AZ

Salman Mümtaz saxlancı ədəbiyyat saxlancına qovuşdu

Mayın 15-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muze­yində milli ədəbiyyatımızın tanınmasında böyük xidmətləri olmuş Salman Mümtazın ekspozisiyasının açılış mərasimi keçirildi.

Tədbirdə çıxış edən muzeyin direkto­ru, akademik Rafael Hüseynov bu il ana­dan olmasının 140 illiyinin qeyd edildiyi Salman Mümtazın milli ədəbiyyatımızın tanınmasında göstərdiyi xidmətlərdən danışıb. O qeyd edib ki, Salman Müm­taz ömrünü Azərbaycan klassik şairləri­nin əsərlərinin, aşıq poeziyası və folklor nümunələrinin toplanmasına və nəşrinə həsr edib.

Alim bildirib ki, 1937-ci ilin qanlı repressiyası bu ziyalı insandan da yan keçmədi. Onu “Bakinskiy raboçi” qəzetində nəşr olunan məqalələrində buraxdığı “ideoloji səhv”lərini əsas göstərərək pantürkizm və millətçilikdə ittiham edirdilər. “Xalq düşməni” damğası vurulan Salman Mümtaz tutduğu vəzifələrdən azad edildi və Bakıdakı evində siyasi düşmən kimi həbs olunaraq, ağır işgəncələrə məruz qaldı. Həbs olunan zaman topladığı 270-ə yaxın əlyazma məhv edildi.

Salman Mümtaz 10 il müddətinə azadlıqdan məhrum edilərək Rusiyanın Oryol vilayətinə sürgün olundu və həmin bölgənin yaxınlığında Medvedski meşə­sində güllələndi.

Akademik Rafael Hüseynov deyib: “Salman Mümtazın Əlyazmalar İnsti­tutundakı arxivini hələ 1970-ci illərin ortalarında, tələbəlik dövrümdə əvvəl­dən-sonadək araşdırmışdım. Onun şəxsi kitabxanasında olmuş, evinə gedib-gələn alimlərin, ədiblərin şəhadətinə əsasən tərtib edilmiş 258 addan ibarət siyahını da o vaxt ilk dəfə görmüşdüm”.

Alim bildirib ki, Azərbaycanın repres­siyaya məruz qalan şair və yazıçıları bu gün də xalqımız tərəfindən yad edilir və ediləcək.

Tədbirdə Salman Mümtazın nəvəsi şərqşünas-alim Urxun Qalabəyli babası haqqında anasından və onu tanıyan­lardan eşitdikləri xatirələrini dilə gətirdi, göstərilən diqqətə görə minnətdarlığını bildirdi.

S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Könül Nəsibova, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə Hümbətova Salman Müm­tazın indiyədək əldə olunan və yeni üzə çıxarılan əlyazmaları haqqında məlumat verdilər.

Sonra tədbir iştirakçıları muzeydə yeni açılan ekspozisiya ilə tanış oldular.

Qabil YUSİFOĞLU
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
2
xalqqazeti.az

4Mənbələr