AZ

"Ailə institutunun dayaqlarının zədələnməsi hamımızda haqlı olaraq narahatlıq doğurur" - ELMƏDDİN BEHBUD

"Boşanmaların sayı ölkənin şəhər və rayonları üzrə müxtəlif rəqəmlərlə ifadə olunsa da, demək olar ki, hamısında il-ildən artım müşahidə olunur"

"BMT Baş Assambleyası 1993-cü ildə hər il may ayının 15-nin “Beynəlxalq Ailə Günü” kimi qeyd olunması barədə qərar qəbul edib. 1994-cü ildən etibarən bu tarix dünyada, 2008-ci ildən isə Azərbaycanda Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Azərbaycanda ailə institutunun dayaqlarının zədələnməsi və boşanma halların artması hamımızda haqlı olaraq narahatlıq doğurur". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Demokratik Azərbaycan Naminə" gənclərin İctimai Birliyinin (DANİB) sədri, siyasi analitik Elməddin Behbuda məxsusdur.

Siyasi analitik bildirib ki, 2024-cü ilin yanvar-fevral aylarında 6739 nikah və 3456 boşanma halları qeydə alınıb: "Bu, onu göstərir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,0-a düşüb, boşanmaların sayı isə 1,8-dən 2,1-ə qədər artıb. Bu, üzücüdür. 2023-cü ildə 54 200 nikaha daxilolma və 21 688 boşanma, 2022-ci ildə 61939 nikaha daxilolma və 15983 boşanma, 2021-ci ildə 56,314 min nikah və 17,191 min boşanma halı qeydə alınıb. Şübhəsiz ki, bunun ciddi mədəni, sosial, humanitar səbəbləri var".

O əlavə edib ki, boşanmaların sayı ölkənin şəhər və rayonları üzrə müxtəlif rəqəmlərlə ifadə olunsa da, demək olar ki, hamısında il-ildən artım müşahidə olunur: "Yeganə istisna Naxçıvan şəhəri inzibati ərazi vahidinə daxil olan (Naxçıvan şəhəri, Əliabad qəsəbəsi, Qaraxanbəyli kəndi, Qaraçuq kəndi və Tumbul kəndi) yaşayış məntəqələrinə aidir. 2019-cu ildə Naxçıvan şəhərinin əhalisinin sayı 94568 nəfər olub. Həmin il şəhərdə 495 nikah, 174 boşanma halı qeydə alınıb. 2023-cü ildə şəhərin əhalisinin sayı artaraq 97205 nəfərə çatıb. Nikaha daxilolma da xeyli artaraq 781-ə yüksəlib. Boşanma hadisəsi isə bir qədər azalıb və 169-a enib. Şəhərin əhalisinin ümumi sayının artması fonunda nikah və boşanma halı arasında fərqin birincinin xeyrinə daha da dərinləşməsi çox sevindiricidir. Maraqlıdır, bunun sosioloji, kultroloji, sosial və iqtisadi səbəbləri öyrənilirmi? Əgər araşdırılıbsa çox yaxşı olardı ki, nəticə ictimailəşdirilməklə yanaşı, illərdir davam edən mənfi tendensiyanın qarşısının alınması üçün ölkənin hər yerində tətbiq olunsun".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
hurriyyet.az

1Mənbələr