AZ

İşsiz qalan psevdomissiya

Avropa İttifaqının məramsızlığına qarşı narazılıq dalğası

Onların rəsmi İrəvanın dəvəti ilə bölgəyə nə niyyətlə gəldikləri bugünədək dəqiq bilinmədiyi kimi, indi də hansı “missiyanı” yerinə yetirdikləri ciddi suallar doğurur. Avropa İttifaqının (Aİ) iki il yarım bundan əvvəl elan etdiyi məqsədin – Ermənistan–Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi missiyasının arxasında çox maraqlı fəaliyyəti müşahidə etdik. Fəqət, bu gün fransız pensiyaçı jandarmların və istefada olan alman hərbçilərinin “binokl diplomatiyası”nın nəyə xidmət etdiyini bölgə dövlətlərinin hamısı yaxşı bilir. Onların Ermənistanın Rusiya, İran və Türkiyə ilə sərhədində quraşdırdıqları radio-müşahidə qüllələrindəki cihazların hansı məlumatları topladığı və bu barədə haraya hesabat verdiklərini anlamaqdan ötrü kriminalist olmağa ehtiyac yoxdur. 

“Aİ missiyası Ermənistanın qonşularına – Rusiya, Azərbaycan və İrana qarşı getdikcə daha çox “işlər” görür, açıq-aşkar təxribatçı fəaliyyət göstərir”. Sitat Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin “news.ru” verdiyi maraqlı açıqlamasından götürü­lüb. Mayın 10-11-də Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh müqaviləsi üzrə ikitərəfli danışıqların keçirilməsini alqışladığını nəzərə çatdıran naziir müavini bununla Cənubi Qafqazda etibarlı və uzunmüddətli sülhün və sabitliyin əldə edilməsi istiqamətində daha bir addımın atıldığı qənaətində olduğunu bildirib.

***

Aİ-nin Ermənistandakı müşahidə mis­siyası artıq şübhəli məqsədlərə xidmət edən yarımülki, yarıhərbi kəşfiyyat-desant qru­puna çevrilib. “Missiya açıq-aşkar təxribat xarakterli fəaliyyət göstərir, tam şəkildə an­ti-Rusiya təbliğatı ilə məşğul olur, Ermənis­tan cəmiyyətində Aİ-nin, guya, bu ölkənin təhlükəsizlik və rifah mənbəyi olması barədə yanlış fikirlər aşılayır. Üstəlik, Aİ üzvlərinin fəaliyyəti getdikcə daha çox anti-Azərbaycan və anti-İran xarakter alır”, – deyən M.Qalu­zin, həmçinin onu da vurğulayıb ki, Rusiya hər hansı konkret marşrutun yaradılmasının deyil, əksinə, Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının tamamilə açılmasının tərəfdarıdır.

Bu mülki missiyanın Aİ-nin hibrid mü­haribəsinin aləti olması faktını onun məxfi, qeyri-şəffaf fəaliyyətinin, nə Ermənistan, nə Azərbaycan, nə də digər maraqlı dövlətlər və strukturlar tərəfindən hesabatlılıq və nəzarə­tin olmamasını təsdiqlədiyinə diqqəti yönəl­dən Rusiya XİN rəhbərinin müavini daha sonra bildirib: “Missiya açıq-aşkar təxribat xarakterli fəaliyyət göstərir, tam şəkildə an­ti-Rusiya təbliğatı ilə məşğuldur, Hayastan cəmiyyətində Avropa İttifaqının Ermənistan üçün “təhlükəsizlik və rifah mənbəyi” olması barədə yanlış fikirlər aşılayır”. 

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri, siyasi icmalçı Fərid Şəfiyev məsələyə bir qədər fərqli rakurs­dan yanaşdığını söylədi. Onun fikrincə, əl­bəttə, Azərbaycanın Avropa İttifaqının Ermə­nistandakı mülki missiyasının fəaliyyəti ilə bağlı müəyyən iradları var. Amma bu zaman Rusiya tərəfinin bu missiya barədə şərhini eyni müstəvidə nəzərdən keçirmək o qədər də düzgün yanaşma deyil: “Ən azı, ona görə ki, münaqişənin davam etdiyi uzun müddət ərzində rəsmi Moskva məhz Ermənista­nı dəstəkləyib. Bunun əyani sübutu kimi, 1997-ci ildə Ermənistana böyük həcmdə si­lah ötürülməsi ətrafında yaranmış qalmaqalı yadımıza salmağımız kifayət edər. Yəni, indi Mixail Qaluzinin açıqlamasını olduğu kimi qəbul etməkdən, ondan sitat gətirməkdən bir qədər çəkinərdim”.

Beynəlxalq münasibətlər üzrə tanınmış ekspertin rəyinə hörmətlə yanaşaraq, onu da nəzərə çatdırmağı zəruri sayırıq ki, indi Cə­nubi Qafqazdakı mövcud reallıq baş verən hadisələrə praqmatik yanaşma tələb etdiyi kimi, ikitərəfli münasibətlərə də həssaslıq və fərqlilik qatır. Bəli, Ermənistanla Azərbay­can arasında münaqişənin alovlanmasında, davam etməsində, eləcə də ərazilərimizin işğal olunmasında Rusiyanın ozamankı rəh­bərliyinin təqsiri kifayət qədərdir. Biz bunu unutmamışıq, amma, eyni zamanda, Kremlin son illər Bakı ilə münasibətlərində, xüsusilə, haqqın və tarixi ədalətin yerini almasında əvvəlki səhvlərini düzəltməsi kimi dəyər­ləndirilə biləcək hərəkətlərini də görməzdən gəlməli deyilik. 

Mixail Qaluzinin sözlərinə görə, uzun­müddətli regional təhlükəsizlik, sabitlik və sosial-iqtisadi inkişafın təmin edilməsi və­zifələrindən danışılırsa, qərblilərin bölgəni hərbiləşdirmək, burada Aİ və NATO-nun hərbi-siyasi təsirini genişləndirmək planları bunlara qətiyyən uyğun gəlmir. Rusiya diplo­matı qeyd edib ki, Moskva Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının tam açılmasının tərəfdarıdır. “2021-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderləri­nin qərarı ilə yaradılan üçtərəfli işçi qrup üç ölkənin baş nazir müavinlərinin birgə sədrli­yi ilə məhz bununla məşğul olur” – deyə, o, bildirib. M.Qaluzin bu zaman diqqəti Qərb ölkələrinin təzyiqi ilə İrəvanın bu istiqamətdə üçtərəfli qarşılıqlı fəaliyyətin dondurulması barədə qərar qəbul etməsinə yönəldib.

RF XİN başçısının müavini “news.ru”-ya müsahibəsində ayrıca qeyd edib ki, Cənubi Qafqazın tərəqqisinə gedən yol inklüziv dia­loqdan, xüsusən də “3+3” məşvərətçi regional platforma çərçivəsində yaranan məsələlərə kollektiv cavabın axtarışından və region xa­ricindəki qüvvələrin geosiyasi göstərişlərinə müqavimət göstərməkdən keçir. 

Bəli, rəsmi Moskva dövlətimizin başçısı­nın bir il bundan əvvəl Tbilisidə irəli sürdüyü “Qafqaz evi” ideyasını dəstəklədiyini bildirir. M.Qaluzinin sözlərindən çıxan məntiqi nəti­cə odur ki, qafqazlıların üzləşdikləri müba­hisə və münaqişələri öz aralarında, kənar mü­daxilə olmadan həllinin alternativi yoxdur. 

İmran BƏDİRXANLI
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
xalqqazeti.az

1Mənbələr