AZ

Gizli video və şəkillər vətəndaşın hansı hüquqlarını pozur? - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Xanlar Sətullayev deyib.

O bildirib ki, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir: "Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Yalnız əməliyyat-axtarış fəaliyyətinin subyektləri “Əməliyyat-Axtarış fəaliyyəti haqqında” qanunun 10-cu maddəsinə görə məhkəmə qərarı əsasında telefon danışıqlarına qulaqasma, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, insanların güdülməsi, əşya və sənədlərin tədqiqi kimi əməliyyat-axtarış tədbirləri tətbiq edə bilərlər. “Əməliyyat-Axtarış fəaliyyəti haqqında” qanunla müvəkkil edilməmiş fiziki və hüquqi şəxslər tərəfindən əməliyyat-axtarış tədbirlərinin aparılması, habelə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən (yəni əməliyyat-axtarış tədbirləri çərçivəsində informasiyanın gizli yolla əldə olunması məqsədilə xüsusi olaraq yaradılmış, işlənib hazırlanmış, istehsal olunmuş, proqramlaşdırılmış, təkmilləşdirilmiş avadanlıqlar, cihazlar, qurğular, ləvazimatlar və digər texniki vasitələr) istifadə olunması qadağandır".

"Həmçinin həmin qanuna görə, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyalara aiddir. Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinə müvəkkil edilməmiş fiziki və hüquqi şəxslər tərəfindən onların istehsalı, satışı, əldə edilməsi, ölkəyə gətirilməsi və ölkədən çıxarılması yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada verilən xüsusi icazə əsasında həyata keçirilə bilər.

“Media haqqında” qanunun 21-ci maddəstinə əsasən, gizli audio və video yazılardan, foto çəkilişlərindən istifadə etməyə və ya onları yaymağa yalnız barəsində gizli audio və ya video yazısı, foto çəkilişi aparılmış şəxsin bu materiallardan istifadəyə və ya onların yayılmasına yazılı razılığı varsa, habelə digər şəxsin (şəxslərin) Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş hüquq və azadlıqlarının qorunması üçün zəruri tədbirlər görülmüşdürsə və yaxud məhkəmənin qərarı ilə nümayiş etdirilirsə icazə verilir. Qanunun tələblərini pozaraq gizli audio-video yazılardan, film və foto çəkilişlərindən istifadə olunması və onların yayılması qadağandır.

Qeyd edim ki, son illərdə gizli video və səs yazan qurğuların onlayn qaydada satışı həyata keçirilir. Vətəndaşlar bilməlidirlər ki, bu cür vasitələrin satışını həyata keçirənlərlə yanaşı onları alıb istifadə edənlər də məsuliyyət daşıyırlar" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
sia.az

1Mənbələr