AZ

Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Tərtərin Kəbirli kəndində keçirilib

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Kəbirli kəndində keçirilib...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Kəbirli kəndində keçirilib.

Qəbulda YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  rayon şöbəsinin rəis vəzifəsini icra edən Pərviz Hüseynov, rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədov, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə icra başçısı şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon rəhbəri qəbulda Mayın 11-də Şuşanın Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşaİslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasiminin keçirilməsindən, həmin mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin  və birinci xanım Mehriban Əliyevanın iştirakından, dövlət başçısının tədbirdəki tarixi çıxışından danışıb. O, prezidentin çıxışından  bəzi məqamları diqqətə çatdırıb: “... işğala baxmayaraq, Şuşa öz ruhunu - Azərbaycan ruhunu qoruyub saxlaya bildi. Biz Şuşa azad olunandan sonra Şuşaya qayıtdıqda bir daha hər birimiz bunu görmüşük və dəfələrlə görürük. Şuşaya gələn hər bir insan əyani şəkildə görür ki, burada Azərbaycan ruhu var. Şuşa işğal, əsarət dövründə əyilmədi və biz – Azərbaycan xalqının nümayəndələri Şuşaya qayıtmalı idik. Qan tökərək, şəhidlər verərək, - Allah bütün şəhidlərimizə rəhmət eləsin, - Şuşanın azad edilməsi, şəhər döyüşləri nəticəsində azad edilməsi tariximizin parlaq səhifəsidir.

Qeyd etdiyim kimi, Şuşa mədəniyyət ocağı kimi tanınsa da, hazırda, eyni zamanda, qəhrəmanlıq rəmzidir, zəfər rəmzidir və sülhün rəmzidir. Çünki məhz Şuşanın azad olunmasından sonra işğalçılar tam anladılar ki, müqavimət göstərmək onlara heç nə verməyəcək və beləliklə, bu gün biz Şuşanı tam haqlı olaraq sülhün rəmzi kimi qiymətləndirə bilərik.”

Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Kəbirli kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb, bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.

Qeyd olunub ki, Kəbirlii kənd İƏD-nin 700 hektar ərazisi, 242 təsərrüfatı, 820 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 kitabxana,  1 tibb məntəqəsi,  6 ticarət oyekti, 2 iaşə obyekti, 2 məişət obyekti faəliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 542 baş iribuynuzlu, 622 baş xırdabuynuzlu heyvan, 4161 baş quş, 54 arı ailəsi saxlayırlar.

Son üç ildə Kəbirli kəndində 6.5 km məsafədə kəndarası yollar təmir edilib, su arxları 4 km məsafədə lildən təmizlənib, kənd ərazisində 1500 ədəd çəkil, 50 ədəd eldar şamı, 110 müxtəlif növ ağac əkilib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.

Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.

Sonra söz sakinlərə verilib.

Kənd sakinlərindən Qabil Əsədov işlə təmin olunma, Fəqan Orucov evinə gələn qaz xəttinin bərpa olunması, Qafar Orucov pay torpaq sahəsinə gedən yolun zəbt olunması və digər məsələlər ilə bağlı müraciət ediblər.

Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri  və qazilərə  göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Poliqon.info

 

 

Fotolar



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
1
poliqon.info

2Mənbələr