ilə yadda qalan vəziyyəti xatırladır. Bu yaxınlarda isə Dövlət Duması xarici agent hesab olunan Rusiya vətəndaşlarının seçkilərdə iştirakını qadağan edib.

Sual: Hakim partiya bu qanun layihəsinin qəbul edilməsində israr edirdi. İctimaiyyətin müqavimətinə baxmayaraq, hakim partiya niyə bu qədər inadkardır? Qanun Gürcüstan hökumətinə nə verəcək?

Cavab: Qanun bu gün, mayın 14-də qəbul edilib. “Gürcü arzusu” hökumətinin bu qanunu qəbul etmək qətiyyəti uzun illər ərzində onun hərəkətlərində və bəyanatlarında əksini tapıb. Bu, onlara Qərbi sıxışdırıb çıxarmaq və uzun illər üçün Gürcüstanın xarici siyasət istiqamətini dəyişdirəcək hüquqi alət verir, bu da son nəticədə Gürcüstanın birləşmiş avtoritar rejimə çevrilməsinə gətirib çıxaracaq ki, QHT-lər və VCT-lər (vətəndaş cəmiyyəti təşkilatları) hökuməti dayandıraraq, bunun qarşısını almağa çalışırdı.

Gürcüstan hökumətinin müxalifətin və QHT-lərin / VCT-lərin demonizasiyasına yönəlmiş ritorikası ilə yanaşı, Gürcüstanın qərbli tərəfdaşlarını əsassız olaraq tənqid etməsi, habelə Kremldən və Rusiyanın təbliğat dairələrindən səslənən təriflər Gürcüstan hökumətinin xarici siyasət prioritetlərinin əsaslı şəkildə dəyişdiyini göstərir.

Nə qədər qəribə də olsa, bu yaxınlarda keçirilən sorğuya əsasən, gürcülərin 80%-ə yaxınının NATO və Aİ ilə inteqrasiyanın tərəfdarı olmasına baxmayaraq, Gürcüstan rəhbərliyi Rusiyanın dilini və hüquqi alətlərini mənimsəyərək başqa yoldan getdi, bu səbəbdən yüz minlərlə gürcü bu qanunun qəbul edilməsinə etiraz əlaməti olaraq küçələrə çıxdı.

“Gürcü arzusu” hökumətinin həmişə populist qüvvə olması və heç vaxt gürcü xalqının iradəsinə zidd hərəkət etməməsi faktı “Gürcü arzusu”nun və Gürcüstanın qeyri-rəsmi başçısı Bidzina İvanişvilinin seçkilərdə uduza biləcəkləri ilə bağlı naharatlığından xəbər verir. Bunun baş verməməsi üçün onlar çox vaxt Gürcüstanın qərbli tərəfdaşları tərəfindən maliyyələşdirilən VCT və QHT-lərin işini məhdudlaşdırmalıdırlar.

Sual: Bu qanunu niyə “Rusiya qanunu” adlandırırlar? Qarşı tərəf iddia edir ki, 1938-ci ildə ABŞ-da və müxtəlif vaxtlarda Avropanın bir çox ölkələrində bənzər qanun layihələri qəbul edilib. İndi isə ABŞ və Qərb Gürcüstanı bu addıma görə qınayır. Səbəb nədir?

Cavab: Qanun layihəsinin “Rusiya qanunu” adlandırılmasının səbəbi əsasən onun mahiyyəti və strukturu ilə bağlıdır və “Gürcü arzusu”nun onun bu qanunun Amerika versiyasına bənzədiyi haqqında iddiaları tamamilə yalandır. ABŞ-da Xarici agentlər haqqında Qanunun (FARA) və Gürcüstanda yeni qəbul edilmiş Xarici agentlər haqqında Qanunun tarixi zəmini və hədəf auditoriyası fərqlidir.

1938-ci ildə ABŞ Konqresi Almaniyada nasist rejimi dəstəkləyən konsaltinq və lobbiçilik şirkətləri ilə mübarizə üçün FARA-nı qəbul edib. Bu qərar həm də sovet casusları ilə bağlı narahatlıqlarla əlaqədar qəbul edilib.

Digər tərəfdən, Gürcüstanın xarici agentlər haqqında qanununu dəstəkləyən “Gürcü arzusu” Gürcüstanda “xarici agentlərin” müəyyən edilməsinin əsası kimi müstəsna olaraq Gürcüstandakı qeyri-hökumət təşkilatlarının ABŞ və Aİ-dən maliyyələşdirilməsinə istinad edir. De-fakto, Aİ və ABŞ ABŞ-da nasistlərin aid edildiyi kateqoriyaya aid edilib.

Hətta Gürcüstanın baş naziri İrakli Kobahidzenin dünənki bəyanatı Gürcüstan hökumətinin Qərbə olan yanaşmasını üzə çıxarıb. Baş nazir öz bəyanatında Qərbi nəzərdə tutaraq belə deyib: “Gürcüstan xaricdən sovet üslubundakı göstərişlərə tabe olmayacaq”.

FARA və Gürcüstanın xarici agentlər haqqında qanunlarında “xarici agent” anlayışına verilən tərif onlar arasında əsas və ən əhəmiyyətli hüquqi fərqdir. Gürcüstan qanunvericiliyinə əsasən, maliyyə vəsaətinin 20%-dən çoxunu “xarici dövlətdən” alan istənilən qeyri-kommersiya hüquqi şəxsi xarici agentdir, bu, həm hökumətlərə, həm də, dini təşkilatlar istisna olmaqla, təşkilatlara, fondlara və fərdi şəxslərə aid ola bilər.

Lakin, ABŞ qanunvericiliyinə əsasən, xarici agent xarici dövlətin nəzarət etdiyi, rəhbərlik etdiyi və ya bu ölkənin maraqları üçün fəaliyyət göstərən istənilən fiziki şəxs - hüquqi şəxs və s.-dir.

Sual: Bu addım Gürcüstanın, Aİ-yə namizədin Qərblə inteqrasiya yolunu kəsə bilərmi?

Cavab: Getdikcə daha çox ekspert və Avropa Parlamentinin daha çox deputatı bu haqda danışır. Həqiqətən, Aİ-də qərar qəbul edən şəxslərin Gürcüstanla münasibətlərini yenidən nəzərdən keçirə biləcəyinə dair ciddi bir ehtimal mövcuddur.

Avropa Parlamentinin aparıcı deputatları Cozef Borrelə 7 may tarixli məktublarında Gürcüstanın Aİ-yə namizəd statusunun ləğv edilməsini, Aİ-nin Gürcüstanın dövlət büdcəsinə yardımı məsələsinin nəzərdən keçirilməsini və Gürcüstanın Avropa Komissiyasının Aİ-yə üzvlük haqqında danışıqlara başlamaq üçün irəli sürdüyü doqquz addımı yerinə yetirməsinin ətraflı qiymətləndirilməsini tələb edirlər. Avropa Parlamentinin müxtəlif siyasi fraksiyalardan olan otuzdan çox görkəmli deputatı bu məktubu imzalayıb. Beləliklə, Gürcüstanın bizə məlum olan Qərbi Avropa ilə inteqrasiya yolunun pozulacağına dair real ehtimal var.

Sual: Qanun qəbul edildikdən sonra Gürcüstanda nə dəyişəcək və ya nə baş verə bilər?

Cavab: Gürcüstanda oktyabr seçkilərinin nəticələri və bu qanunun qəbulu Gürcüstanın daxili dinamikasına və Cənubi Qafqaz regionunda vəziyyətə ciddi şəkildə təsir edəcək, çünki “Gürcü arzusu” ölkənin xarici siyasət istiqamətini Kremlin maraqlarına uyğun olaraq dəyişdirəcək vacib qələbəni qazanmağa çalışır.

Gürcüstan təcridlə və tamamilə Rusiyanın təsiri altına düşmək riski ilə üzləşdiyi üçün QHT, VCT və hökumətin tənqidçilərini hədəfə alaraq, fərqli düşüncənin qalıqlarını boğacaq və birləşmiş avtoritar rejimə çevriləcək.

Aprelin sonlarında “Gürcü arzusu”nun təsisçisi və onun arxasında dayanan real qüvvə olan Bidzina İvanişvili hökumətyönlü mitinqdə Gürcüstanın xarici siyasətində ciddi dəyişikliklər olacağını açıqlayaraq, artıq mövcud olan anti-Qərb nağılını daha da gücləndirib və müxalifəti siyasi repressiyalarla təhdid edib.

Gürcüstanın qeyri-rəsmi başçısı Kremlin mesajını tamamilə təkrar edən nitqində Gürcüstanın vətəndaş cəmiyyəti təşkilatlarını/QHT-lərini, Aİ, ABŞ və bütünlükdə Qərbi demonizasiya edib, onları xarici düşmən adlandırıb və Gürcüstan və Ukraynadakı müharibələrdə və bütün çətinliklərdə onları ittiham edib.

O, həmçinin Qərbin mövcud hökuməti devirmək və Gürcüstanı Rusiya ilə müharibəyə sövq etmək üçün dövlət çevrilişi planlaşdırdığını və məhz buna görə “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbul edilməsinin tərəfdarı olduğunu iddia edib. Bu gün, mayın 14-də artıq bu qanun üçüncü və yekun oxunuşda qəbul edildiyi üçün biz “Gürcü arzusu”nun siyasi və ideoloji əleyhdarlarına qarşı yeni repressiyalar gözləməliyik.

Sual: Ekspertlərin fikrincə, baş verənlərin arxasında Rusiya dayanır. Bu qanunun qəbulu ilə Qərb təşkilatları və Gürcüstandakı Qərbpərəsət insanlar təzyiqə məruz qalacaq. Əvəzində, Gürcüstanın hakim partiyası Rusiyanın zəmanəti altında daha uzun müddət hakimiyyətdə qalacaq. Və hətta belə bir versiya var ki, Abxaziya və Cənubi Osetiya problemi həll oluna bilər. Qanun qəbul edilməsə, Gürcüstanın suverenliyi təhlükə altında olacaq və hətta regionda Rusiya-Ukrayna münasibətlərinə bənzər vəziyyət yarana bilər. Hətta hakimiyyət dəyişikliyi baş versə belə, Gürcüstan bu vəziyyətdən çıxa bilməyəcək. Sizcə, bu fikirlər həqiqətə nə dərəcədə yaxındır?

Cavab: Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı vəziyyətin inkişafının arxasında məhz Rusiyanın dayandığını iddia etmək tamamilə ədalətli və məntiqlidir. Bir çox hallar, məsələn, bu qanunu təqdir edənlərin yalnız Rusiyanın hökumət məmurları və təbliğatçıları olması faktı buna dəlalət edir. Nəticədə, Qərbi Gürcüstandan sıxışdırıb çıxarmaq və ölkəni Cənubi Qafqazda öz meydanına çevirmək onun maraqları daxilindədir.

“Gürcü arzusu” siyasi rəqibləri hədəf alaraq və Gürcüstanda siyasi landşaftı əsaslı şəkildə dəyişdirərək, çox uzun müddət hakimiyyətdə qalacaq və bu şəraitdə Gürcüstanın işğal edilmiş əraziləri, Abxaziya və Samaçablo (eyni zamanda Cənubi Osetiya kimi tanınan) ilə bağlı sövdələşmələr və bütünlükdə onların problemlərinin həll ediləcəyi istisna deyil, Kremllə əlaqəsi olan biznesmen David Xidaşelinin və “Gürcü arzusu”ndan nüfuzlu siyasətçi Qiya Volskinin Tbilisidə görüşdüyünü və Gürcüstanın işğal edilmiş əraziləri ilə bağlı məsələləri müzakirə etdiyini nəzərə alsaq, bu versiyanın müəyyən əsasları var.

Bu qanun qəbul edilməsə Gürcüstanın suverenliyinin təhlükə altında olacağı və hətta regionda Rusiya-Ukrayna münasibətlərinə bənzər vəziyyətin yarana biləcəyi haqqında tezis “Gürcü arzusu”nun daim təkrarlayaraq, qorxu yaratdığı mövzudur. Onlar ümid edirlər ki, bu tezis vasitəsilə təkcə bu qanunun qəbul edilməsinə deyil, həm də Ukraynaya dəstək göstərilməməsinə, habelə ölkənin Rusiyaya qarşı sanksiyalara qoşulmamasına bəraət qazandıra biləcəklər.

“Gürcü arzusu” Kremlin “Qərbin Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmaq istədiyi” haqqında nağılını tez-tez təkrarlayır.

Buna görə mən Ukraynada alçalan Rusiyanın başqa bir yerdə “kiçik qələbə” qazanaraq, “simasını itirməmək” üçün alternativ hədəflər axtara biləcəyini hesab edirəm. Və “Xarici təsirin şəffaflığı haqqında” qanun qəbul edilməsə, yuxarıda bəhs edilən ssenarinin gerçəkləşəcəyi haqqında iddia mənə real gəlmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
160
19
turan.az

10Mənbələr