AZ

“COP29 iqlim dəyişikliyilə mübarizədə beynəlxalq ictimaiyyəti səfərbər edən güc olacaq” - Könül Nurullayeva

"Azərbaycanın yekdilliklə COP29-un ev sahibi kimi dəstəklənməsi milli, regional və qlobal miqyasda iqlim dəyişikliyi probleminin həllində ölkəmizin liderliyinin və səylərinin qəbul edildiyini göstərir. COP29-a ev sahibliyi etməklə Azərbaycan iqlim dəyişikliyi ilə bağlı problemlərin həllində qlobal həmrəyliyi daha çox təşviq etməyə sadiq olduğunu göstərir. Bütün səylər bu təxirəsalınmaz işə böyük töhfə verməyə yönəlib. Prezident İlham Əliyevin də söylədiyi kimi, biz buna beynəlxalq arenada ən təxirəsalınmaz məsələnin praktiki həllinə töhfə vermək imkanı kimi baxırıq".

Bu sözləri Ednews-a açıqlamasında deputat xanım Könül Nurullayeva deyib. Onun sözlərinə görə, COP29 Şimal, Cənub, Şərq və Qərbi birləşdirən, qlobal istiləşmənin dayandırılmasında irəliləyiş əldə etmək üçün beynəlxalq ictimaiyyəti səfərbər edən güc olacaq.

"İqlim maliyyəsi COP29-da danışıqların mühüm hissəsi olacaq. COP29-da “İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədi” (NCQG) razılaşdırmaq üçün konstruktiv şəkildə birlikdə işləməliyik. 

COP29 rəhbərliyi iqlim maliyyələşdirməsini gücləndirmək və ehtiyac duyduğumuz dəstəyə nail olmaq üçün çoxtərəfli maliyyə institutları, özəl sektor, maliyyə xidmətləri sənayesi kimi geniş spektrli tərəfdaşlarla işləyir. İqlim fəaliyyətinin bu kritik onilliyində hər kəsin öz üzərinə düşən vəzifəni yerinə yertirməsi vacibdir.

Təbii ki, yaşıl kapital bazarlarını dərinləşdirmək üçün maliyyə xidmətləri sənayesinə ehtiyac var. Bu, bizə planetin mühafizəsinin fayda verdiyinə əmin olmaq üçün iqlimə müsbət təsir göstərən iqtisadi modellər yaratmağa imkan verəcək.

Ölkəmizdə “yaşıl enerji” sənayesinin inkişafı üçün müvafiq normativ-hüquqi aktlar qəbul olunur, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, Naxçıvan Muxtar Respublikası “yaşıl enerji” zonaları elan edilməsi də bu strategiyanın tərkib hissəsidir. 2030-cu ilədək Azərbaycanda elektrik enerjisi istehsalında bərpa olunan mənbələrin payı 30%-ə çatacaq.
Azərbaycan xarici tərəfdaşları ilə birlikdə bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədilə böyük layihələr reallaşdırmağa başlayıb. Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi qlobal tədbirin reallaşması ilə bağlı müvafiq texniki-təşkilati tədbirlər həyata keçirir.

Məlumdur ki, iqlim dəyişikliyi milli sərhədləri aşan qlobal çağırış və bu günün real təhlükəsidir. Ona görə də daha geniş miqyasda və daha sürətli şəkildə hərəkətə keçməyin vaxtıdır.

İqlim uyğunlaşması iqlim dəyişikliyinə qlobal reaksiya üçün kritik rol oynayacaq. Zərərin aradan qaldırılması və uyğunlaşma daha yüksək səviyyələrdə maliyyə öhdəlikləri tələb edir. İtki və zərərlərə cavab vermək üçün səylərin birləşdirilməsi vacibdir.

Bu əməkdaşlığın bir hissəsi olaraq, Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin növbəti mərhələsində ambisiyaları stimullaşdırmaq üçün beynəlxalq əməkdaşlığı əhəmiyyətli dərəcədə artırmaq əsas hədəflərdən biridir. Bu mənada 
BƏƏ, Azərbaycan və Braziliya arasında COP çərçivəsində yaradılan Üçlük mexanizmi çox uğurlu addımdır. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, bu üçlükdə birlikdə olmaq bir sinerji, koordinasiya və proqnozlaşdırma yaradır.
Biz COP29-da inklüziv nəticələr verən inklüziv prosesi təşviq etmək üçün çalışırıq. Yalnız inklüziv COP vasitəsilə real irəliləyişə nail ola bilərik. İqlim böhranı ilə mübarizə aparmaq üçün kollektiv marağa diqqət yetirilməsi olduqca vacibdir.
Gənclər, QHT-lər də yaşıl dünya naminə həmrəylik içində birgə irəliləməlidir. COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycan nümunəvi mövqe göstərir, çünki biz iqlimlə bağlı tədbirləri milli planlarımızın mərkəzinə daxil edirik. Azərbaycan yaşıl inkişafı əsas prioritetlərindən birinə çevirib. 2024-cü ilin ölkəmizdə “Yaşıl Dünya üçün Həmrəylik İli” elan edilməsilə iqlimlə bağlı fəaliyyətə milli səviyyədə və onun hüdudlarından kənarda təkan verilməsinə nail olunub. Təsadüfi deyil ki, bu gün Azərbaycan yaşıl enerjiyə keçid sahəsində regional liderdir. Bir çox ölkələr COP29-u qlobal miqyasda iri ekoloji tədbirlərin keçirilməsində Azərbaycanın təcrübəsini öyrənmək üçün imkan hesab edir. Eyni zamanda ölkəmiz alternativ enerji mənbələrinə uğurlu keçid nümunəsi kimi qiymətləndirilir.

Ümumiyyətlə, COP29-a ev sahibliyi etmək Azərbaycan üçün  böyük məsuliyyətdir. Prezident İlham Əliyevin iqlim dialoqunda bəyan etdiyi kimi, biz nəinki yaxşı tədbir təşkil etməli, o cümlədən yaxşı nəticələrə nail olmalıyıq".

Əkbər 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
50
ednews.net

10Mənbələr