AZ

“Xarkovu ələ keçirmək üçün Putinə 350-400 minlik qoşun və illər lazımdı...”- Hərbi ekspert

“Belə proqnozlaşdırıram ki, qarşıdakı ay yarım-iki ay ərzində Rusiyanın hərbi əməliyyatları bu tempdə davam etdirməsi mümkün olmayacaq...”
 
“Xarkov istiqamətindəki hücumları intensivləşdirməkdə Kremlin məqsədi birincisi, Ukraynanı danışıqlar masasına əyləşməyə məcbur etməkdi. İkincisi, Qərbə, ABŞ-a göstərməkdir ki, guya artıq Ukraynaya yardım-filan etməyin əhəmiyyəti yoxdur - bu ölkə döyüşməyi bacarmır”.
 
Hazırda Ukraynada yaşayıb fəaliyyət göstərən hərbi ekspert, ehtiyatda oloan polkovnik Elxan Nuriyev bu fikirləri Moderator.az-a açıqlamasında Rusiya ordusunun Xarkov istiqamətində son, ilk baxışdan uğurlu görünən hücumlarını təhlil edərkən ifadə edib.
 
“Sözsüz ki, bir neçə cümlə ilə Rusiya-Ukrayna cəbhəsindəki durumu xarakterizə etmək çətin məsələdir. Amma Xarkov istiqamətində hücumlar gözlənilirdi. Ukraynanın siyasi və hərbi rəhbərliyi bunu bilirdi. Lakin işğalçıların konkret olaraq hansı məntəqələrə hücum edəcəyi dəqiq müəyyənləşdirilməmişdi... 
 
Görünən odur ki, indiyədək ciddi bir uğura imza ata bilməyən Rusiyanın başqa əlacı yox idi. Kreml Ukraynanı, daha doğrusu, Qərbi danışıqlar masasına əyləşdirmək üçün “iri balıq tutmaq” xəyalına düşüb. “İri balıq” da Ukraynanın ikinci böyük şəhəri, 2 milyon yarımlıq meqapolisdir.  Ancaq Putin də yaxşı bilir ki, Xarkov şəhərini ələ keçirmək üçün Rusiyaya 350-400 minlik qoşun gərəkdi və azı 100-150 min nəfərlik hərbçi itkisinə hazır olmaq lazımdı. Xarkov balaca bir kənd deyil ki, onu asanlıqla ələ keçirəsən”, - deyə davamında polkovnik izah edib. 
 
“Bir sözlə, Xarkov istiqamətindəki hücumları intensivləşdirməkdə Kremlin məqsədi birincisi, Ukraynanı danışıqlar masasına əyləşməyə məcbur etməkdi. İkincisi, Qərbə, ABŞ-a göstərməkdir ki, guya artıq Ukraynaya yardım-filan etməyin əhəmiyyəti yoxdur - bu ölkə döyüşməyi bacarmır... Üçüncüsü, bununla Rusiya Qərb ölkələrinin xalqlarına, ictimaiyyətinə demək istəyir ki, sizin hökumətlərinizin Ukraynaya bütün yardımlarına, dəstəyinə rəğmən mən istənilən halda istədiyimi edirəm... Dördüncüsü, bildiyiniz kimi, Avropa parlamentinə seçkilər başlayır və qitənin müxtəlif ölkələrindəki radikal solçular və sağçılar aktivləşiblər. Sözsüz ki, onlar seçkilərdə bu cür məsələlərdən istifadə etməyə çalışacaqlar. Təbii ki, Rusiya da onlara dəstək verəcək... Bir sıra digər səbəblər də var...  
 
Xarkova hücum eyni zamanda hərbi baxımdan Ukrayna ordusunun bir neçə istiqamətdən ehtiyat qüvvələrini çıxarmasına hesablanıb. Hazırda düşmən nə Çasov Yar, nə Avdeyevka, nə də Pokrovsk, Kupyansk istiqamətlərindən uğurlu əməliyyatlar həyata keçirə bilir. Odur ki, hər şeyə, hər metoda əl atmağa çalışır və təbii ki, Ukraynanın müdafiəsində zəif yer axtarır. Yəni gerçək vəziyyət bundan ibarətdir. Və deyək ki, guya sabah Rusiya hücum edib Xarkovu ələ keçirəcək – bu, baş tutan məsələ deyil... Xarkovu götürmək üçün nəhəng canlı qüvvə və texnikadan əlavə, həm də illər lazımdır... Cəbhədəki indiki reallıq isə ondan meydana gəldi ki, Qərbdən yardımlar ləngidi, Rusiya tərəfi də bundan istifadə etdi... Amma belə proqnozlaşdırıram ki, qarşıdakı ay yarım-iki ay ərzində Rusiyanın hərbi əməliyyatları bu tempdə davam etdirməsi mümkün olmayacaq”, - həmsöhbətimiz diqqətə çatdırıb. 
 
“ABŞ Müharibə Təhqiqatları İnstitunun(“İSW”) ekspertləri iddia edir ki, Xarkov istiqamətindəki hücum Rusiya üçün “bufer” zonası yaratmaq məqsədi daşıyır. Bu fikirlə razılaşmaq olarmı?” sualını isə hərbi ekspert belə cavablandırıb:
 
“Bəli, bu fikirlə, nəticə ilə mən də razlyam. Rusiya Xarkov istiqamətindəki hücumları həm də “bufer” zona yaratmaq məqsədi ilə həyata keçirir. Yəni Xarkov vilayəti ilə həmsərhəd olan öz ərazilərini- Belqorod,  Voronej, Kursk vilayətlərini  qorumağa çalışır. Ruslar bu məsələni dəfələrlə dillərinə gətiriblər. Rusiyanın ehtiyatda olan generalları, hərbi ekspertləri KİV-də, telekanallardakı verilişlərdə bu haqda danışıblar. Yəni biz son hücumların “bufer zona” məqsədi daşıdığını dəqiq bilirik. Çünki bu haqda ruslar özləri danışırlar”.
 
Sultan Laçın
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
1
moderator.az

2Mənbələr