AZ

Ölkə əhalisinin 10,8 faizi pensiyaçıdır

Ölkə

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ilkin məlumatlarına əsasən, cari ilin yanvar-mart aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 13,8 faiz artırılaraq 1652,1 milyon manata çatdırılıb.

Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, sərf olunmuş vəsaitin 97,6 faizini pensiya xərcləri təşkil edib. 2024-cü il aprelin 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1097,3 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. Onların 64,2 faizi yaşa, 23,5 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Təyin olunmuş pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 11,2 faiz artaraq 490,7 manat təşkil edib və orta aylıq əmək haqqının 49,8 faizinə bərabər olub.

Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 5 fevral tarixli 4291 nömrəli sərəncamına əsasən 2024-cü ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyaları indeksləşdirilərək 11,2 faiz artırılıb. Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ sosial müavinətlər təyin edilir. Belə ki, 2024-cü il aprelin 1-i vəziyyətinə yaşa görə aylıq müavinət alanların sayı 148,8 min nəfər, əlilliyə görə - 218,2 min nəfər (onlardan 46,0 min nəfəri 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər), ailə başçısını itirməyə görə - 58,3 min nəfər, digər müavinət növlərini alanların sayı isə 23,4 min nəfər olub. Eyni zamanda, şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası
nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli həqiqi hərbi xidmət qulluqçularının 4,8 min ailəsinə 7,3 min uşaq
üçün, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 180 nəfər qəyyumuna aylıq müavinət
verilib. Bundan əlavə, 3217 nəfər bir yaşınadək uşağı olan 3113 aztəminatlı ailəyə və beşdən çox uşağı olan 2,7 min qadına
11,7 min uşaq üçün aylıq müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 297 şəxsə isə kompensasiya
verilib.

2024-cü ilin üç ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 10,2 min ailəyə 10,6
min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,7 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 1,6 min nəfərə birdəfəlik müavinətlər verilmib. 2024-cü il aprelin 1-i vəziyyətinə 64,4 min aztəminatlı ailənin 276,7 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 113,09 manat təşkil edib.

Eyni zamanda, müxtəlif kateqoriyadan olan 395,7 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
11
xalqcebhesi.az

10Mənbələr