AZ

Rusiyada yaşayan azərbaycanlı çapar: İlk məşqdən sonra anladım ki, həyatımı atçılığa həsr edə bilərəm - MÜSAHİBƏ

Rusiyada

Bakı, 16 may, AZƏRTAC

Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan atçılıq üzrə Azərbaycan milli komandasının üzvü Aydın Əlibəyov AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

- Zəhmət olmasa, əvvəlcə özünüz barədə ətraflı məlumat verərdiniz.

- 1989-cu ildə Rusiyanın Moskva şəhərində müəllim ailəsində dünyaya gəlmişəm. 5 yaşım olarkən ailəmlə Bakıya qayıtmışıq. 8-ci mikrorayonda yerləşən 248 saylı orta məktəbdən məzun olduqdan sonra Azərbaycan Kooperasiya Universitetinin maliyyə fakültəsinə daxil olmuşam. Eyni zamanda Mstislav Rastrapoviç adına musiqi məktəbinin klarnet sinfini bitirmişəm. Uşaqlıqdan qılıncoynatma, boks, atçılıq, ağırlıqqaldırma və digər idman növlərinə həvəsim olub.

- Neçə ildir atçılıqla məşğul olursunuz?

- Atçılığa 9 yaşımda Respublika atçılıq və müasir beşnövçülük üzrə ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq gənclər idman məktəbində konkur növü ilə başlamışam.

- Necə oldu ki, bu idman növü ilə məşğul olmağa verdiniz?

- Bu idman növü ilə məni məktəbdəki dostum Rəşad tanış etdi. Məndən iki sinif yuxarı oxuyurdu. Bu idman növü ilə məşğul olub-olmayacağıma qərar verə bilməyim üçün mənə atçılıq məktəbində onun məşqini izləməyi təklif etdi. Açığı, Bakıda belə bir məktəbin olduğunu bilmirdim. Əvvəlcə bacaracağıma inanmadım. Amma ilk məşqimdən sonra başa düşdüm ki, peşəkar idmanda özümü görə bilirəm və həyatımı atçılığa həsr etmək istəyirəm.

- Atçılığın çətinlikləri, maraqlı və təhlükəli tərəfləri nələrdir?

- Ümumiyyətlə, atçılıq çox individual və çətin idman növüdür. İki canlı və iki idmançı daim harmoniyada olmalı, bir-birini dinləməli və tamamlamalıdır. Çünki burada iki partnyor var: insan və at. Bu idman növündə hər şey idmançının, yəni, insanın atı yarışlara hazırlama formasından, düzgün təlim və məşqlərdən asılıdır. Təhlükəli və ya təhlükəsiz olması da eyni zamanda idmançının atla davranışı ilə əlaqəlidir. Əsasən də cavan atlarla ciddi məşğul olmaq lazımdır. Təməl yaxşı olarsa, sözsüz ki, bu, belə də davam edəcək. Bütün aspektlərə baxmayaraq, biz heyvanlarla işləyirik və hər şeydən 100 faiz əmin olmağımız qeyri-mümkündür. Digər idman növlərində və yaşadığımız həyatda olduğu kimi.

- Bir atçı yarış zamanı ən çox nələrə diqqət etməlidir?

- Atçı yarışdan əvvəl də, sonra da bir çox nüansa diqqət yetirməlidir. Çünki hər şey hazırlıq prosesindən, təlim-məşqlərdən asılıdır. Dresaj növündə demək olar ki, xırdalıqlar yoxdur. Yarışdan əvvəl isinmə hərəkətləri, yarışın təşkil olunduğu yerdə partnyorun, yəni, atın özünü necə hiss etdiyi olduqca önəmlidir. Atın özünü aparmağı idmançının atı təqdimetmə formasından asılıdır. Təbii ki, bütün elementlərin dəqiq və təmiz yerinə yetirilməsi vacibdir.

- Maraqlıdır, sizin də dediyiniz kimi, öz partnyorunuzla necə ünsiyyət qurursunuz?

- Yarışacağım bütün atlarla ünsiyyət qurmağa onların dayçalığından, yəni, sıfırdan başlayırıq. Həm atın, həm idmançının uğuru bundan asılıdır. Dresaj növündə tanımadığın ata minib dərhal yarışa çıxmaq düzgün və mümkün deyil. Ona görə də at və idmançı arasında hazırlıq prosesi illərlə davam edir.

- İnsana ən sadiq heyvanın məhz at olduğu deyilir. Heç olubmu ki, yarış zamanı üstündə olduğunuz at sözünüzdən çıxıb və bu sizin uğursuzluğunuza səbəb olub?

- At çox həssas canlıdır. Belə hallarla təbii ki, qarşılaşırıq və bu, çox normaldır. Əsasən, təcrübəsi az olan atlarla yarışda baş verənlər nəticəyə təsir edib. Lakin buna uğursuzluq deməzdim. Çünki hər turnirdə at da, idmançı da təcrübə qazanır. Əlbəttə ki, nəticə müsbətdirsə, bu, daha yaxşı haldır.

- 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında dresaj növü üzrə iştirakınız nəzərdə tutulub. Bu baş verərsə, Azərbaycanı Olimpiadada təmsil edən ilk atçı olacaqsınız. Bu sizin üçün nə ifadə edir?

- Bəli, düz vurğuladınız. Bütün diqqətimiz Los-Anceles Olimpiadasına yönəlib. Hazırda dresaj növündə mübarizə aparan ilk azərbaycanlı idmançı da məhz özüməm.

- Bu yaxınlarda hansısa beynəlxalq turnirə qatılacaqsınız?

- Mayın 26-28-də təşkil olunacaq ənənəvi beynəlxalq turnirə hazırlaşıram. Həmin yarış Sankt-Peterburq şəhərində baş tutacaq. Bu il Avropada da beynəlxalq turnirlərdə iştirak etməyi planlaşdırırıq. Beynəlxalq Atçılıq və Azərbaycan Atçılıq Federasiyalarının qərarına əsasən, dresaj növündə çıxış edən ilk azərbaycanlı idmançı olduğum üçün təqaüd proqramına qatılacağam. Həmin proqramda Avropanın ən səviyyəli atçılıq klublarından birində güclü məşqçinin rəhbərliyi altında 1 aylıq təcrübə keçəcəyəm.

- Müxtəlif kateqoriyalarda əldə etdiyiniz qızıl medalların sayına görə rekordçusunuz. Uğurlarınızın arxasında nə dayanır?

- İlk olaraq, qeyd etmək istəyirəm ki, hər şey bütün proseslərdə iştirak etmiş təcrübəli insanlardan ibarət böyük və güclü komandadan asılıdır. Uğurlarımın arxasında səbr etmək, gözləmək və məşqlər dayanır. Nailiyyətlərimin səbəbkarı ölkəmizi təmsil etməyimdə böyük əziyyəti olan məşqçim və klubumuzun sahibi Marina Rusakovadır. Daim mənə dəstək olan Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Atçılıq Federasiyasına da öz minnətdarlığımı bildirirəm.

- Hətta ən son qatıldığınız “Qələbə Kubokunun Finalı” yarışında 4 qızıl medal qazandınız...

- Bəli, 4 qızıl medala layiq görüldüm. Hesab edirəm ki, qalib ölkənin qalib idmançıları olmalıdır. Bunun üçün çox çalışmaq lazımdır.

- Ümumiyətlə, ölkə xaricində Vətəninizi təmsil etmək necə hissdir?

- Mənim üçün böyük şərəfdir. Buna görə qürur hissi keçirirəm. Əsasən də, qalib olanda himnimizin səslənməyi məni qürurlandırır.

- Azərbaycanda bu sahədə perspektivli idmançılardan kimlərin adını çəkə bilərsiniz?

- Azərbaycanda atçılığın konkur növündə hazırda ən güclü idmançımız Seyid Musayevdir. Dresajda isə adını çəkə biləcəyim perspektivli idmançı yoxdur. Amma yaxın gələcəkdə olacağına inanıram. Çünki Beynəlxalq Atçılıq Federasiyasının (FEİ) proqramına əsasən, bu il Azərbaycanda müxtəlif dərəcəli 5 ulduzlu hakimlər və məşqçilərlə təlim-tədris məşqləri, master-klaslar və seminarların keçirilməsini planlaşdırırıq.

- Azərbaycanda atçılıq yeni-yeni inkişaf etməyə başlayır. Ölkəmiz artıq bir sıra beynəlxalq turnirlərə ev sahibliyi edir. Bu inkişafı necə qiymətləndirirsiniz?

- Çox yüksək qiymətləndirirəm. Bu, hələ başlanğıcdır. Əminəm ki, yaxın zamanlarda bundan da yüksək nailiyyətlər əldə edəcək, güclü idmançılar yetişdirə biləcəyik.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
1
azertag.az

2Mənbələr