AZ

Sülhməramlılar xoş məramla yola salınır

Bədxahların gözləntilərinin əksinə olaraq, bu missiyaya vaxtından əvvəl xitam verildi

2020-ci ilin noyabrında Zəfəri­mizlə başa çatmış İkinci Qarabağ savaşından sonra Azərbaycan hakimiyyəti atdığı konkret və məqsədyönlü addımlarla, 2023-cü ilin sentyabrında həyata keçirdiyi antiterror tədbiri ilə bölgədə sepa­ratizmə son qoymaqla ölkəmizin ərazi bütövlüyü və suverenliyini bərpa etdi. 

Birsutkalıq antiterror tədbiri, sadəcə, Qarabağda deyil, bütövlükdə, Cənubi Qafqaz bölgəsində siyasi gündəmi və re­allığı dəyişdi. Son səkkiz ayda bölgədə geosiyasi hadisələr məhz bu reallığın fo­nunda cərəyan etməkdədir. İstinad etdi­yimiz həmin tarix həm də Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontin­gentinin o vaxtadək yerinə yetirdiyi missi­yasına zərurəti aradan qaldırmış oldu. 

İstər 8 ay əvvələ qədər, istərsə də ondan sonrakı dönəmdə Qərbdəki bədxahlarımız, şübhəli mənbələrdən maliyyələşən anti-Azər­baycan mediası rus sülhməramlılarının nəinki 2020-ci il 10 noyabr tarixli Bəyanatda göstə­rilən son müddətdə – 2025-ci ilin noyabrında, ümumiyyətlə, heç vaxt Azərbaycandan çıxma­yacaqları barədə vay-şivən qoparırdılar. Onlar sayı iki mindən az olan sülhyaratma qüvvələ­rini “işğalçı rus qoşunu” kimi qələmə verir, bu kontingentin 2025-ci ilin noyabrından sonra “Rusiyanın Azərbaycandakı hərbi bazasına” çevriləcəyi barədə özlərinin uydurma tezislə­rini ictimai rəyə sırımağa çalışırdılar. Təkcə onların deyil, eləcə də son üç il ərzində bu mövzu üzərində çirkin manipulyasiyalar edən daxildəki qaraguruh müxalifətin iddiaları da tamamilə iflasa uğradı. 

* * *

Cənubi Qafqazda reallığı dəyişmiş Azər­baycan hakimiyyəti dövlətin və xalqın milli maraqlarını hər şeydən üstün tutaraq, neytral müşahidəçilərdə belə müəyyən suallar do­ğuran rus sülhməramlılarının səlahiyyəti və Qarabağda qalma müddəti məsələsini də bey­nəlxalq hüquqa uyğun şəkildə, qonşu ölkə ilə ikitərəfli münasibətlərə zərrə qədər xələl gətir­mədən, qarşılıqlı hörmət və razılaşma əsasın­da həll etməyi bacardı. Məhz iki ölkə liderinin birgə verdikləri qərara əsasən, sülhməramlılar bölgəni vaxtından əvvəl tərk etməyə başladı­lar. 

* * *

Dünən Xocalı rayonunda Qarabağda mü­vəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı­larının bölgədən çıxarılmasına həsr olunmuş mərasimdə Azərbaycan və Rusiya tərəfindən yüksək rütbəli zabitlər iştirak ediblər. “Ermə­nistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdıqdan sonra Moskva və Bakı sülhməramlı fəaliyyətin öz hədəfinə çatdığı üçün Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxa­rılması prosesinə başlanmasına dair birgə qə­rar qəbul ediblər”. Bu sözləri Rusiya Silahlı Qüvvələri Quru Qoşunlarının Baş Komanda­nının birinci müavini, Quru Qoşunlarının Baş Qərargah rəisi, general-polkovnik Yevgeni Nikiforov deyib. Onun sözlərinə görə, Rusiya sülhməramlıları qarşıya qoyulmuş vəzifələri yerinə yetiriblər: “Sülhün bərqərar olunması prosesində istehkamçılarımız tərəfindən min­lərlə hektar ərazi minalardan təmizlənib, 30 min ədəd partlayıcı zərərsizləşdirilib”. 

Rus generalının çıxışında inciklikdən əsər-əlamət yox idi. O, komandanlıq etdiyi qo­şun növünün Azərbaycan ərazisində gördüyü işlərdən, həyata keçirdiyi missiyadan qürurla danışırdı. Axı həmin sülhməramlı kontingentə Azərbaycan tərəfi daim pozitiv yanaşıb, fəa­liyyətinə hər cür yardım göstərib. Ermənis­tan tərəfi isə bir çox hallarda onlara, az qala, “Bakıdan təlimatlandırılan xüsusi hərbi dəstə” kimi münasibət göstərirdi. 2023-cü ilin sent­yabrından sonra isə bu münasibət düşmənçilik səviyyəsinə qədər dəyişmişdi. Amma Azər­baycan rəhbərliyi özünün uzaqgörən siyasəti, uğurlu diplomatik addımları ilə iki ölkə arasın­dakı münasibətlərə, azacıq da olsa, kölgə düş­məsinə imkan vermədi. Bunun tamamilə ək­sinə olaraq, Azərbaycan–Rusiya münasibətləri daha da gücləndi, ikitərəfli faydalı əməkdaşlıq bütün sahələr üzrə yeni mərhələyə qədəm qoy­du. 

Azərbaycan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev Qa­rabağdan çıxarılan Rusiya sülhməramlıları­na göstərdikləri xidmətlərinə görə təşəkkür edib: “Sizə Qarabağda sülh və stabitliyin tə­min olunması üçün cəsarətli xidmətinizə görə təşəkkür edirəm”. 

General-polkovnik çıxışında xatırladıb ki, qeyri-qanuni erməni silahlı birləşmələrinin mülki əhaliyə qarşı davam edən təxribatlarının qarşısının alınması və Qarabağ iqtisadi rayo­nu üzərində Azərbaycan Respublikasının tam nəzarətinin bərqərar edilməsi məqsədilə 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri keçirilib: “Bu tədbirlər nəticəsində separatçı rejimin fəaliyyətinə son qoyuldu, Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı birləşmələri ölkə ərazisindən tam çıxarıldı. Yaranmış vəziyyət nəzərə alınaraq ölkələrimizin ali rəhbərliyi tərəfindən Rusiya Federasiyasının sülhməram­lı kontingentinin missiyasının vaxtından əvvəl dayandırılması barədə qərar qəbul edildi”.

Sonda Rusiyanın Qarabağdakı sülhmə­ramlı qüvvələrinin komandanı, general-mayor Kirill Kulakov Rusiyanın “Şücaət” ordeni ilə təltif olunub. Eləcə də bir qrup rus hərbçiyə sülhməramlı kontingentdə fərqləndiklərinə görə medallar təqdim edilib.

* * *

Azərbaycan və Rusiya generallarının işti­rak etdiyi bu tədbirin özü rəsmi İrəvana göz dağı olmaqla yanaşı, həm də yuxarıda qeyd etdiyimiz bədxahların, xaricdə oturub döv­lətimizin ünvanına ermənisayağı hədyanlar yağdıran “sapı özümüzdən olan baltalara” ən tutarlı cavabdır. Bəli, bu, nəyi, nə zaman və necə edəcəyini dəqiq bilən Azərbaycan Prezidenti İlham Əliyevin uğur paradlarının siyahısına əlavə olunacaq növbəti diploma­tik qələbəsidir. Bölgədə güc və söz sahibinə çevrilmiş Azərbaycanın yolu bütün qonşuları ilə ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmətdən, xoşməramlı tərəfdaşlıq və faydalı əməkdaşlıqdan keçir. Bu sağlam mövqeyi, si­yasi reallığı artıq bütün dünya qəbul edir. 

İ.BƏDİRXANLI
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
xalqqazeti.az

1Mənbələr