AZ

Sabiq nazir 20 il müddətinə azadlıqdan məhrum edildi

İsveçrə məhkəməsi Qambiyanın keçmiş prezidenti Yəhya Cammeh hökumətinin daxili işlər naziri Ousman Sonkonu bəşəriyyətə qarşı cinayətlər törətdiyinə görə 20 il müddətinə azadlıqdan məhrum edib.

KONKRET.az xəbər verir ki, 2016-cı ilin sentyabrında Qambiyada daxili işlər naziri vəzifəsindən azad edilən Sonko 2016-cı ilin noyabrında İsveçrədən sığınacaq üçün müraciət edib və 2017-ci ilin yanvarında saxlanılıb.

2023-cü ilin aprelində İsveçrə prokurorları Sonkonu 2006-2016-cı illər arasında daxili işlər naziri olduğu müddətdə işgəncə, zorlama və məhkəmədənkənar qətllər kimi insanlığa qarşı cinayətlərdə ittiham ediblər. Sonko isə heç bir cinayət törətmədiyini və o dövrdə Qambiyada heç bir insanlığa qarşı cinayət törədilmədiyini iddia edib.

Qeyd edək ki, keçmiş prezident Cammeh 22 iyul 1994-cü ildə hərbi çevrilişlə Qambiyada hökuməti ələ keçirib və ölkəni 22 il idarə edib.

Yahya Cammeh hakimiyyəti dövründə işgəncə, zorlama və məhkəməsiz qətllər kimi müxtəlif insan haqları pozuntularında ittiham edilib və 2016-cı il dekabrın 1-də keçirilən prezident seçkilərində rəqibi Adama Barrouya uduzub.

Nəticələri qəbul etməyən Cammeh hakimiyyətdən getmək çağırışlarını rədd edib.

2017-ci il yanvarın 19-da hakimiyyəti Barrouya təhvil verməli olan Cammeh yanvarın 17-də 90 günlük fövqəladə vəziyyət elan edib. Bundan sonra təzyiqlərə tab gətirə bilməyən Cammeh 2017-ci il yanvarın 21-də ölkəni tərk edərək Ekvatorial Qvineyaya gedib.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
konkret.az

1Mənbələr