AZ

“Ruhlan “zarafat etmirik, silahımız da var” dedi” – “Bravo” işində yeni detallar

Bakıda “Bravo” hipermarketin qarşısında silahlı insidentlə bağlı təqsirləndirilən Azər Məmmədov, Dəyanət Qüdrətov, İbrahim İbrahimov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahidlərin bir neçəsinin məhkəməyə gəlmədikləri məlum olub.

Proses iştirakçılarından həmin şahidlərin istintaqa verdikləri ifadələrinin məhkəmədə elan edilməsinə etiraz edib-etmədiklərini soruşub. Tərəflərin razılığından sonra şahidlərin istintaqa verdikləri ifadələri elan edilib.

İlk olaraq hipermarketə silahlı basqın zamanı həlak olan Rüfət Həşimovun bacısı Gülnarə Yarovanın istintaqa verdiyi ifadəsi elan edilib.

Bildirək ki, hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində “Unibank”ın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə vəfat edib.

Gülnarə Yarova ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, Rüfət Həşimov onun doğma qardaşı olub, qardaşı 44 günlük Vətən müharibəsində iştirak edib, medallarla təltif olunub: “Qardaşım 2023-cü ildə Almaniya vətəndaşı olan Yevgeniya adlı qadınla evlənmişdi. Bu hadisə baş verməsəydi, Almaniyaya – həyat yoldaşının yanına gedəcəkdi. Hadisə barədə qohumlardan eşitdim. Zəng vurub dedilər ki, sosial şəbəkələrdə Əhmədlidəki “Bravo”ya basqın olunması ilə bağlı xəbərlər yayılıb”.

Məhkəmədə iştirak etməyən digər şahid Saday Hüseynzadə ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, Dəyanət Quliyevlə aralarında dostluq münasibəti olub: ”Dəyanət silahlarla maraqlanırdı. Məndən əl çəkmirdi ki, dayın oğlundan soruş gör silahı neçəyə satır. Silahı 3 min manata satdığını dedim. Sonra dedi ki, basqın planlaşdırırıq, 200 min manatdan çox pulu götürüb qaçacağıq. Hətta Ruhlan tapança çıxarıb “zarafat etmirik, silahımız da var” dedi”.

İfadəsi elan edilən növbəti şahid Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili olub. Polis əməkdaşı istintaqa verdiyi ifadəsində göstərib ki, təqsirləndirilən Azər Məmmədovun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə baş idarəyə məlumat daxil olub. Daxil olan məlumat əsasında əməliyyat qurupu yaradılıb. Azər Məmmədovun yeri müəyyən edildikdən sonra onu saxlayıb idarəyə gətiriblər. Üzərində axtarış aparılıb, 5 büküm narkotik vasitə aşkarlanaraq götürülüb.

Təqsirləndirilən Azər Məmmədov və müdafiəçisi Pərviz Məmmədov polis əməkdaşının ifadəsinə etirazlarını bildiriblər. Azər Məmmədov istintaq zamanı ifadəsini təzyiq altında verdiyini, xəbəri olmayan sənədlərə imza atdığını deyib.

Daha sonra prosesdə sənədlərin tədqiqi mərhələsinə başlanılıb. Növbəti prosesi mayın 29-da davam edəcək.

İttihama görə, 2023-cü ilin martın 4-də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən paytaxtın Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketinə edilən silahlı basqın nəticəsində xidməti vəzifəsini yerinə yetirərək orada quraşdırılmış və “Unibank Kommersiya Bankı” ASC-yə məxsus bankomata pul vəsaitlərini yerləşdirən Samir Şaydayevə ağır xəsarət yetirilməsi, onun mühafizəsini təşkil edən Rüfət Həşimovun isə öldürülməsi, eləcə də külli miqdarda pul vəsaitinin ələ keçirilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov tutularkən polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

Ölmüş təqsirləndirilən Ruhlan İsmayılovun qeyd edilən cinayətdə təqsiri istintaq zamanı tam sübuta yetirilmiş olsa da, onun barəsində cinayət yeni xarakterli xüsusatlar aşkar edildiyinə görə iş materiallarından barəsində cinayət işi ayrılaraq istintaqı davam etdirilir.

Cinayətin törədilməsində istifadə edilən AKS Lancaster-03” markalı yivsiz ov tüfəngi, “Makarov” tipli tapança, həmçinin təqsirləndirilən şəxslərin yaşadığı ünvandan “Minta37” markalı tapança, çoxsaylı döyüş sursatları, “Unibank Kommersiya Bankı” ASC-yə məxsus 16 min 835 manat və 20 min 100 ABŞ dolları məbləğində pul vəsaitləri aşkar edilib.

Məlum olub ki, təqsirləndirilən şəxslərdən Babək İsgəndərov müharibə veteranıdır, Füzuli və Xocavəndin azad olunması medalları ilə təltif olunub.

Digər təqsirləndirilən Rövşən İsmayılov isə hadisədən sonra polisə müqavimət göstərərkən məhv edilən Ruhlan İsmayılovun atasıdır.


Müəllif: Hacı Zeynalov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
1
teleqraf.com

2Mənbələr