AZ

Qoca Avropa elə bir duruma gəlib ki, yazıçı siyasətçini güllələyir

Bax belə. Qoca Avropa yenidən elə bir duruma gəlib ki, qələm adamı günün günorta çağı hər kəsin gözü önündə siyasət adamını güllələyir.

Söhbət Slovakiyanın baş naziri Robert Fitsonu güllələyən 71 yaşlı yazıçı Juray Chintula`dan gedir. "Zorakılığa qarşı hərəkat"a (“Hnutie protiv nasiliu”) rəhbərlik edən yazıçı bu qanlı aksiyanı gerçəkləşdirməklə özü də zorakılıq törədib. Sanki siyasi romanlardakı kimi...

Onun yazılarından da açıq-aşkar görünür ki, sözdə zorakılığın əleyhinə çıxsa da, lakin əsl həqiqətdə isə radikal solçu, devrimçi adamdır. O, öz fikirləri ilə insanları zorakılığa kökləməyə çalışıb.

Lakin onun bu qanlı siyasi terroru sırf öz ağlının hökmü ilə, təkbaşına törətməsi inandırıcı deyil. Bu, sifarişli qətlə, hansısa gizli mərkəzdən yönləndirilən planlı terakta daha çox bənzəyir.

Bakıya səfərində Avropa İttifaqını (Aİ) kəskin tənqid edən, Qərbin Ukrayna siyasətinin yanlış olduğunu bəyan edən, Slovakiyanın tam olaraq Aİ-nin köləsinə çevrilməməsi üçün maksimum dirəniş göstərən Robert Fitsonun bir yazıçının əli ilə aradan götürülməsi cəhdi əslində çox əla düşünülmüş "ssenari" və ideal "maskirovka"dır.

İndi Qərb dünyasının bir parçası olub da, eyni zamanda müstəqil siyasət yürütmək olduqca müşkül və həm də təhlükəli məsələdir. ABŞ və Avropa İttifaqı müstəqil siyasət yürüdən dövlət və hökumət başçılarını həzm etmir. Bu terakt da çox güman ki, bağımsız siyasət yürütmək istəyən liderləri qorxutmağa hesablanıb.

Lakin Tanrının iradəsini də göz ardı etmək olmaz. Bəli, məhz Tanrının iradəsi bu sui-qəsdin ölümlə nəticələnməsinin qarşısını alıb. Fitso ağır yaralansa da, sağ qaldı, qatil isə ələ keçdi. Bu isə yəqin ki, tezliklə əsl həqiqətlərin üzə çıxmasına imkan verəcək.

P.S.

Bu arada 2024-cü ilin Avropası həqiqətən də keçən əsrin 30-cu illərinin Avropasına və ya "narodovolçu" terrorçuların at oynatdığı 19-cu əsrin Rusiyasına bənzəməyə başlayıb. İdeoloji mübarizələr yenidən terror aktları ilə, sui-qəsdlərlə çulğaşmaya başlayır. Siyasi rəqibləri teraktlar, sui-qəsdlər vasitəsilə zərərsizləşdirmək, aradan götürmək "dəb"i yenidən geri qayıdır.

P.P.S.

Bu sui-qəsd həm də 1914-cü il iyunun 28-də Avstriya-Macarıstan taxt-tacının vəliəhdi Frans Ferdinandın serb millətçisi Qavrila Prinsip tərəfindən öldürülməsi hadisəsini xatırladır. Həmin hadisə Birinci Dünya müharibəsinin başlanması üçün bəhanə rolunu oynamışdı.

Tarix təkrar olunmağı və təkrar oxunmağı çox sevir...

(ardı var)

Bəybala Mirzəyev

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
visiontv.az

1Mənbələr