AZ

Gülər Sultanzadə: “Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı seçilməsi böyük siyasi əhəmiyyət kəsb edən hadisədir”



“Şuşanın işğaldan azad edilməsindən və Vətən müharibəsinin Azərbaycanın tarixi Qələbəsi ilə başa çatmasından cəmi altı ay sonra, 2021-ci ilin 12 may tarixində Şuşada, Cıdır düzündə uzun fasilədən sonra ilk dəfə olaraq “Xarıbülbül” festivalı keçirildi. Həmin Festivalı əlamətdar edən bir neçə məqam olmuşdu. İlk növbədə bu möhtəşəm beynəlxalq mədəniyyət tədbiri Vətən müharibəsində bizə Qələbəni öz canları və qanları bahasına qazandıran qəhrəman şəhidlərimizin əziz xatirəsinə həsr olundu. İkinci bir tərəfdən də Festivaldan öncə Şuşada Yuxarı Gövhərağa məscidində təmirdən sonra bayram namazının qılınması, yeni möhtəşəm məscidin bünövrəsinin qoyulması və əlbəttə ki, festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi bir daha bütün dünyaya göstərmiş oldu ki, Azərbaycan xalqı öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq. Dövlət başçımızın dediyi kimi, əgər bu belə olmasaydı biz heç vaxt işğal altında olan torpaqlarımızı azad edə və həmin torpaqlara, öz əzəli və əbədi dədə-baba yurdumuza qayıda biməzdik.”

Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının üzvü Gülər Sultanzadə deyib.

Daha sonra müsahibimiz bildirib ki, Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı seçilməsi böyük siyasi əhəmiyyət kəsb edən hadisədir: “Az öncə bəhs etdiyimiz tarixi hadisədən üç il sonra Şuşa şəhəri İslam dünyasının mədəmiyyət paytaxtı seçilib. Bu il may ayının 11-də Şuşanın Cıdır düzündə açılışı olmuş VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı da məhz bu önəmli hadisəyə həsr olunmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tədbirdə iştirak etmələri də bu mədəniyyət hadisəsinin böyük əhəmiyyət kəsb etməsini bir daha təsdiq edir. Tədbirdə çıxış edən dövlət başçımız xüsusi olaraq vurğuladı ki, Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı elan olunması barədə qərarın qəbul olunması da İslam dünyasının Azərbaycana növbəti dəstəyinin, hörmətinin əlamətidir. Əlbəttə ki, Azərbaycan da öz növbəsində İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Ümumiyyətlə ölkəmizdə bir çox beynəlxalq tədbirlər, musiqi festivalları, mədəni tədbirlər keçirilir. Təbii ki, Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı olması bizə öz mədəniyyətimizi həm müsəlman ölkələrinin ictimaiyyətinə, həm də dünya ictimaiyyətinə çatdıraq baxımından əlavə imkanlar verəcək.”

Sonda G.Sultanzadə Şuşada keçirilən “Xarıbülbül” ənənəvi beynəlxalq musiqi festivalının doğma torpaqlarımıza əbədi qayıdışımızın daha bir rəmzi olduğunu qeyd edib: “Azərbaycan xalqı yenidən doğma Şuşaya qovuşmaq üçün düz 28 il gözləməli oldu. Nəhayət 2020-ci ilin noyabr ayında Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı bu arzusunu həyata keçirdi və eyni zamanda da gələcək nəsillər qarşısında müqəddəs borcunu yerinə yetirdi. Artıq ənənəvi olaraq Şuşada keçirilən “Xarıbülbül” festivalı da bizim Şuşaya qayıdışımızın əbədi olmasının daha bir sübutudur. Bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan xalqı Şuşaya və işğaldan azad etdiyi bütün torpaqlarına əbədi olaraq qayıdıb. Bu qayıdış artıq günümüzün reallığıdır və bu reallığı artıq bütün dünya olduğu kimi qəbul edir” – deyə, Gülər Sultanzadə fikirlərini tamamlayıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
170
aia.az

1Mənbələr