AZ

“Xəzri”nin basketbolçusu: “Sabah”dan çəkinmirik, çempion olmaq istəyirik - MÜSAHİBƏ

“Xəzri”nin

Bakı, 16 may, AZƏRTAC

Azərbaycan Basketbol Liqasının final seriyasında bu gün “Sabah”la qarşılaşacaq “Xəzri” komandasının kapitanı Amil Həmzəyev ilk oyundan əvvəl AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

- Pley-off mərhələsinin yarımfinalında "NTD-İndiqo"ya qalib gələrək həlledici qarşılaşmaya vəsiqə qazandınız. Əvvəlcə həmin oyunla bağlı fikirlərinizi bilmək maraqlıdır…

- Rəqibi təbrik edirəm. Sonadək mübarizə apardılar. Bildiyiniz kimi, müntəzəm çempionatı ilk iki pillədə bitirən komandalar birbaşa yarımfinala vəsiqə qazanırlar. Sanki bu, "NTD-İndiqo"nun oyununa təsir etmişdi. Seriyanın ilk matçındakı hesab da bunu göstərirdi. Onlar ikinci qarşılaşmaya yaxşı hazırlaşmışdılar. Hətta böyük fərq də yarada bildilər. Lakin müdafiədə etdiyimiz taktiki gedişlər görüşün taleyini dəyişdi və əlavə vaxtda onları məğlub etməyi bacardıq.

- Bəlkə də çoxları debüt mövsümündə “Xəzri”nin finala vəsiqə qazanacağına inanmırdı. Bəs, siz komanda olaraq bu nəticəni gözləyirdiniz?

- Düşünürəm ki, uğur gözləməyənlərin özündə problem var. Biz isə finala vəsiqə qazanacağımıza çox inanırdıq. Düzdür, mövsümün ortasında heyətdə bəzi dəyişikliklər olsa da, oyun ritmini qoruya bildik. Yerli basketbolçular olaraq əlimizdən gələni etdik. Səid İsmayılovun çıxışı isə möhtəşəm idi. Meydanda sonadək döyüşürdü.

- Finaldakı rəqibiniz son çempion "Sabah" olacaq. Bu komanda matça ciddi itki ilə çıxacaq. Şansları necə qiymətləndirirsiniz?

- "Sabah"ın kapitanı Endər Poladxanlı bugünkü matçda komandasına kömək edə bilməyəcək. Əlbəttə, buna görə də müəyyən planlarımız var. Lakin Endərin olub-olmaması böyük fərq deyil. Heç bir komanda bir oyunçudan asılı olmur. Rəqibdən çəkinmirik. Meydana çıxıb öz oyunumuzu nümayiş etdirəcəyik.

- Ötən mövsüm "Gəncə"nin heyətində finalda "Sabah"a uduzmuşdunuz. Necə düşünürsünüz, həmin məğlubiyyətin əvəzini çıxmaq mümkün olacaq?

- Ötən il “Gəncə”nin finalda “Sabah”a qarşı keçirdiyi qarşılaşmalar fantastik alındı. Təəssüf ki, həmin dövrdə zədəm var idi. Ancaq bu matça revanş kimi baxmıram. Çünki ötənilki “Sabah” artıq yoxdur. Yeni heyət və məşqçiləri var. Əgər bura qədər gəlmişiksə, çempion olmaq istəyirik.

- Nəticədən asılı olmayaraq, növbəti mövsüm də "Xəzri"də oynamağa davam edəcəksiniz?

- Hələ bu barədə qərar verməmişəm. Bütün diqqətimi "Sabah"la final oyununa yönəltmişəm. Təkliflər var. Hətta bunların biri ölkə xaricindəndir. Düşünürəm ki, yenidən Azərbaycan basketbolunun adını Avropada təmsil edə bilərəm. Həm də bu, ikinci "bahar"ımı yaşamağıma səbəb ola bilər. Hər şeyi zaman göstərəcək. İndi dəqiq heç nə yoxdur.

- Artıq 33 yaşınız var. Daha neçə il oynamağı düşünürsünüz?

- Məncə, zədə və ya digər probemlər olmasa, daha 4 mövsüm peşəkar karyeramı davam etdirə bilərəm. Görsəm ki, kömək edə bilərəm, komandada qalaram. Amma oynamadan və yalnız adıma görə heyətdə yer almaq istəmirəm. Fayda verəcəyimiz yaşa qədər basketbolla məşğul olmaq niyyətindəyəm. Bundan sonra isə ölkə idmanının uğurları üçün əlimdən gələni etməyi planlayıram.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
azertag.az

1Mənbələr