AZ

Vaxt yetişib...

ATƏT-in Minsk qrupu ləğv edilməlidir!

İlham Əliyev: Azərbaycan tərəfi bu məsələni qaldırıb və  Ermənistan tərəfinin də buna razı olmaması üçün hər hansı bir səbəb görünmür

44 günlük Vətən müharibəsində qazanılan Zəfər və 2023-cü ilin sentyabrında baş tutmuş antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa olundu. Bu, həm də beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsinə, ədalətin bərpasına yol açdı. 30 ilə yaxın icrası həyata keçirilməyən BMT TŞ-nin məlum 4 qətnaməsi məhz Azərbaycan tərəfindən icra edildi. Yeni mərhələdə isə artıq sülh müqaviləsi aktuallıq daşımaqdadır. Nəzərə alsaq ki, xarici işlər nazirləri səviyyəsində keçirilmiş son Almatı görüşü bu istiqamətdə əsaslı addım kimi qiymətləndirilir, sülhün yaxın zamanda reallaşacağı ilə bağlı ümidlər artır. Hər iki tərəfin ortaya qoyduğu mövqe bunu deməyə əsas verir. Bölgəyə sabitlik və inkişaf vəd edəcək sülhün reallaşması üçün Azərbaycan dövlətinin ortaya qoyduğu səylər isə olduqca böyükdür. 2022-ci ilin martında sülhlə bağlı baza təkliflərini təqdim edən Azərbaycan bununla da danışıqlar prosesinə yeni ruh qazandırdı - təsadüfi deyil ki, bu gün mövqelərdəki yaxınlaşmalar məhz Azərbaycanın irəli sürdüyü və beynəlxalq hüquqa əsaslanan baza prinsipləri əsasında reallaşır. Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqu qəbul edərkən bildirib ki, Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin və bu prosesin əsasını təşkil edən fundamental prinsiplərin təşəbbüskarı məhz ölkəmiz olub və sülh müqaviləsinin mətni də Azərbaycan tərəfindən hazırlanaraq müzakirəyə təqdim edilib. Dövlətimizin başçısı vurğulayıb ki, hazırda sülh gündəliyinin irəliyə aparılması üçün Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesi davam etdirilir.

ATƏT-in Minsk qrupu torpaqların azad edilməsi üçün heç nə etmədi 

Diqqət yetirsək, artıq tarixə qovuşmuş “münaqişənin” həlli ilə bağlı vasitəçi qismində çıxış etdiyini irəli sürən qurumlar real fəaliyyəti ilə yadda qalmayıb -bu dövr ərzində yalnız Azərbaycana qarşı fərqli standartlardan çıxış edən bu beynəlxalq təsisatlar ədalətin bərpası üçün heç bir təsiredici vasitələrdən istifadə etməyib. Bu mənada, ATƏT-in tarixə qovuşmuş “Minsk qrupu”nun fəaliyyət(sizliy)i xüsusi vurğulanmalıdır. Xatırladaq ki, Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin tənzimlənməsi üzrə birbaşa vasitəçi qismində tanınan “Minsk qrupu”nun əsası 1994-cü ildə keçirilən ATƏM-in Budapeşt Zirvə toplantısı zamanı qoyulub. Həmin toplantıda Ermənistan-Azərbaycan münaqişəsinə dair Budapeşt sammitinin işinin konkret yekunu olaraq “Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi” adlı qərar qəbul olunub. Budapeşt Sammitinin nəticələrinə əsasən, 20 dekabr 1994-cü ildə Vyanada Ermənistan-Azərbaycan münaqişəsi üzrə ATƏT-in üzv ölkələrinin təyin etdiyi hərbi nümayəndələrdən ibarət Yüksək Səviyyəli Planlaşdırma Qrupu (YSPQ) təsis olunub. 28 avqust 1995-ci ildə isə ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının müzakirəsində olan münaqişə üzrə Şəxsi Nümayəndəsi (ŞN) vəzifəsi təsis olunub. 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq ediblər. Nəticə etibarı ilə isə, ötən dövr ərzində 

ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə yüzlərlə, bəlkə də minlərlə səfərləri gözdən pərdə asmağa xidmət etdi, problemin həllində iştirak isə ümumiyyətlə nəzərə çarpmadı. İllər boyu yalnız turistik səfərləri ilə yadda qalan, vasitəçi olsa belə, Ermənistanın maraqlarının açıq müdafiəçisinə çevrilən, hətta işğalçı ilə işğala məruz qalmış arasında bərabərlik işarəsi qoymağa çalışan ATƏT-in Minsk qrupu hüquqları pozulan azərbaycanlıları görməzdən gəldi. Aparılan danışıqlarda Ermənistana təzyiq göstərməyi, etdiyi cinayətlərə görə bu ölkədən hesab tələb etməyi yada belə salmayan Minsk qrupunun fəaliyyətsizliyi isə həm də beynəlxalq hüquqa qarşı qurumun hörmətisizliyi idi. Prezident İlham Əliyev bildirib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün və torpaqlarımızın işğalının nəticələrinin aradan qaldırılması ATƏT-in yaranmasından bu təsisatın gündəliyində olmasına baxmayaraq, nə bu təşkilat, nə də ATƏT-in Minsk qrupunun həmsədrlik mexanizmi münaqişənin nəticələrinin aradan qaldırılması, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtması üçün heç nə etməmişdir. Bu illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesi də Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət göstərmişdir.

Azərbaycan iradəsi və gücü hesabına işğala son qoyub

44 günlük müharibə ilə başa çatan “münaqişə” həm də ATƏT-in Minsk qrupunu tarixin arxivinə yolladı. Artıq tərəflər vasitəçisiz bir ortamda razılaşmanın  bir addımlığındadırlar. Son reallıqlar bu quruma ehtiyacın qalmadığını faktiki olaraq ortaya qoyur. Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edərkən deyib ki, Azərbaycan öz iradəsi və gücü hesabına beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini təmin edərək işğala son qoyub. Artıq Ermənistan-Azərbaycan münaqişəsinin tarixdə qaldığını və mövcud olmadığını deyən dövlətimizin başçısı qeyd etdi ki, buna görə ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır. Azərbaycan tərəfi bu məsələni qaldırıb və Ermənistan tərəfinin də buna razı olmaması üçün hər hansı bir səbəb görünmür

Bəli, artıq Azərbaycanın ərazi bütövlüyü təmin edilib, suverenliyi bərpa olunub. Regionda sülhün və təhlükəsizliyin təmini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi isə ikitərəfli xarakter daşıyır. Son təmaslar da sübut etdi ki, ikitərəfli, vasitəçisiz danışıqlar daha effektivdir. Beləliklə, “Minsk qrupu” kimi fəaliyyətsiz strukturların saxlanılması heç bir aktuallıq kəsb edə bilməz. 

P.SADAYOĞLU 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
180
yeniazerbaycan.com

1Mənbələr