AZ

Nazir müşaviri Rəşad Bayramov: Məqsədimiz güclü rəqəmsal ekosistem yaratmaqdır - MÜSAHİBƏ

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramovun "APA-Economics"ə müsahibəsi.

- Məlum olduğu kimi, Azərbaycan innovasiyayönümlü iqtisadiyyat yolunu tutub. İnnovasiyaya aparan yol rəqəmsal transformasiyadan keçir. Ölkəmizdə rəqəmsal transformasiyaya dəstək olmaq üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən hansı layihələr həyata keçirilir?

- Nazirlik və tabeli qurumlar, əsasən, ölkənin rəqəmsal transformasiyasını dəstəkləmək üçün bir sıra layihələr üzərində işləyirlər. Bu layihələr rəqəmsal infrastrukturu təkmilləşdirmək, innovasiyaları təşviq etmək və nəqliyyat sektorunda səmərəliliyi artırmaq məqsədi daşıyır. Məsələn, “mygov” , “SİMA İmza”, “BakıKart” və “AzParking” mobil tətbiqləri, “Hökumət buludu” və digər fərqli istiqamətlər üzrə bir çox layihələrimiz var.

- Bu layihələrin vətəndaş və qurumlara verdiyi üstünlüklər hansılardır?

- RİNN-in tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkənin rəqəmsal infrastrukturunun gücləndirilməsi, rəqəmsal xidmət və həllərin əlçatanlığının təmin edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi və insan kapitalının inkişaf etdirilməsi üzrə əhəmiyyətli işlər görür. Az əvvəl adını çəkdiyim “mygov” rəqəmsal hökumət portalı dövlət xidmətlərinin yeni yanaşma əsasında, yəni həyat hadisələri əsasında başdan-başa tam rəqəmsallaşdırılmış şəkildə və vətəndaşyönümlü formada təqdim olunması ilə bağlı atılan önəmli addımlardandır. Hazırda “mygov” rəqəmsal hökumət platformasında doğumun qeydiyyatı, nikahın qeydiyyatı və ölümün qeydiyyatı kimi bir neçə həyat hadisələri tam olaraq rəqəmsallaşdırılıb və yaxın zamanlarda vətəndaşların istifadəsinə veriləcək. Eyni zamanda sorğulanan fərdi məlumatların vətəndaş tərəfindən icazəsinin idarə edilməsi təmin edilib. Vətəndaşlar öz fərdi məlumatlarına tam şəkildə nəzarəti həyata keçirə bilir. Bununla yanaşı, bu yaxınlarda Agentlik tərəfindən rəqəmsal xidmətlərə vahid giriş sistemi – “digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib. Bu versiyada vətəndaşlar vahid girişlə 140-dan çox hökumət portalından maneəsiz və təhlükəsiz formada istifadə edə biləcəklər. Bütün bu funksionallıqlar, atılan vətəndaşyönümlü addımlar dövlət-vətəndaş münasibətlərində səmərəlilik və məmnuniyyət baxımından yeni səhifə açır.

- Azərbaycanda rəqəmsallaşma istiqamətində görülən işlər ətraf mühitin qorunmasına necə töhfə verir?

- Bu məqsədlə “Kağızsız hökumət”ə keçid istiqamətində işlər davam edir. Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2023-cü il tarixli 2279 nömrəli Fərmanına əsasən, İRİA tərəfindən Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi hazırlanıb. Dövlət orqanları və tabeli alt qurumlar da nəzərə alınmaqla altsistemə hazırda 1083 qurum inteqrasiya olunub. Rəqəmsal Sənəd Dövriyyəsi altsistemindən istifadə etməklə ümumilikdə 500 mindən çox kağıza qənaət edilib. Ümumiyyətlə deyim ki, istiqamətlər fərqli olsa da, əsas məqsəd vətəndaşlara, biznesə və dövlət qurumlarına fayda verən güclü rəqəmsal ekosistem yaratmaqdır.

- Rəşad müəllim, “Hökumət buludu”nu qeyd etdiniz. Son dövrlərdə mediada dövlət qurumlarının informasiya sistemlərinin “Hökumət buludu”na miqrasiyası haqda mütəmadi məlumatlar görürük. Bu layihənin məqsədi nədir və dövlət qurumlarına hansı formada töhfə verir?

- “Hökumət buludu” layihəsi Azərbaycanda dövlət qurumlarının rəqəmsallaşmasında mühüm əhəmiyyət daşıyır. RİNN-in tabeliyindəki “AzInTelecom” tərəfindən həyata keçirilən layihə çərçivəsində dövlət qurumlarına məxsus məlumatlar və informasiya sistemləri data mərkəzlərində saxlanılmaqdadır. Əsas məqsədimiz “bulud” xidmətləri üçün texnoloji mühitin təmini, dolayı yolla dövlət qurumları üçün informasiya sistemlərinin dayanıqlı formada saxlanmasının təşkili və elektron xidmətlərin fasiləsiz işləkliyinin təmin edilməsidir. İT sistemlərini “bulud”a köçürməklə qurumlar məlumatların əlçatanlığına qarşı riskləri minimuma endirir. “Hökumət buludu” həm də dövlət qurumlarının İT sistemlərinin vahid mərkəzdən idarə olunması, nəticədə əlavə xərclərin azalması deməkdir. Bundan başqa, Yevlaxda tikilmiş alternativ Data Mərkəz Bakı Data Mərkəzində yaşana biləcək mümkün dayanmalar zamanı xidmətin fasiləsizliyini təmin edir.

- Bildirdiniz ki, dövlət qurumları “Hökumət buludu” layihəsindən faydalana bilirlər. Bəs kiçik və orta biznesin rəqəmsal mühitə transformasiyası üçün hansı işlər görülür? “Bulud” xidmətləri üzrə bu təbəqə üçün yeniliklər gözlənilirmi?

- Təbii ki, dövlət qurumları ilə yanaşı, biz kiçik və orta biznesin (KOB) rəqəmsal transformasiyasını eyni dərəcədə dəstəkləyirik. Kiçik və orta biznesin “bulud” xidmətlərinə çıxışını təmin etmək və onlara bugünkü bazarda daha effektiv rəqabət, rəqəmsal mühit yaratmaq üçün təşəbbüslərimiz davam etdirilir. Sözsüz ki, bu təbəqədən olan qurumlar da “bulud” xidmətlərindən istifadədə maraqlı olmalıdır. Bizim qapılarımız hər zaman onlara açıqdır. Yeniliklərə gəlincə, yaxın gələcəkdə “AzInTelecom” və Avropanın ən böyük “bulud” provayderi “G-Core” şirkəti arasında əməkdaşlığa başlanılıb. Əməkdaşlıq çərçivəsində portal hazırlanıb. Özəl şirkətlər, hətta fərdlər portal üzərindən “bulud” xidmətləri əldə edə bilərlər. “G-Core”la partnyorluğu olan 50-dən çox ölkənin şirkətləri Azərbaycandakı data mərkəzləri üzərindən “bulud” xidmətləri ala bilərlər. Bundan başqa, “AzInTelecom” dünya nəhəngləri sayılan “Microsoft”, “Amazon”, “Google” kimi şirkətlərin “bulud” texnologiyaları istiqamətində Azərbaycana cəlb edilməsi üçün danışıqlar aparır.

- Az əvvəl nazirliyin layihələri sırasında qeyd etdiyiniz “SİMA İmza”dan danışmaq istəyərdim. Bu yaxınlarda tətbiqin 1 milyondan çox istifadəçiyə çatdığı açıqlandı. Ümumiyyətlə, “SİMA İmza” ekosistemə hansı yeniliklər gətirdi ki, qısa müddətdə bu qədər istifadəçiyə çata bildi?

- “SİMA İmza” Azərbaycanın dövlət-özəl tərəfdaşlığı əsasında yaradılan gücləndirilmiş elektron imzadır. Daha dəqiq desək, biz bu məhsulu yeni nəsil rəqəmsal imza adlandırırıq. Çünki “SİMA İmza” heç yerə getmədən pulsuz şəkildə əldə oluna bilən imzadır. Düşünün ki, sizin virtual aləmdəki rəqəmsal imzanız daimi olaraq mobil telefonunuzda, cibinizdədir.

SİMA yaradılmamışdan əvvəlki araşdırmamız göstərmişdi ki, elektron imzadan daha çox sahibkarlar və dövlət qurumları istifadə edirlər. Bir neçə il əvvələ qədər vətəndaşlar məcbur olmadıqca xidmət məntəqəsinə gedib elektron imza almaqda maraqlı deyildilər. Amma cəmiyyət sürətlə rəqəmsallaşdıqca, vətəndaşların da bu prosesə qoşulması zərurətə çevrilirdi. Artıq vətəndaşın heç yerə getmədən əldə edə biləcəyi bir elektron imzaya ehtiyac vardı. Biz də SİMA ilə bu imkanı vətəndaşlar üçün təqdim etdik. Həm də tamamilə pulsuz əldə oluna bilən bir rəqəmsal imza. Etiraf edək ki, bir xidməti əldə etmək üçün hansısa məntəqəyə getmək, orada növbə gözləmək və s. kimi məsələlər vətəndaşı yoran amillərdir. İndi vətəndaş evində oturub mobil telefonla saniyələr ərzində rəqəmsal imza əldə edə bilirsə, bu imza ilə elektron xidmətlərə çata bilirsə, biz artıq vətəndaş məmnunluğundan danışa bilərik. İstifadəçi rəyləri əsasında SİMA-da davamlı təkmilləşdirmələr aparılır, onun funksionallığı və əlçatanlığı genişləndirilir. Bu da onu qısa zamanda 1 milyondan çox istifadəçiyə çatdırıb. Bu arada yüklənmə sayı artıq 1,2 milyona çatıb.

- “SİMA İmza” ilə hazırda vətəndaşlar hansı xidmətlərdən istifadə edə bilirlər?

- Demək olar ki, “SİMA İmza” vətəndaşlar üçün ən vacib dövlət xidmətlərinə inteqrasiya edilib. Məsələn, “Digital login” üzərindən 80-dən çox dövlət portalına giriş “SİMA İmza” ilə əlçatandır. Yaxud ƏMAS portalında əmək müqavilənizi onlayn imzalaya bilirsiniz. “Elektron məhkəmə” sistemində məhkəmə iddiası qaldırmaq olur. “İnternet Vergi İdarəsi” portalında VÖEN ala bilirsiniz. MİDA-nın “Güzəştli mənzil” sistemi üzərindən mənzil satışında iştirak edə bilirsiniz. Yaxud “Smart Customs”da mallarınızı bəyan edirsiniz və s. Bunlar hamısı “SİMA İmza” ilə mümkündür.

Qeyd edim ki, artıq vətəndaşlar və fərdi sahibkarlarla yanaşı, hüquqi şəxslər üçün də “SİMA İmza” əlçatandır. Ümumilikdə 1000-dən çox elektron xidmət “SİMA İmza” ilə əlçatandır.

Hüquqi şəxslər üçün “SİMA İmza” almaq biznes sektorunun rəqəmsallaşmasına necə töhfə verəcək?

- Hüquqi şəxslərin “SİMA İmza” əldə etməsi də sadə prosedurdur. İmza xidmət məntəqəsinə getmədən rəqəmsal şəkildə əldə edilir. “SİMA İmza” tətbiqində hüquqi şəxs sertifikatının alınması üçün ilk olaraq vətəndaş qismində qeydiyyatdan keçmək, daha sonra tətbiqdə “Sertifikat əlavə et” bölməsindən hüquqi şəxsin VÖEN məlumatlarını daxil etmək lazımdır. Şirkətin, yəni hüquqi şəxsin istənilən əməkdaşına sima.az saytında imza səlahiyyətinin verilməsi də mümkündür. Məlum məsələdir ki, biznes rəhbərlərinin vaxtı, necə deyərlər, “qızıl”dır. Ona görə də SİMA onlar üçün vaxt itkisini minimuma endirir. İş prosesi sadələşir, kağız sənədləşmə işləri azalır, bununla da biznesdə rəqəmsal transformasiya sürətlənir.

- “Bulud” xidmətləri və SİMA yeni nəsil rəqəmsal imzanın gələcək istiqamətləri ilə bağlı hansı strateji planlarınız var? Həm milli, həm qlobal səviyyədə...

- Milli səviyyədə əsas diqqət “bulud” xidmətlərinin genişləndirilməsinə, “SİMA İmza”nın bütün vətəndaşlar tərəfindən əldə olunmasına, kibertəhlükəsizliyin gücləndirilməsinə və rəqəmsal savadlılığın təşviqinə yönəlib. Xüsusilə “SİMA İmza”nın daxil olduğu SİMA rəqəmsal həllər platforması ilə bağlı yeniliklər nəzərdə tutulur. Belə ki, virtual aləmdə vətəndaşların üztanıma vasitəsilə eyniləşdirilməsini təmin edən “SİMA KYC” məhsulu artıq istifadədədir. “SİMA Access” adlı məhsul var ki, insanların binalara mühafizə postlarında gözləmədən biometriya texnologiyası əsasında daxil olmasını təmin edir. Bu məhsul pilot layihə kimi “AzInTelecom”un öz binasında tətbiq edilir. Üz vasitəsilə ödənişi nəzərdə tutan “SİMA Pay” məhsulu isə gələcəkdə istifadəyə veriləcək.

Qlobal səviyyəyə gəlincə, Azərbaycan beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etmək, ən yaxşı təcrübələri bölüşmək və ekosistemə töhfə vermək istəyir. Məqsədimiz xidmətlərin əhatə dairəsini genişləndirməklə ölkə daxilində iqtisadi artıma təkan vermək, eyni zamanda Azərbaycanı qlobal miqyasda rəqəmsallaşmada lider ölkələrdən birinə çevirməkdir.

- Gələcəyə baxsaq, rəqəmsal transformasiyada növbəti sərhəd kimi nəyi görürsünüz?

- Yaxın gələcək üçün növbəti sərhəd süni intellekt, blokçeyn və “əşyaların interneti” kimi görünür. Bu texnologiyalar sənayedə inqilab etmək, iqtisadiyyatı yenidən formalaşdırmaq üçün böyük potensiala malikdir. Biz isə rəqəmsallaşmada sərhədləri böyütdükcə, innovasiyanı qəbul etdikcə davamlı inkişafa nail olacağıq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
1
apa.az

2Mənbələr