AZ

Həyat vağzalında təkadamlıq səfərlər

Yuğ Dövlət Teatrından keçən “İyirmi bir on beş qatarı”

“Hamımız hər gün nəyisə göz­ləyirik, hər birimiz həmişə haraya­sa tələsirik. “Qutu” evlərdə yaşa­yır, “qutu” iş yerlərində işləyirik. Ordan bura, buradan ora can atırıq. Bu qaçhaqaç bir gün daha balaca “qutu”da yerin altına köçənədək davam edir. Heç birimiz də bir an­lıq dayanıb düşünmürük ki, sonu bəlli gedişatda hara tələsirik? Bir dayan, nəfəs al, ətrafa bax, insan­larla, təbiətlə ünsiyyətdə ol, gözəl­likləri duy”. 

Bəlkə də, bütün bunlar hamımı­zın ağlından keçir, amma bir anlığa. Sonra yenə gündəlik həyatımıza qayıdır, qaçmağa davam edirik. Bu süjet bizə Müfit Can Saçıntı və Bi­rol Güvenin “Mandra filosofu” filmini xatırladır. Filmdə təbiətlə həmahəng yaşayan bəşər övladı hər şeyi on­dan alır, amma özəlləşdirmir. Deyir ki, təbiət mənə lazım olan hər şeyi – havanı, suyu, qidanı verir, onu niyə özümünkü etməyə çalışım? Axı o, hamınındır. Heç nəyi alıb-satmır, sadəcə, yaşayır, ona nə pul lazımdır, nə mülk. Ondan torpağını satın al­maq istəyirlər, vermir. Deyir, gəl yaşa burada, amma onu sənə satmaya­cam, o həm də sənindir. İnsanlar onu anormal hesab edirlər. Əslində, ən ağıllı elə odur. Film bizə bunları aşılayır.

Yazımızın mövzusu həmin film deyil, sadəcə, onu xatırladan və eyni düşüncəni aşılayan teatr tamaşası­dır. Bu günlərdə Yuğ Teatrında tür­kiyəli yazıçı-filosof Toyğun Orbayın “İyirmi bir on beş qatarı” pyesi əsa­sında teatrın baş rejissoru Mikayıl Mikayılovun quruluş verdiyi eyniadlı tamaşanın premyerası oldu. Ekzis­tensial oyun janrında qurulmuş səh­nə işinin quruluşçu rəssamı Mustafa Mustafayev, rejissor assistenti Gü­nel Səfərovadır.

Tamaşaçı ilə iç-içə olan, cəmi 50 nəfərlik zal dolu idi. Səhnədə vağzal, perron, bələdçi köşkü və ikinəfərlik oturacaq təsvir olunub. Bir də 21:15-i göstərən elektron saat. Vağzalda bir sərnişin oturub qatar gözləyir (Xalq artisti Məmmədsəfa Qasımov), ikin­cisi isə indi gəlib (Əməkdar artist Gülzar Qurbanova), qatarın getmə vaxtını soruşur. Bələdçi (Əməkdar artist Sona Mikayılova) ona “bil­mirəm“ cavabını verir. Sonra qısa dialoq olur:

– Qatar gecikir?

– Yox.

– Vaxtında gələcək?

– O heç gəlir ki. Bilsək nə vaxt gəlir...

– Axı saat 21:15-i göstərir, o niyə gecikir? 

– Bu saat həmişə 21:15-i göstə­rir. 

Bu, tamaşanın kulminasiyasıdır, hadisələr bundan sonra açılmağa başlayır. Məlum olur ki, birinci sər­nişin ömür boyu o qatarı gözləyir, bələdçi də həmçinin, amma onları heç kim görmür. Bu vağzal həm var, amma həm də yoxdur. 

Stansiyaya yeni gələn sərnişin suallarına cavab axtarır, əvvəlki isə artıq o sualların cavabını tapıb və sadəcə, getmək istəyir. Birlikdə mu­siqiyə qulaq asır, kitab oxuyur, ya­ğışda islanır, zövq almağa çalışırlar. Fəqət, bütün bunlara bələdçi imkan vermir. Onun yerli-yersiz çaldığı fit, söhbətə müdaxiləsi, “burada mənim iradəm olmadan hərəkət etmək ol­maz” jesti hər iki qonağı bezdirir. Qa­tarsa gəlmir ki, gəlmir. Bələdçi onla­rın seyr etdikləri ulduzları görmür, çünki kainatdan bixəbərdir. Onun kainatı balaca vağzaldan ibarətdir. Qatarı gəlməyən, bileti alınmayan vağzalda arabir çalınan fit bələdçinin mövcudluğunun, hakimi-mütləqliyi­nin təzahürüdür.

Bütün bunlar bir gerçəyi əks et­dirir: “Hamımızın bir vağzalı var, bir az böyük, bir az kiçik. Hər birimiz o vağzalda bizi aparacaq qatarı gözlə­yirik”. 

Nəhayət, qatarın səsi eşidilir. Uzun bir fit çalınır və ətraf qaranlığa bürünür. Səsdən aydin olur ki, qatar gəlib keçdi. Ətraf işıqlananda isə iki nəfərdən biri görünmür. İkincisi qatarın gəldiyini bilib, keçdiyini isə görməyib. 

Hamımızın öz vağzalımızda göz­lədiyimiz o qatar hər dəfə yalnız biri­mizi aparır. Yerdə qalan onun əyləş­diyi yerdə oturub gözləyir və yanında başqa biri növbəyə dayanır, çoxlu suallar verir, anlamağa çalışır. Heç kim o qatarın vaxtını, gəlib-gəlməyə­cəyini bilmir. Amma o qatar mütləq gələcək...

Xatırladaq ki, əsərin müəllifi Toy­ğun Orbay 1956-cı ildə İstanbulda anadan olub. 1973-cü ildə Ankara Elm Liseyini, 1979-cu ildə Ankara Universitetinin tibb fakültəsini bitirib. 2007-ci ilə qədər Qazi Universite­ti tibb fakültəsinin neyrocərrahiyyə kafedrasında elmi işçi, assistent, dosent və professor vəzifələrində işləyib. 

Rəssamlıq və heykəltəraşlıqla da məşğul olan, bugünədək 17 fər­di sərgisi keçirilən Orbayın yazdığı “Mat” və “İyirmi bir on beş qatarı” pyesləri 2001–2002-ci illərdə Anka­ra və İstanbul Dövlət teatrlarında, eləcə də Türkiyənin bir çox digər şəhərlərində səhnələşdirilib. “İyirmi bir on beş qatarı” Azərbaycanda ilk dəfə 2016–2017-ci illər mövsümün­də Dövlət Akademik Dram Teatrında oynanılıb.

Ramilə QURBANLI
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
xalqqazeti.az

1Mənbələr