AZ

Fransanın yeni hiyləsi

Yeni Kaledoniyada konstitusiya “islahatları” kəskin etirazlarla qarşılanıb

Son vaxtlarda Afrikada və dənizaşırı ərazilərdə Fransanın kolonializm siyasətinə qarşı etirazlar artıb. Getdikcə daha çox müstəmləkə ölkəsində “Rədd ol, Fransa!” şüarları səsləndirilir. Belə ölkələrdən biri də Yeni Kaledoniyadır. Son günlərdə burada artıq permanent hal alan etirazların əhatə dairəsi daha da genişlənib. Artıq Yeni Kaledoniyanın küçələri bir növ döyüş meydanını xatırladır. Yerli kanak xalqı özlərinin bildirdikləri kimi, müstəmləkəçiliyə qarşı son və qəti mübarizəyə qalxıblar. Bu dəfə yerli icmanın səbr kasasını daşdıran isə Fransanın müstəmləkəçilik siyasətinin hüquqi çərçivələrini genişləndirmək məqsədilə konstitusiya dəyişikliklərinə cəhd göstərməsidir. Artıq bununla bağlı Fransa parlamentində müzakirələrə başlanıb. Yeni Kaledoniyada Fransa hakimiyyətinin “konstitusiya islahatları” adı altında prosedurlara başlamasına qarşı kanak xalqının kəskin etirazı beynəlxalq səviyyədə güclü şəkildə dəstəklənir. O cümlədən Bakı Təşəbbüs Qrupu Fransa hakimiyyəti tərəfindən Yeni Kaledoniyada kanakların həbs olunmasına və mülki şəxslərə qarşı zorakılığa dair bəyanat yayıb.

Fransanın üzqarası siyasəti - ənənəvi müstəmləkəçiliyin neokolonializmlə əvəzlənməsi

Demokratik ənənələri ilə öyünən Fransanın XXI əsrdə müstəmləkəçiliyi yeni formada, lakin daha ağır şərtlər altında həyata keçirməsinin heç bir izahı yoxdur. Bunun Fransanın üzqarası siyasəti kimi dəyərləndirilməsi daha doğru olardı. Hazırda 13 dənizaşırı ərazini müstəmləkəsi kimi idarə edən, həmçinin dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə baxmayaraq, neokolonializm siyasətini davam etdirir.

Verilən məlumatlara görə bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Atlantik və Hind Okeanı regionunda, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talayan, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə insanlıq əleyhinə çoxsaylı cinayətlər törədib, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoyub. Fransanın fəal surətdə məşğul olduğu qul ticarəti insanlığın ən utancverici səhifələrindən biridir. Milyonlarla afrikalı Fransanın qul siyasətinin qurbanına çevrilib. Ümumiyyətlə, Fransanın müstəmləkəçilik siyasəti həyata keçirdiyini təsdiqləyən faktların siyahısı çox uzundur. Əlcəzair, Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Benin, Kot-d’İvuar, Mərkəzi Afrika Respublikası, Qabon, Toqo, Kamerun, Vyetnam, Qəmər Adaları İttifaqı, Haiti və digər ölkələrdə bir neçə milyon günahsız insan, o cümlədən qadınlar və uşaqlar Fransa tərəfindən qətlə yetirilib.

Yeni Kaledoniyada bədnam “konstitusiya islahatları”nın gerçək mahiyyəti

Fransanın neokolonializm siyasətinin təzahürlərindən biri də keçmiş və indiki müstəmləkə ölkələrində yerli əhalinin etnik tərkibinin dəyişdirilməsinə nail olmaqdır. Xüsusilə də Emmanuel Makron hakimiyyəti yerli icmaların milli-dini kimliyinə qarşı açıq “səlib yürüşü”nə çıxıb. Kiçik xalqların mədəniyyətləri, ənənələri gözdən salınır, milli dillər sıxışdırılır, mənəvi dəyərlər məqsədli aşınmalara məruz qoyulur. Fransa hakimiyyətinin Yeni Kaledoniyada bədnam “konstitusiya islahatları”na başlaması da belə çirkin məqsədə xidmət edir. Əslində “islahatlar” son dərəcə mürtəce səciyyə daşıyır. Bu dəyişikliklərin yeganə məqsədi Yeni Kaledoniyada aboregen xalqın hüquqlarını məhdudlaşdırmaq, bunun əksinə olaraq gəlmə fransızların hüquqlarını genişləndirməkdir. Yeni Kaledoniyada etirazların miqyasının geniş olması burada yerli icmanın fəallığı ilə bağlıdır. Fransa hakimiyyəti bunun qarşısını almaq üçün qüvvələr balansını tarazlaşdırmağı hədəfləyib. E.Makron iqtidarı düşünür ki, kanak xalqının mövqelərini zəifətmək üçün gəlmələrə hüquqi müstəvidə yeni imkanlar açılmalıdır. Bu dəfə söhbət onların seçki hüquqlarının tanınmasından gedir.   Səsvermə sisteminin dəyişdirilməsi ilə bağlı Fransa parlamentinin müzakirəsinə çıxarılan qanun layihəsinə görə, 10 il Yeni Kaledoniyada yaşayan Fransa vətəndaşları əyalət seçkilərində səs verə biləcəklər.

Burada deyiblər ki, ayının min oyunu var, bir armudun başında. İndiyədək Fransa müstəmləkələrində möhkəmlənmək üçün bu yerlərə çoxlu sayda Fransa vətəndaşlarının köçürülməsinə nail olub. Onlar müstəmləkə ölkələrində adətən humanitar missiya həyata keçirən və yaxud hansısa sahələrdə mütəxəssis fəaliyyətləri yerinə yetirən şəxslər kimi müvəqqəti qaydada yerləşdiriliblər. Təbii ki, səsvermə hüquqları da tanınmayıb. Ancaq illər ötəndən sonra gəlmələr geri dönməyə tələsməyiblər. Budur , indi Fransa hakimiyyəti onların daimi və tamhüquqlu vətəndaşlığını təsbit etməkdən ötrü Yeni Kaledoniyanın konstitusiyasında dəyişikliklər etməyə qərar verib.

Yeni Kaledoniyada yerli icmaların etirazları qanun layihəsinin Fransa parlamentinin müzakirələrinə təqdim edildiyi andan başlayıb və artıq günlərdir ki, davam edir.  Hadisələr zamanı 54 mühafizəçi yaralanıb, 82 nümayişçi saxlanılıb. 200 maşın və 50-dən çox iş yeri yandırılıb. Paytaxt Noumea şəhərində komendant saatı elan edilib.

Bakı Təşəbbüs Qrupunun kəskin etirazı

Azərbaycan Fransanın işğalçılıq siyasətinin ifşa olunmasında fəal rol oynayır və bu ölkənin  işğal etdiyi dənizaşırı ərazilərin kolonializmdən azad olmasına yaxından dəstək verir. Bu istiqamətdə Bakı Təşəbbüs Qrupunun aktiv və məqsədyönlü fəaliyyətlərini xüsusi qeyd edə bilərik. Qurumun  yaydığı bəyanatda  bildirilir ki, ictimai toplantıların qadağan edilməsi və müstəqillik tərəfdarlarının həbsi bu məsələnin davamlı həlli hesab edilə bilməz. Fransa Senatı və Milli Assambleyası Yeni Kaledoniyada qanunsuz konstitusiya dəyişikliklərini dayandırmalıdır. Təklif olunan dəyişikliklər məqsədyönlü şəkildə seçki elektoratını qeyri-kanaklar hesabına artırmaq məqsədi daşıyır. Bu da öz növbəsində haqlı olaraq insanların narazılığına, habelə etiraz və nümayişlərinə səbəb olub.

Təəssüf ki, Yeni Kaledoniyada təklif edilən konstitusiya dəyişiklikləri ilə əlaqədar paytaxt Numea şəhərində və ətraf ərazilərdə keçirilən ümumi etirazlardan sonra Fransa təhlükəsizlik qüvvələri səfərbər edilib, komendant saatı tətbiq olunub. Törədilən zorakılıq halları və həbslər bir çox qanunların, o cümlədən insan hüquqlarının, ifadə azadlığının, xüsusən də Fransanın beynəlxalq öhdəliklərinin kobud şəkildə pozulması anlamında qəbul olunur. “Paytaxt Numea şəhərində, həmçinin ətraf ərazilərdə baş vermiş və insan həyatı üçün təhlükə yaradan hadisələr Bakı Təşəbbüs Qrupu olaraq bizi dərindən narahat edir. Hüquq-mühafizə orqanlarının fundamental insan hüquqlarına hörmət etməsi məcburidir. Fransa polisinin etirazçılara qarşı həddən artıq güc tətbiq etməsi bütün vətəndaşların təhlükəsizliyini və ləyaqətini təhdid altına qoyur”, - deyə bəyanatda vurğulanıb.

Mübariz FEYİZLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Mənbələr