AZ

Qurban Qurbanov demişkən...

Futbol ictimaiyyətinin səbrsizliklə gözlədiyi İcraiyyə Komitəsinin iclası, nəhayət, dünən keçirildi.

AFFA-nın inzibati binasında saat 15.00-da başlayan toplantı 19.15-də sona çatdı. Düzü, iclasın bir neçə saat davam etməsi məni narahat etməyə başlamışdı. Çünki sabiq söz sahibləri adamı bu qədər intizarda saxlamırdı. Maqsud Adıgözəlovun hansısa gərginliyin olmadığını deməsi bu yöndə şübhələrə son qoydu. Məqam yetişəndə məlum oldu ki, müzakirə olunanlar və qəbul edilən qərarlar ürəyimcədi!

Bilindiyi kimi, əsas məsələ premyer-liqada komanda sayının artırılması idi. Bu yöndə düzgün qərar verildiyinə əminəm. Hələ qəzetimizin ötən saylarında qeyd etmişdim ki, belə addım problemlərin sayını artırmaqdan başqa nəyəsə xidmət etməyəcək. İndi infrastrukturla bağlı çatışmazlıqlar başda olmaqla bir çox mövzuya diqqət ayrılmalıdı. Qoy hələ futbolçular mövsüm ərzində bir-birini görməkdən bezməsin, zəhlələri getməsin, səbirli olsunlar. İnkişaf üçün zaman lazımdısa və rəhbərlikdə təmsil olunan şəxslər özlərinə inanırlarsa, gözləyək...

Son ayların ən aktual mövzusu da həllini tapdı. Belə ki, “Qəbələ”yə hansısa güzəştdən söhbət getmir. Bəli, idman prinsipləri qorundu. “Qırmızı-qaralar” növbəti mövsüm 1-ci liqada çıxış edəcək. Belədə daha əvvəl də vurğuladığım kimi, “Şamaxı” və “Kəpəz” başda olmaqla qalan klublara qarşı ədalətli yanaşma reallaşdı. Nəticədə mayın 16-da keçiriləcək “Qaradağ Lökbatan” – “Şamaxı” matçının əhəmiyyəti birəbeş artdı. Bir oyun olacaq ki, gəl görəsən!

Legioner limitinin artırılmamasına gəlincə, limit “8+3” olsa, yerli futbolçular arasında mövqe uğrunda gərgin mübarizə izləyəcəkdik. Sözsüz, bu, çoxlu ortabab oyunçudansa, “az olsun, saz olsun” məntiqinin qələbəsi ilə nəticələnəcəkdi. Belə fürsəti bir il gecikdirdik. Burda söz sahiblərinin yerli futoblçulara şans verdiyi hiss olunur. İndi gənclər qarşıdakı bir ildə “gözə girməlidilər”.

Ümumiyyətlə, bundan sonra maliyyə məsələləri ön planda tutulmalıdı. Ya klublara ayrılan maliyyə dəstəyi artırılmalı, ya da sponsorun tapılması yönündə müəyyən işlər görülməlidi. Çünki premyer-liqa təmsilçilərinin əsas çatışmazlığı yetərli büdcəsinin olmamasıdı. Bundan başqa, 1-ci liqadan elitaya gəlmək istəyən komanda tələbləri tam yerinə yetirməlidi! Şəxsən mən uyğun stadionu olmayan klubu premyer-liqamızda görmək istəmirəm. Bakıda idman qurğusu icarəyə götürmək ənənəsinə son qoyulmalıdı! Bütün komandalar təmsil etdiyi bölgədə, öz azarkeşlərinin qarşısında meydana çıxmalıdı. Qısası, növbəti “Araz-Naxçıvan” örnəyinə rast gəlməməliyik.

Sevindirici məqamlardan biri də İcraiyyə Komitəsinin növbəti iclaslarının da tezliklə keçiriləcəyidi. Yəni aradakı zaman məsafəsi uzun olmayacaq. Haqlıdılar. Bütün problemlərin geniş müzakirəsi və düzgün həll yolu üçün məntiqli düşüncə tərzi belə də olmalıydı. Qurban Qurbanov demişkən, düşünülən fikirlərin hamısını birdən-birə icra etmək asan deyil. Bu üzdən bir araya gəlmək, müxtəlif ehtimalları nəzərə alıb ən real variantların üzərinə dayanmaq lazımdı.

Bəli, problemlər qalır. Çoxdu, lap çox... İşlər səbr və təmkinlə görülməlidi. Bundan sonrakı iclaslarda yayın keyfiyyətinin artırılması, azarkeşlərin stadionlara cəlb edilməsi, meydanda güclü rəqabət mühitinin formalaşdırılması, ən müasir standartlara uyğun baza, stadion və akademiyaların inşası, uşaq və qadın futbolu, ən əsası, millimizlə bağlı məsələlər də müzakirəyə çıxarılmalıdı. Bir sözlə, yeni İcraiyyə Komitəsi idman prinsipinə sadiq qaldı, aktual məsələləri saatlarla müzakirə etdi. Ümid edirik ki, həmişə belə olacaq!

KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
football-plus.az

1Mənbələr