AZ

Bakıdakı basqında güllə yarasından ölən Vətən müharibəsi iştirakçısı olub – MƏHKƏMƏ İŞİ 

Bakı Ağır Cinayətlər Məhkəməsində “Bravo” hipermarketin qarşısında silahlı insidentlə bağlı araşdırmalar davam edir.

Musavat.com xəbər verir ki, müttəhimlər kürsüsünə Azər Məmmədov, Dəyanət Qüdrətov, İbrahim İbrahimov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılov çıxarılıblar.

Rövşən İsmayılov isə hadisədən sonra polisə müqavimət göstərərkən məhv edilən Ruhlan İsmayılovun atasıdır.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahidlərin dindirilməsi mərhələsidir.

Şahidlərin bir neçəsi məhkəməyə gəlməyib. Hakim proses iştirakçılarından həmin şahidlərin istintaqa verdikləri ifadələrinin məhkəmədə elan edilməsinə etiraz edib-etmədiklərini soruşub. Tərəflərin razılığından sonra şahidlərin istintaqa verdikləri ifadələri elan edilib. İlk olaraq hipermarketə silahlı basqın zamanı həlak olan Rüfət Həşimovun bacısı Gülnarə Yarovanın istintaqa verdiyi ifadə elan edilib. Hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində “Unibank”ın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimovun isə aldığı güllə yarası ölümcül olub.

RUFET.jpg

Gülnarə Yarova ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, Rüfət Həşimov onun doğma qardaşı olub, 44 günlük Vətən müharibəsində iştirak edib, medallarla təltif olunub:

“Qardaşım 2023-cü ildə Almaniya vətəndaşı olan Yevgeniya adlı qadınla evlənmişdi. Bu hadisə baş verməsəydi, Almaniyaya – həyat yoldaşının yanına gedəcəkdi. Hadisə barədə qohumlardan eşitdim. Zəng vurub dedilər ki, sosial şəbəkələrdə Əhmədlidəki “Bravo”ya basqın olunması ilə bağlı xəbərlər yayılıb”.

Məhkəmədə iştirak etməyən digər şahid Saday Hüseynzadə ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, Dəyanət Quliyevlə aralarında dostluq münasibəti olub:

“Dəyanət silahlarla maraqlanırdı. Məndən əl çəkmirdi ki, dayın oğlundan soruş gör silahı neçəyə satır. Silahı 3 min manata satdığını dedim. Sonra dedi ki, basqın planlaşdırırıq, 200 min manatdan çox pulu götürüb qaçacağıq. Hətta Ruhlan tapança çıxarıb “zarafat etmirik, silahımız da var” dedi”.

İfadəsi elan edilən növbəti şahid Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili olub. Polis əməkdaşı istintaqa verdiyi ifadəsində göstərib ki, təqsirləndirilən Azər Məmmədovun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə baş idarəyə məlumat daxil olub. Daxil olan məlumat əsasında əməliyyat qurupu yaradılıb. Azər Məmmədovun yeri müəyyən edildikdən sonra onu saxlayıb idarəyə gətiriblər. Üzərində axtarış aparılıb, 5 büküm narkotik vasitə aşkarlanaraq götürülüb.

Təqsirləndirilən Azər Məmmədov və müdafiəçisi Pərviz Məmmədov polis əməkdaşının ifadəsinə etirazlarını bildiriblər.

Azər Məmmədov istintaq zamanı ifadəsini təzyiq altında verdiyini, xəbəri olmayan sənədlərə imza atdığını deyib. Daha sonra prosesdə sənədlərin tədqiqi mərhələsinə başlanılıb. İttihama görə, 2023-cü ilin martın 4-də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən paytaxtın Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketinə edilən silahlı basqın nəticəsində xidməti vəzifəsini yerinə yetirərək orada quraşdırılmış və “Unibank Kommersiya Bankı” ASC-yə məxsus bankomata pul vəsaitlərini yerləşdirən Samir Şeydayevə ağır xəsarət yetirilməsi, onun mühafizəsini təşkil edən Rüfət Həşimovun isə öldürülməsi, eləcə də külli miqdarda pul vəsaitinin ələ keçirilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb. Keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov tutularkən polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

Ölmüş təqsirləndirilən Ruhlan İsmayılovun qeyd edilən cinayətdə təqsiri istintaq zamanı tam sübuta yetirilmiş olsa da, onun barəsində cinayət yeni xarakterli xüsusatlar aşkar edildiyinə görə iş materiallarından barəsində cinayət işi ayrılaraq istintaqı davam etdirilir.

Cinayətin törədilməsində istifadə edilən “AKS Lancaster-03” markalı yivsiz ov tüfəngi, “Makarov” tipli tapança, həmçinin təqsirləndirilən şəxslərin yaşadığı ünvandan “Minta37” markalı tapança, çoxsaylı döyüş sursatları, “Unibank Kommersiya Bankı” ASC-yə məxsus 16 min 835 manat və 20 min 100 ABŞ dolları məbləğində pul vəsaitləri aşkar edilib. Məlum olub ki, təqsirləndirilən şəxslərdən Babək İsgəndərov müharibə veteranıdır, Füzuli və Xocavəndin azad olunması medalları ilə təltif olunub. Digər təqsirləndirilən Rövşən İsmayılov isə hadisədən sonra polisə müqavimət göstərərkən məhv edilən Ruhlan İsmayılovun atasıdır.

Proses mayın 29-da davam edəcək.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
musavat.com

1Mənbələr