AZ

Çin-Azərbaycan: “Yaşıl enerji”nin yaxın müttəfiqləri

Çin Azərbaycanda “yaşıl enerji” layihələrinə xüsusi önəm verir və bu sahəyə sərmayə qoymaq planlarını nəzərdən keçirir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan və Çin arasında bərpa olunan enerji üzrə çoxistiqamətli əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi də buna yaxşı fürsətlər yaradır. Çin şirkətləri ilə birgə fəaliyyətə dair müzakirələr zamanı əldə olunmuş razılaşmalar da bu ölkənin Azərbaycanın “yaşıl enerji” sahəsində yaxından təmsil olunma imkanlarına işarədir. “China Energy Engineering Group Co.Ltd” şirkətinin sədri Song Hailiangin də bunu istisna etməyib və Çin şirkətlərinin Azərbaycanda bərpa olunan enerji potensialının reallaşdırılmasına töhfə vermək niyyətini bəyan edib.

Qeyd edək ki, mayın 14-də Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini Şen Yueyuenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən iki ölkə arasında əməkdaşlıq perspektivlərindən biri kimi iqlim dəyişiklikləri ilə mübarizə və təmiz ətraf mühit quruculuğunda əlaqələrin birləşdirilməsi, COP29 çərçivəsində Azərbaycanda həyata keçirilən tədbirlərə dəstəyin göstərilməsi və digər məsələlərə də xüsusi diqqət yetirilib. Ölkəmiz COP29 çərçivəsində Çin Xalq Respublikası ilə əməkdaşlığa xüsusi önəm verir və ölkəmizin nümayəndə heyətinin Çinə planlaşdırılan səfəri də bu sahədə birgə səylərin artırılmasına işarə edir. Eyni zamanda, Şen Yueyuen bərpaolunan enerji sahəsində Çin şirkətlərinin Azərbaycan ilə əməkdaşlığa böyük maraq göstərdiklərini bəyan etməklə gələcəkdə qarşılıqlı layihələrin icra olunacağından bəhs edib.

İqtisadiyyat və Energetika nazirliklərində keçirilən görüşlərdə də Çin şirkətlərinin Azərbaycanda “yaşıl enerji” dəhlizləri və interkonnektorlarının yaradılması, “yaşıl enerji”nin ixracı, “yaşıl hidrogen” və “yaşıl ammonyak”ın istehsalı-nəqli, həmçinin enerji saxlanc sistemləri üzrə layihələrə sərmayə qoymaqda maraqlı olması xatırladılıb. Ötən il iyunun 1-də Energetika Nazirliyi ilə Çinin “China Gezhouba Group Overseas Investment” şirkəti arasında Azərbaycanda 2 qiqavat gücündə bərpaolunan enerji layihələrinin həyata keçirilməsinə dair imzalanmış Anlaşma Memorandumuna əsasən, artıq günəş enerjisi, quruda və dənizdə külək enerjisi, enerji saxlama və inteqrasiya olunmuş ağıllı enerji sistemləri, həmçinin yaşıl hidrogen istehsalının təşkilinə start verilib. Bu sazişin mühüm tərkib hissəsi kimi

230 meqavat gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının inşasında və 2025-ci ildə Mingəçevir şəhərində fəaliyyətə başlayacaq müstəqillik dövrünün ən böyük - 1280 meqavat gücündəki İstilik Elektrik Stansiyasının tikintisində Çinin “Dongfang” şirkətinin iştirakı təmin olunmaqdadır.

2023-cü il oktyabrın 17-də elektrik enerjisi, neft-qaz, neft-kimya və bərpaolunan enerji sahələrində əməkdaşlığın inkişafı və enerji layihələrinə investisiyanın təşviqi məqsədilə “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının Milli Enerji Administrasiyası arasında Anlaşma Memorandumu” imzalanıb ki, bu sənəd də hər iki ölkənin energetika sektorunda ikitərəfli əlaqələrin genişləndirilməsini, yeni texnologiyaların tətbiqi, enerji infrastrukturunun yenilənməsi üzrə əməkdaşlığı, qarşılıqlı investisiya və biznes fəaliyyətlərinin təşviqini, bərpaolunan enerji mənbələri sahəsində təcrübə mübadiləsini nəzərdə tutur.

Çin şirkətləri azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə də Azərbaycanın əsas tərəfdaşlarından biri olacaq. Bu ərazilər Yaşıl Enerji Zonası elan edilib və enerji tələbatı modelləri hazırlanıb. Həmin strateji yanaşmaya əsasən, Yaşıl Enerji Zonasında enerji istehsalı üçün bir neçə mənbə müəyyən edilib və bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, elektrik nəqliyyat vasitələrindən istifadə, günəş panellərinin qurulması, həmçinin ağıllı enerji texnologiyalarının tətbiqi və idarə olunması sahəsində xarici şirkətlərlə danışıqlar aparılır. Həmin biznes icması arasında Çin şirkətləri də əsas sırada yer alır.

Hazırda Çin bərpa olunan mənbələrdən əldə edilən elektrik enerjisinin istehsalına görə dünyanın lider ölkəsidir və bu göstəriciyə görə ən yaxın rəqibi ABŞ-ı iki dəfə qabaqlayır. 2023-cü ildə Çinin bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalı 1000 giqavatta çatıb ki, bu da ölkənin ümumi generasiya gücü potensialının 43,5 faizi deməkdir. Dünya üzrə bərpa olunan enerji potensialının təxminən 40 faizini məhz Çin təmin edir və 2030-cu ildə bu rəqəmin 44-ə çatacağı gözlənilir. Bu baxımdan Azərbaycanın belə bir ölkə ilə “yaşıl hidrogen” müttəfiqliyi böyük iqtisadi və siyasi imkanların səfərbər olunması deməkdir. Beləliklə, Azərbaycanın müasir gündəliyində yer alan “yaşıl enerji” quruculuğunda ən etibarlı və yaxın müttəfiq kimi Çin şirkətlərinin təmsil olunması  ölkəmizin qlobal ticarət sferasında ənənəvi enerji resurslarından “yaşıl enerji” ixracatçısına çevrilməsində güclü dəstək olacaq.

ELBRUS

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
217
50
yeniazerbaycan.com

10Mənbələr