AZ

İkiqat Dünya, üçqat Avropa çempionunun yolu Olimpiya zirvəsinədir

Ötən həftə Azərbaycan idmanı üçün əlamətdar hadisə ilə yadda qaldı. Yunan-Roma güləşi üzrə komandamız Türkiyədə keçirilən Dünya Olimpiya Təsnifat Turnirində uğurla çıxış edərək 4 çəki dərəcəsinin 3-də Paris Oyunlarına lisenziya qazandı. On­ların arasında dünya çempionatının ikiqat, Avropa çempionatının üçqat qalibi Rafiq Hüseynov da var idi. Ünlü pəhləvanımızla doğum günü ərəfəsində güləş üzrə yığma komandanın məşq zalında həmsöhbət olduq. İlk sualımız lisenziya qazandığı yarı­şın həlledici görüşündə – Gürcüstan təmsilçisi ilə qarşılaşmanın son saniyələrində gözucu tabloya baxarkən hansı hisslər keçirməsi ilə bağlı oldu.

– Tabloya baxdığım an qəhərlən­dim. Qələbənin gətirdiyi, sözlə ifadə edilməyəcək sevinc hissləri çəkdiyim bütün əziyyətlərə son qoydu. Hər bir qələbə onu qazandıran böyük əziyyəti hədsiz sevincə, məmnunluğa çevirir. 

– Mayın 16-da 36 yaşınız tamam olur. Ad günü ərəfəsində bu qələbə, həm də özünüzə gözəl hədiyyə oldu. 

– Bəli, razıyam. Amma əsas uğur Paris Olimpiadasında hədəfə aldığım yüksək nəticə olacaq. 

– Dünya Olimpiya Təsnifat Turni­ri sizin üçün son şans idi. Yəqin ki, həyəcanınız da böyük idi.

– Təsnifat Turnirləri digər yarışlar­dan fərqli olaraq məhdud saydadır. Eyni zamanda, son şans olduğuna və digər amillərə görə, əlavə məsuliyyət yaradırdı. Məşqlərdə əlimdən gələni etmişdim ki, rəqiblərin təzyiqinə hazır olum. Yarışda 1 çəki yuxarı çıxış etmə­yim də əlavə çətinlik yaradırdı. 

– Hansı görüş sizin üçün daha çətin oldu? Çəkindiyiniz rəqiblər kimlər idi?

– Rəqibləri tanıdığım üçün onla­rı dəyərləndirmək mənim üçün daha asan idi. Belaruslu idmançı ilə bağlı kifayət qədər məşq etmiş, hazırlaşmış­dım. Düşünürdüm, onunla savaş daha ağır olacaq. Ayrı-ayrı qruplara düşdü­yümüz üçün hər ikimiz lisenziya qazan­dıq. İlk mərhələdə yunanıstanlı İlyas Paqkalidisə çətinliklə qalib gəldim. Hin­distanlı Kumar Sunilə görüşümlə bağ­lı Beynəlxalq Güləş Federasiyası da paylaşım etdi. Mübarizənin bitməsinə 1 saniyə qalmış rəqibdən qazandığım xal hesabına qalib gəldim. Arada düşü­nürəm ki, lisenziyasız qalsam nə hala düşərdim. 

– Deməli, idmanda bəxt amili də rol oynayır. 

– Bəli, kifayət qədər güclü idmançı­lar var ki, karyeraları boyu bəxtləri gə­tirməyib. Bu dəfə mənim bəxtim gətirdi. Tək güclü olmaq kifayət etmir. Final görüşümdə dünya çempionu, Avropa çempionatının ikiqat qalibi Laşa Qoba­dze ilə qarşılaşdım. Təhlükəli rəqibdir, yaxşı işlətdiyi texniki fəndlər var. Digər tərəfdən, bədəninə yağ çəkməsi fənd işlətməyimə çətinlik yaradırdı. Buna qə­dər iki dəfə mənə qalib gəlib. Bu dəfə xal hesabında irəlidə idim. Hakimlər 2 passivlik parterini mənə verdilər və mü­dafiə olunmağa çalışdım. Hətta bir an­lıq fənd işlətməyə çalışsa da, qarşısını ala bildim. Əslində, həmin görüşdə də şansım gətirdi. Görüşün bitməsinə 50 saniyə qalmış artıq bilirdim ki, qalibəm – gürcü idmançı çox yorulmuşdu. 

– Bakıda təşkil edilən Avropa Təsnifat Turnirində də uğur şansınız var idi. Niyə iştirak etmədiniz? 

– Əslində, həmin turnirə bu son ya­rışdan da yaxşı hazırlaşmışdım. Qərarı baş məşqçi verir. Sonra mənim indiki son təsnifat turnirində iştirakıma qərar verildi. Bunun üçün Bakıda keçirilən yoxlama görüşündə də qalib gəldim. 

– Təsnifat turnirində 1 çəki yuxarı çıxış etməyiniz əlavə çətinlik yara­dıb. Tokio Olimpiadasında isə medalı 77 kiloqram çəki dərəcəsində qazan­mışdınız... 

– Bəli, “Tokio-2020”də həmin çəki dərəcəsinə düşməyim uğurlu oldu, bü­rünc medal qazandım. Xatırladım ki, 77 kiloqram çəki dərəcəsində Olimpiya Oyunlarına lisenziya qazanan Avropa çempionu, ikiqat dünya çempionatının mükafatçısı Sənan Süleymanov kimi güləşçimiz var. O, çox perspektivli id­mançıdır. 

– Amma ötən olimpiadada şans­larınız daha yüksək qiymətləndirilir­di, yüksək mükafat qazana bilərdi­niz...

– Bəli, daha yaxşı çıxış etmək şan­sım var idi. Rəqiblərimin imkanlarını araşdırsam da, bəzilərini yetərincə dəyərləndirmədim. Düşünürdüm ki, on­lar mənə qalib gələ bilməzlər. Həmin idmançılardan biri məğlub olduğum qırğız güləşçisi idi. Ani səhvlər ucba­tından qələbə qazana bilmədim. Belə olanda insan əlavə təcrübə toplayır. Tokio Olimpiadasından çıxardığım nə­ticəni Paris Oyunlarında dəqiq nəzərə alacağam. 

– Paris Olimpiadasında rəqibləri­niz barədə nə deyə bilərsiniz?

– Fransa paytaxtında 16 idmançı mübarizə aparacaq. Onlardan 8-i Olim­piya Oyunlarının, dünya, Avropa çem­pionlarının qalibləri və mükafatçılarıdır. Onlar həm təcrübəli, həm də çox güclü idmançılardır. Digərləri isə başqa qitə – Afrika, Asiya, Amerika təsnifat turnir­lərindən gələnlərdir. Çalışıram ki, rəqib­lərimi düzgün təhlil edim. 

– İndiki imkanınızı karyeranızın zirvəsi saymaq olarmı? Xatırlayaq ki, Avropa çempionluğunuzu 2011-ci ildə qazansanız da, növbəti qələbə üçün 9 il gözləməli olmusunuz... Son­rakı illərdə 2 dəfə dünya və 3-cü Av­ropa çempionluğunu qazanmısınız. 

– İlk çempionluğumda daha enerjili, həvəsli idim. O zaman İslam Həmrəyliyi və Avropa Oyunları, Dünya kuboku ya­rışları istisna olmaqla, çempionluq se­vinci yaşamamışam. Hesab edirəm ki, həmin dövrdə komandada olan məşq­çilərin güləş üslubuma uyğun olmayan təlimləri öz sözünü dedi. İndi yığmada peşəkar məşqçilər çalışır, onların bə­ziləri komanda yoldaşlarımdır. Ümu­miyyətlə, komandamız hazırda çox güclüdür. Millimiz 2023-cü ildə ilk dəfə dünya çempionu olub. Düşünürəm ki, uğurlarımız davam edəcək. O ki qaldı Paris Olimpiadasını güləşçi karyera­mın “finalı” hesab etməyimə, bu barədə ehtiyatla danışıram. Uğur qazandığın zaman, bəzən idmandan getmək çətin olur. Çünki yeni nailiyyətlər qazanmaq istəyirsən. Planda var ki, nəticə uğurlu olsa, karyeramı başa vuracağam. Məs­ləhət olarsa, yığmada məşqçi, yaxud digər formada komandaya kömək edərəm. 

– Ailəlisiniz. Fasiləsiz məşqlər, yarışlar, stress, zədələr ailədə çətin­lik yaratmır ki?

– Çalışıram ki, idman həyatımı ev­dən kənarda saxlayım. Təbii ki, zədələr, əməliyyat və digər hadisələr zamanı bu, mümkün olmur. Aylarla evdə olmamaq, uşaqların üzünü görməmək həm mənə, həm də onlara çətindir. Evdə olanda çalışıram ki, bunun əvəzini çıxım. 

– Atanız SSRİ İdman ustası Radik Hüseynov sizi güləşə gətirib, məşq­çiniz kimi uğura doğru birgə addım­lamısınız. Bu ənənə ailədə davam edəcəkmi?

– Düz vurğuladınız. Atamla çiyin-çi­yinə bu yolu birgə gedirik. O, mənimlə qürur duyduğu kimi, mən də övladla­rımla fəxr etmək istəyirəm. Amma oğlu­ma mən yox, hazırda elə atam məşqlər keçir. Kiçik oğlum isə idman gimnasti­kası ilə məşğul olur. İdman böyük bir aləmdir. Qismət olsa, övladlarım da bö­yük idmana yüksələcəklər. 

Leyla QURBANOVA
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
xalqqazeti.az

1Mənbələr