AZ

Azərbaycanda uşaqlar hər gün internetdə 5 saat vaxt keçirir - Vəziyyət təhlükəli həddə çatıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda uşaqlar arasında internetdən istifadə səviyyəsinin ölçülməsi ilə bağlı araşdırma aparıb. Azərbaycanın 11 rayon və şəhərində yaşayan 6-18 yaş aralığındakı 2 min 18 uşaq arasında sorğu da keçirilib. Sorğu sonucları göstərib ki, ölkədə uşaqlar arasında internetdən istifadə yüksək səviyyədədir. Sorğuya qatılanların 75 faizi internetdən hər gün yararlandığını bildirib. Sorğu iştirakçılarının 20 faizi internetdən hər həftə, 5 faizi isə hər ay istifadə etdiyini söyləyib. Sorğu nəticələrinə görə, uşaqların 58 faizinin fikrincə, internetsiz həyat darıxdırıcı, boş və sevincsiz olardı.

Uşaqların internetdən günlük istifadə müddəti ilə bağlı sualın analizi göstərir ki, uşaqların 35 faizi internetdə hər gün 5 saatdan çox vaxt keçirir. Sorğuya qatılanların 31 faizi hər gün 3-5 saat aralığında internetdə vaxt keçirdiyini deyib. Sorğu sonucları uşaqlar arasında onlayn tanışlıqların da yetərincə geniş yayıldığını göstərir.

Sorğuda qatılan 18 yaşadək uşaqların 53 faizi (1 min 64 nəfəri) internetdə tanış olduğu şəxslə gerçək həyatda görüşdüyünü bildirib. İştirakçıların 27 faizi internetdə tanış olduğu heç kimlə görüşmədiyini, daha 20 faizi isə şəxsən tanımadığı insanlarla internetdə danışmadığını söyləyib. Sorğuya qatılan uşaqların 6 faizi internetdən tanıdığı biri tərəfindən zorakılıq gördüyünü qeyd edib.

Sorğu nəticələrinə görə, uşaqlar internetdə ən çox sosial şəbəkələrdən (Instagram, TikTok, Facebook) yararlanırlar. Respondentlərin 22 faizi internetdən ən çox sosial şəbəkələrə daxil olmaq üçün faydalandığını deyib. Respondentlərin 21 faizi internetə ən çox yazışma proqramlarından istifadə etmək, daha 21 faizi isə axtarış sistemlərindən yararlanmaq üçün baş vurduğunu vurğulayıb. Uşaqların internet istifadəsində Youtube-un (13 faiz), onlayn oyunların (9 faiz) və onlayn film saytlarının da (8 faiz) nisbətən yüksək payı var.

Sorğu sonuclarının analizi göstərir ki, uşaqlar internetə daha çox mobil telefon vasitəsi ilə daxil olurlar. Sorğuya qatılan uşaqların 93 faizi internetə mobil telefonla bağlandığını deyib. Sorğu iştirakçılarının 37 faizi valideynlərinin kompüter və ya telefonu ilə də internetə daxil olduğunu bildirib. Uşaqlar arasında internet-klublardan internetə bağlananların özəl payı 13 faiz civarındadır.

Sorğu sonuclarından görünür ki, Azərbaycanda ata-anaların böyük bölümü uşaqların internetdən istifadəsinə o qədər müdaxilə etmir. Sorğu iştirakçılarının 67 faizi bildirib ki, valideynləri onların internetdən istifadəsi ilə bağlı heç bir qayda qoymayıb. Sorğuya qatılanların cəmi 30 faizi onların internetə girişini ata-analarının məhdudlaşdırdığını və ya bu bağlantıya vaxt limiti qoyduğunu deyib. Sorğuya qatılanların cəmi 3 faizi ata-analarının valideyn nəzarət proqramlarından istifadə etdiyini söyləyib.

Sorğu nəticələrinə görə, uşaqların 67 faizi internetdən aldığı bilgiləri heç vaxt valideynləri ilə müzakirə etməyib. Daha 21 faizlik bölüm internetdən əldə etdiyi bilgiləri tək-tək hallarda ata-anası ilə dartışır. Respondentlərin cəmi 1 faizi internetdən aldığı bilgiləri hər zaman valideynləri ilə müzakirə etdiyini söyləyib.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
azpolitika.info

1Mənbələr