AZ

"Ermənistanın törətdiyi ekoloji terrorun nəticələri COP29-da müzakirə olunmalıdır" - Afət Həsənova

Məlum olduğu kimi, bu ilin noyabrında Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. Tərəflərin Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır. Burada tərəflər Konvensiyaya üzv olan 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir.

Azərbaycanın təşkilata sədrliyinə dair qərar də məhz Şərqi Avropa Qrupu ölkələrinin yekdil rəyi əsasında verilib. Qeyd etmək yerinə düşər ki, COP29-a ev sahibliyi üçün Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini irəli sürmüşdülər. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsində ötən il dekabrın 7-də verilmiş birgə bəyanatda elan olunub ki, Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb. Bundan sonra Bolqarıstan da öz namizədliyilə bağlı eyni addımı atıb.  

Belə bir dünya miqyaslı möhtəşəm tədbirin Azərbaycanda təşkili ölkəmiz üçün böyük əlamətdar hadisədir. Çünki dövlət başçımız cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan sistemli olaraq iqlim dəyişikliklərinə qarşı qlobal mübarizəni dəstəkləyir və enerji səmərəliliyi ilə bağlı tədbirlər görür.  

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, millət vəkili Afət Həsənova ilə bu mövzuda geniş söhbət etdik. Maraqlı müsahibəni oxucularımıza təqdim edirik:

- Afət xanım, bildiyimiz kimi, noyabrda COP29-la bağlı böyük tədbir olacaq. Dünyanın çoxlu sayda dövlət və hökümət başçıları ölkəmizə səfər edəcək. Təbii ki, bu möhtəşəm tədbirə ev sahibliyi etməyimiz həm də bir dövlət olaraq iqlim dəyişikliklərinə qarşı mübarizə üzrə qlobal səylərə öz töhfəmizi vermək qətiyyətimizdən irəli gəlir. Necə düşünürsünüz, COP29 konfransı iqlim probleminin miqyasını və aktuallığını əks etdirəcəkmi?  

- Təbii ki. Çünki bildiyimiz kimi, 29-cu COP, yəni  BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı dünyanın ən böyük və nüfuzlu tədbirlərindən biri hesab olunur. Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi  möhtərəm Prezidentimiz, qalib Komandan İlham Əliyevin apardığı daxili və xarici siyasətin uğurudur. Bu konfransı keçirməyimiz Qoşulmama Hərəkatına sədrliyimiz və BMT Təhlükəsizlik Şurasına üzvlüyümüz və 44 günlük Vətən Müharibəsini dünyaya qəbul etdirməyimizdən sonra xarici siyasətimizin ən böyük uğurlarından biri kimi qəbul etmək lazımdır. Biz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizədə fəal iştirak edirik. COP29 ekoloji problemlərin həlli üçün dünya dövlətlərinin səylərini birləşdirən güclü qlobal forumdur. Bu sessiya iqlim dəyişikliyinin təsirlərinin mümkün qədər minimuma endirilməsinə, “yaşıl enerjiyə keçid” təcrübəsinin daha geniş miqyasda tətbiqinin təşviq olunmasına xidmət edəcək. Qarşımızda 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılması əsas hədəflərdən biri kimi müəyyən olunub. Azərbaycan 2050-ci ilə bu göstəricini 40 faizə çatdırmağı planlaşdırır. 

Müasir dünyada iqlim dəyişikliyinin əsas səbəblərindən biri kimi, şəhərlərin böyüməsi və urbanizasiya prosesinin sürətlənməsi, eyni zamanda, şəhər əhalisinin çoxalması göstərilir. Qarşıdakı illərdə şəhərlərdə yaşayan yüz milyonlarla insanın ekoloji problemlərə məruz qalacağı proqnozlaşdırılır. Risklər getdikcə artır, ona görə də dünya çox mühüm çağırışlarla üz-üzədir. Lakin təəssüf ki, bir çox ölkələr son illərə qədər bu təhdidlərə hazırlıq görməyib. Burda ən vacib məsələlərdən biri ondan ibarətdir ki, iqlim fəlakətlərinə reaksiyanın sürəti o qədər də qənaətbəxş deyil, bu mövzuda ictimai maarifləndirmə səviyyəsi də aşağıdır. COP29 dövlətləri bütün planeti gözləyən təhlükəyə qarşı səfərbər etmək baxımından faydalı platformadır. İndi dünya dövlətlərinin, xüsusilə də böyük iqtisadiyyata malik ölkələrin bəşəriyyətin ümumi mənafeləri naminə ciddi, qətiyyətli addımlar atmağının vaxtıdır. Düşünürəm ki, COP29 bu addımların, ümumiyyətlə iqlim dəyişikliyi ilə mübarizə üzrə vahid strategiyanın qəbul edilməsinə çox böyük töhfə verə bilər. Nəticələrin necə olacağını isə zaman göstərəcək.  

 - Sizcə, COP29 çərçivəsində Azərbaycanla bağlı hansı prioritet məsələləri müzakirəyə çıxarmalıdır? 

 - Bu mənada hazırda Azərbaycan üçün ən mühüm problemlərdən biri işğaldan azad etdiyimiz ərazilərin minalarla çirklənməsidir. Çünki minaların ətraf mühitə, ekosistemə təsiri mübahisəsizdir. Basdırılmış minaların təmizlənməsi zamanı da torpaq çirklənir. Nəticədə isə torpağın strukturu korlanır. Bu, Azərbaycana dəyən yüz milyardlarla dollar zərərdir. Çünki mina partlayışlarından sonra meydana gələn plastik tullantılar ekoloji fəsadlar yaradır. Ona görə də bu cür mövzuların COP29 kimi tədbirdə müzakirə olunması tamamilə məntiqlidir.

Bundan başqa ərazilırimiz 30 il ermənilər tərəfindən işğal altında saxlanıldığı dövrdə vurulmuş ekoloji zərər ciddi rəqəmlərlə ölçülür. Oxçuçayın həddindən artıq çirklənməsinə mis-molibden kombinatı və filiz saflaşdırma kombinatının fəaliyyəti səbəb olub. Bu müəssisələrdə meydana gələn çirkab sularının təmizlənmədən çaya axıdılması bütövlükdə regionun ekoloji təhlükəsizliyinə ciddi təhdid olmaqla insan həyatı və sağlamlığı üçün böyük təhlükə mənbəyidir. Ermənistanın törətdiyi ekoloji terror nəticəsində 10-dan çox qoruq və yasaqlıq məhv edilib. Ümumiyyətlə, 30 illik işğal dövründə təbii sərvətlərimiz talanıb, mədənlər ekoloji norma və tələblərə uyğun olmayan şəkildə istismar edilib, çaylarımız çirkləndirilib, qiymətli meşə zolaqları məhv edilib, nadir ağaclar kəsilib. İndi bu ekoloji terrorun nəticələrini COP29 iştirakçılarının da öz gözləri ilə görməsi əlbəttə ki, çox vacib məsələlərdən biridir. 

Digər vacib məsələ isə Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyasıdır.  “Metsamor” dünyadakı ən təhlükəli stansiyalardan biridir. Metsamor AES yalnız 8 bal gücündə zəlzələyə hesablanaraq inşa edilməsinə baxmayaraq, 11 bal gücündə zəlzələ riski olan ərazidə yerləşir;

“Metsamor” üzərində qoruma qalxanı olmayan, qatı bazalt üzərinə inşa edilmiş köhnə bir stansiyadır, ömrü isə 30 ildir.  AES-in istismar müddətinin 2001-ci ildə bitməsinə baxmayaraq, o hələ də istifadədədir.

“Metsamor”da baş verəcək hər hansı bir hadisənin gətirəcəyi fəlakəti təsəvvür etmək üçün elə yaxın keçmişə müraciət etmək kifayətdir. Çernobıl qəzası 7 minə yaxın insanın ölümü, 25 min insanın güclü radiasiya nəticəsində ömürlük şikəst olması, on minlərlə insanın isə sonsuz qalması ilə nəticələndi. Bu faciədən sonra Çernobılda doğulan uşaqların 90 faizində əlillik əlamətləri vardır. Hadisədən 28 il keçməsinə baxmayaraq, radiasiyanın fəsadları hələ də Avropada tüğyan etməkdədir. Qəzanın aradan qaldırılmasının ilk iki ilində 650 min insan xilasetmə işlərinə cəlb edilib. Rəsmi məlumatlara görə, onların 15 mini, qeyri-rəsmi məlumatlara görə isə 95-100 mini bir neçə ildən sonra dünyasını dəyişib. Fəlakət bölgəsində və ona qonşu ərazilərdə təxminən 6-8 milyon insan da şüalanmaya məruz qalıb.

Bu gün regionumuz üçün təhlükə mənbəyi rolunu oynayan “Metsamor” AES-də baş verə biləcək hər hansı bir fəlakət heç də Çernobıldan geri qalmayacaq. Ermənistanın region üçün böyük faciə rolunu oynayan “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyətini dayandırmaması beynəlxalq öhdəliklərin yerinə yetirilməməsidir. Ona görə də dünya birliyi bu təhlükənin mahiyyətini aydın şəkildə dərk etməli və lazımi tədbirlər həyata keçirməlidir. Azərbaycan daim problemin aktuallığı ilə bağlı həyəcan təbili çalsa da müəyyən siyasi maraqlar naminə hələ də obyektiv, vahid reaksiya qəti şəkildə bildirilməmişdir. Lakin nəzərə almaq lazımdır ki, bu sakitlik böyük bir faciənin başlanğıcı ola bilər. Bu faciəni önləmək üçün yeganə seçim yalnız birgə mübarizədir.

 - Ümumiyyətlə, siyasi mənada COP29-un ölkəmizdə keçirilməsindən nələr gözlənilir?  

- Bu, elə bir vacib platformadır ki, bütün dünyanın ciddi gözləntiləri var. Siyasi mənada bizim gələcəklə bağlı narahatlığımız var. Çünki ekoloji məsələlər insanların sağlamlığını bəlkə də təsəvvür etdiyimizdən daha çox təhdid edir. Ona görə də həm qərarların qəbul olunması, həm də icrası prosesi sürətli olmalıdır. Daha geniş prizmadan baxsaq, ekoloji problemlərin həlli bütün dövlətlərin və xalqların maraqlarına xidmət edir. Lakin uğur qazanmaq üçün daha çox diqqət və resurslar tələb olunur. Düşünürəm ki, Tərəflər Konfransı bu resursları səfərbər etmək istiqamətində konkret və ardıcıl addımların atılmasına xidmət edəcək.  

- COP29 çərçivəsində parlamentarilərin də görüşləri nəzərdə tutulubmu?  

- Təbii ki, COP29 ekoloji tədbir olsa da, siyasi mənada da böyük əhəmiyyət kəsb edir. Bu barədə müzakirələr aparılır. Parlamentlərarası İttifaq tərəflər konfransında görüşlərin təşkili vasitəsilə parlamentin fəal iştirakını təşviq edir. Ötən il COP28-də Parlament İclasında 70-dən çox ölkədən 400-dən artıq nümayəndə iştirak edib. İlk dəfə olaraq COP Yaşıl Zonasında Parlament İclası keçirilib. Milli Məclisin Parlamentlərarası İttifaqla birlikdə COP29 zamanı Parlament İclası keçirməsi müzakirə olunur. Belə bir iclasın təşkili parlamentarilərə aparıcı iqlim ekspertləri ilə fikir mübadiləsi aparmaq, ortaq iqlim problemlərinin həllində parlamentlərarası əməkdaşlıq yollarını tapmaq baxımından əhəmiyyətli ola bilər. Məlum olduğu kimi, COP29-da əsas mövzulardan biri maliyyələşdirmə olacaq. Çünki parlament üzvləri ictimaiyyəti iqlim dəyişiklikləri ilə mübarizədə maliyyənin rolunun həlledici olduğunu təşviq edə bilərlər. Bununla yanaşı, dövlət büdcəsindən bu sahəyə maliyyənin yönəldilməsində parlamentarilər çox vacib hüquqi prosedurları həll edirlər, büdcə ayırmaları məhz qanunverici orqanların nümayəndələri tərəfindən qəbul olunur. Bu baxımdan, düşünürəm ki, COP29 çərçivəsində parlament görüşünün təşkili bu tədbirin uğurla nəticələnməsinə əlavə bir töhfə ola bilər.  

 - Ölkəmizin iqlim dəyişikliyi ilə mübarizəsi hamıya, xüsusən də siz deputatlara daha yaxından məlumdur. Sizcə, bundan sonra ölkəmiz bu istiqamətdə qanunvericilik istiqamətində hansı işləri görməlidir?  

- Bəli, SSRİ dönəmində təbii sərvətlərdən qeyri-səmərəli istifadə edilirdi. Bu isə digər sahələrlə yanaşı ekoloji sahədə də çox ciddi problemlər yaradırdı. Çox təəssüf ki, o zamanlar ekoloji problemlər prioritet deyildi. Ona görə də SSRİ-dən müstəqil Azərbaycana böyük ölçüdə ekoloji problemlər qalmışdı.  Xüsusən də, neft hasilatı zamanı böyük ərazilərdə torpaqlar neftlə çirklənirdi. Bakı ətrafındakı neft gölməçələri yəqin ki, xatirinizdədir. Hələ açıq dənizə buraxılan neft tullantılarını demirəm. Müstəqilliyimizin ilk illərində Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri də yığılıb qalmış ekoloji problemlərin həlli idi.   

Bu sahədə ilk böyük addım 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi” bağlanarkən atıldı. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə müqavilə iştirakçıları qarşısında ekoloji tarazlığın pozulmamaması və qorunması əsas tələb kimi qoyuldu.

90-cı illərin əvvəllərindən başlanan ekolayihələr 1997-ci ilin Kyoto protokolundan sonra yeni müstəviyə çıxarıldı. Bu addımların sırf dövlət və cəmiyyət üçün prioritet olması üçün Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il “Ekologiya ili” elan edildi. Bu faktın özü Azərbaycanın ekoloji problemlərə konseptual yanaşmasının göstəricisi idi. Məhz 2010-cu ildə ekoloji sahədə qlobal layihələrin icrası istiqamətində yeni səhifə açıldı. Həmin ildə çirklənmiş torpaqların təmizlənməsi, yaşıllıq zolaqlarını salınması və ətraf mühitin mühafizəsi sahəsində çox böyük işlər görüldü.   

Ən əsası ənənəvi enerji istehsalı sahələri ilə paralel olaraq, alternativ enerji mənbələrinin yaradılmasına başlanıldı. Bundan başqa istehsal sahələrində formalaşan və istixana qazı effekti yaradan qazların azaldılması üçün beynəlxlaq təşkilatlarla birlikdə müxtəlif layihələrin icrasına start verildi. “Ekologiya ili” çərçivəsində görülən işlər həm də növbəti illərdə bu sahədə görüləcək işlər üçün bir platforma oldu. 2010-cu ildən başlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı SOCAR da ekoloji sahədə böyük uğurlara imza atdı. Belə ki, neft-qaz sahəsində yaranmış tullantıların utilizasiyası və onların emalı kompleks şəkildə təşkil edildi.   

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də təmiz ətraf mühit və yaşıl artım ölkəsi əsas istiqamətlərdən biri kimi müəyyən olunub. Ölkəmiz bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malikdir. Bura külək, günəş enerjisi və digər bərpa olunan enerji növləri daxildir. Qazıntı enerji resursları ilə zəngin olsa da, Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadəyə xüsusi diqqət ayırır. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də bərpaolunan enerji mənbələrindən istifadənin artırılmasıdır. Bildiyiniz kimi, “Azərbaycan Respublikasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” qəbul edilib. Bu proqram bərpaolunan enerji mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsinə və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaradır. Eyni zamanda, bir çox ölkələrlə “yaşıl enerji” sahəsində əməkdaşlığa dair müqavilələr imzalanıb. Bizim ölkəmiz 2030-cu ilədək enerji balansında bərpaolunan enerjinin payını 30 faizə yüksəltməyi qarşıya məqsəd qoyub. Son illərdə külək və günəş enerjisi istehsalında böyük yüksəliş qeydə alınıb və bu dinamikanın növbəti illərdə artan templə davam edəcəyi proqnozlaşdırılır. Yəni dövlət bu məsələyə xüsusi diqqət və həssaslıqla yanaşır, eyni zamanda, resurslarımız da hədəflərə çatmağa imkan yaradır. Təkcə bir faktı xatırladım ki, Azərbaycan Dünya İqtisadi Forumunun hesabatlarında Enerji Keçidi İndeksinə 32-ci yerdədir. Ümumilikdə, dünya üzrə orta ETİ göstəricisi 56,3 olduğu halda, Azərbaycanda bu göstərici 62-dir. Bərpa olunan enerji mənbələrinə qoyulan investisiyanın ÜDM-də payına görə aparıcı ölkələrin siyahısındadır.  

- Afət xanım, geniş və ətraflı müsahibəyə görə, saytımız adından minnətdarlığımızı bildiririk.

- Çox sağ olun, təşəkkür edirəm!

İltifat SULTAN

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
3
redaktor.az

3Mənbələr