AZ

Culian Assancın vəkili danışdı: O, ABŞ-a ekstradisiya edilərsə... - FOTO

Məhkəmə mayın 20-də Culian Assancın ekstradisiyasına qərar verərsə, onda biz Britaniyada apellyasiya şikayəti verə bilməyəcəyik. Bizim Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməkdən başqa yolumuz qalmayacaq. Ancaq Avropa İnsan Haqları Məhkəməsinə müraciət bizə hər hansı zəmanət vermir. Biz məhkəmənin nə qərar verəcəyini gözləməli olacağıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Culian Assancın avstraliyalı vəkili Cenifer Robinson Londonda Xarici Press Assosiasiyasının (FPA) keçirdiyi mətbuat konfransı zamanı deyib. O, konfransa videoformatda qatılıb və qeyd edib ki, əgər mayın 20-də Assancın ABŞ-a ekstradisiya qərarı təsdiq edilməsə, o zaman onun vəkilləri apellyasiya şikayəti verə biləcək.

C. Robinson məhkəmə işinin təkcə Culian deyil, bütün jurnalistlər üçün hüquqi əhəmiyyətinin olduğunu əlavə edib.

“ABŞ-ın məhkəməyə təqdim etdiyi təminatda bildirilib ki, Culian Assanc "Birləşmiş Ştatların Konstitusiyasına Birinci Düzəliş”lə verilən hüquq və müdafiələri məhkəmədə qaldırmaq, onlara etibar etmək imkanına malik olacaq (bu, ifadə azadlığını müdafiə edən düzəlişdir - red). Ancaq sənəddə qeyd edilib ki, “Birinci Düzəliş”in tətbiqi ilə bağlı qərar yalnız ABŞ məhkəmələrinin səlahiyyətindədir. Bu, heç bir zəmanət deyil, Culian Assancın söz azadlığı hüququndan istifadə edə biləcəyinə heç bir zəmanət vermir”, - deyə vəkil vurğulayıb.

O qeyd edib ki, Avstraliya hökuməti Culian Assancı dəstəkləyir və onun azadlığa buraxılmasını, bu işə son qoyulmasını, Avstraliyaya evə qaytarılmasını tələb edir. “Azad sözü dəstəkləyən qruplar və əsas media orqanları tərəfindən hamılıqla qınanılan bu iddiaya, bu işə artıq xitam verilməlidir”, - deyə vəkil bildirib.

Cenifer Robinson C. Assancın fiziki və psixi sağlamlıqla bağlı dəstək almağa davam etdiyini deyib. Vurğulayıb ki, C.Assanc gələn həftə baş tutacaq məhkəmədə özü şəxsən iştirak etmək istəyir.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
3
musavat.com

4Mənbələr