AZ

Uğursuzların uğursuz revanşı

Haylar köhnə rejimin xaos yaratmaq cəhdini dəstəkləmirlər

Azərbaycan və Ermənistan arasında aprelin 19-da Qazax rayonunun erməni işğalı altında olan 4 qeyri-eksklav kən­dinin qaytarılmasına dair əldə edilən razılaşma Hayastanda revanşist hiss­lərlə yaşayanların əllərinə bəhanə ver­di. Onlar razılaşmanın ertəsi günündən etibarən buna qarşı çıxmağa başladılar. Lokal xarakterli etiraz aksiyaları Qazax rayonu ilə həmsərhəd olan Tavuş vi­layətindən start götürdü.

Aksiyalara rəhbərlik edən, ruhani qi­yafəsinə bürünən erməni apostol kilsə­sinin vilayət üzrə yeparxiyasının arxiye­piskopu Baqrat Qalstanyan mayın 4-dən İrəvana doğru yürüşə başladı. Mayın 9-da paytaxtın mərkəzi meydanında ilk böyük mitinq keçirildi. Müstəqil mənbələrin qiy­mətləndirmələrinə görə, mitinqdə 30 min nəfərə yaxın etirazçı iştirak edib. Bundan ruhlanan B.Qalstanyan mayın 10-dan hökumətə qarşı itaətsizlik aksiyalarına başlayacaqlarını bildirdi. Ancaq bu dəfə onun çağırışına cavab verənlərin azlıq təşkil etməsi diqqətdən yayınmadı. Və­ziyyətin belə olduğunu görən, kütləviliyi təmin etmək istəyən Baqrat mayın 12-dəyenidən mitinq təyin etdi. Həmin mitinq isə əvvəlkindən xeyli sönük keçdi. Üstə­lik, baş verən itaətsizlik aksiyası, yolların bağlanması, universitetlərdə dərslərin dayandırılması ilə bağlı hüquq-mühafizə orqanlarının davranışı diqqəti cəlb etdi. Onlar qanunun tələbinə müvafiq olaraq sanksiyalaşdırılmamış aksiyalara çıxan­lara güc tətbiq etməkdən çəkinmədilər.

Onu da bildirək ki, əvvəllər Kanada­nın erməni yeparxiyasında arxiyepiskop vəzifəsini tutan Qalstanyan mayın 12-də keçirilən mitinq zamanı revanşist baxışla­rını açıq şəkildə ortaya qoydu. O, “vətəni geri qaytarmağın yolunun” (?) intiqamdan keçdiyini bildirdi. Üstəlik, Qalstanyan tək­cə ritorika ilə kifayətlənmir. Onun rəhbər­lik etdiyi yeparxiyanın öz dəstəyi ilə ermə­ni uşaqlara hərbi təlim keçdiyi, Qaregin Njdenin millətçilik ideyalarını təbliğ etdiyi bildirilir.

Ümumiyyətlə, Qalstanyan Ermənis­tanın ictimai-siyasi həyatında yeni fiqur deyil. İki il əvvəl “Daşnaksütyun”, Robert Koçaryan tərəfdarları və Serj Sarkisyanın “Respublika” partiyası hökumətə və sülh prosesinə qarşı indikinə oxşar aksiyalar təşkil etmişdilər. Hazırda əvvəlki rejim­lərlə heç bir əlaqəsinin olmadığını iddia edən Baqrat 2022-ci ilin uğursuz etiraz aksiyaları zamanı səhnəyə çıxmış və ic­timaiyyət qarşısında sülh sazişinin əley­hinə fikirlər səsləndirmişdi.

Bu dəfə isə “Erməni, Ermənistan, Vətən və Tanrı” şüarı ilə kütləyə müraciət edən Qalstanyanın nə gələcəyə hesab­lanmış strategiyası, nə konkret həll yolu, nə də müharibəni təbliğ etməkdən başqa hər hansı təklifi var idi. Müxalifət tərəfin­dən dəstəklənən arxiyepiskopun populist ritorikası və utopik vədləri ictimaiyyəti hökumət dəyişikliyi barədə düşünməyə inandıra bilmədi.

Paşinyanın istefa verəcəyi təqdirdə onun yerinə kimin keçəcəyi sualına da dəqiq cavab yoxdur. Qalstanyan bildirdi ki, bu şəxs heç bir partiyadan olmayacaq. R.Koçaryan dövründə xarici işlər naziri vəzifəsində çalışmış Vardan Oskanyan isə dedi ki, Baqrat keçid dövrünün baş naziri postuna ən uyğun namizəddir. Sonradan məlum oldu ki, Qalstanyan Ermənistan vətəndaşı olmaqla yanaşı, həm də Kanada vətəndaşıdır və Hayas­tan konstitusiyasına görə baş nazir seçilə bilməz. Kanada vətəndaşı olduğunu eti­raf edən Qalstanyan baş nazir postuna tələb ediləcəyi təqdirdə ona “yox” deyə bilməyəcəyinə eyham vurdu: “Əgər xalq bunu istəsə və erməni patriarxı buna xe­yir-dua verəcəksə, mən kiməm ki, “yox” deyim? Amma istəmirəm”.

Təbii ki, bunlar boş sözlərdir. Qals­tanyan ambisiyalarının reallaşmasının mümkünsüzlüyünü başa düşür. Çünki 30 min tərəfdar ona baş nazir ola bilmə­si üçün kifayət etmir. Bunun üçün kons­titusiya dəyişikliyi, habelə parlamentin 107 deputatının yarıdan çoxunun (54 deputatın) səsi lazımdır. Yeri gəlmişkən qeyd edək ki, hazırda parlamentdəki yer­lərin yalnız 35-i müxalifət bloklarına aid­dir. Etimadsızlıq votumu təqdim etmək üçün onlara bir səs lazımdır. Qalstanyan bu məqsədlə Koçaryan və Sarkisyan dövründə müxtəlif vəzifələrdə çalışmış müstəqil deputat İşxan Zakaryanla gö­rüşdü. Zakaryan Paşinyana etimadsızlıq səsverməsində iştirak edəcəyini bildirdi. Amma etimadsızlıq səsverməsinin parla­mentdən keçməsi üçün, ümumilikdə, 54 deputatın səsi lazımdır. Bu isə o demək­dir ki, Qalstanyan baş nazir Nikol Paşin­yanın partiyasından olan deputatları razı salmalıdır. Paşinyan tərəfdarlarının buna razılaşacaqları isə, necə deyərlər, dərya­da balıq sevdasıdır.

Bəzi analitiklər mayın 9-da keçirilən aksiyanı N.Paşinyanın bugünlərdə 6 ili tamam olan hakimiyyəti dövründə təşkil edilən ən böyük etiraz aksiyası kimi qiy­mətləndirirlər. Zənnimizcə, bu da təsadüfi deyil. Məsələ ondadır ki, ABŞ-nin “GAL­LUP International Association” analitika və məsləhət şirkətinin Ermənistan nü­mayəndəliyinin açıqladığı sorğunun nəti­cələrinə görə, ötən ilin martında sorğuda iştirak edənlərin 16 faizi Paşinyanın fəa­liyyətindən razı idilərsə, cari ilin martında bu rəqəm 8 faiz təşkil etmişdir. Analitiklər bu fikirdədirlər ki, 2020-ci ildən sonra da yanlış qərarlar verməkdə davam edən Paşinyanın reytinqi azalmaqda davam etsə də, onun güclü rəqibinin, ictimaiy­yətin Ermənistan müxalifətini təşkil edən fiqurlara inam və rəğbətinin olmaması Nikolun mövqeyini gücləndirən amillər­dəndir. Görünür, elə bu səbəbdəndir ki, hazırkı etirazlar fonunda da müxalifət liderlərinin reytinqi yüksəlmədi. Cəmiy­yət onları, necə deyərlər, aşağı profildə saxlamağa üstünlük verdi. Eyni zaman­da, Paşinyana yaxın media orqanlarının, sosial şəbəkələrin erməni seqmentindəki böyük səhifələrin və teleqram kanalları­nın yaxşı işlədiyni də vurğulamaq lazım­dır. Onlar Qalstanyanın “Daşnaksütyun” lideri İşxan Saqatelyan, R.Koçaryanın deputat oğlu Levon, keçmiş müdafiə na­ziri Seyran Ohanyan və digər müxalifət nümayəndələri ilə görüşünün görüntülə­rini yaydılar. Üstəlik, R.Koçaryanın rəh­bəri olduğu “Hayastan” fraksiyasının sədr müavini Qarnik Danielyanın və “Daşnak­sütyun”dan olan deputat Geqam Manuk­yanın mitinqlərdə fəal iştirakı bu etiraz­ların, həqiqətən də, müxalifət tərəfindən təşkil edildiyinə dair cəmiyyətdə əlavə sübutlar yaratdı. Bütün bunları nəzərə alaraq, eyforiya ilə İrəvana küçələrinə tö­külüşənlərin bir qədər sonra uğursuzluq girdabında evlərinə geri dönəcəklərini proqnozlaşdırmaq mümkündür.

Ermənistandakı etiraz aksiyaları barədə fikirləri “XQ” ilə bölüşən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi direktoru­nun müavini, politoloq Fuad Çıraqov bildirdi ki, artıq bir müddətdir həm Azər­baycan, həm də Ermənistan rəsmiləri müxtəlif səviyyələrdə tərəflərin sülhə çox yaxın olduğu barədə ümidverici bə­yanatlar verirlər. Onun sözlərinə görə, eyni zamanda, biz Qazaxın 4 kəndinin ölkəmizə qaytarılmasından sonra Tavuş vilayətində başlanan etiraz aksiyalarının ötən həftə İrəvana çatdığını gördük: “İndi isə biz Ermənistanın keçmişlə gələcək arasında dilemmada nəyi seçəcəyini, bu tarixi imtahandan necə çıxacağını görəcəyik. Ermənilərin mifik, yoxsa, real Ermənistana üstünlük verəcəklərini görə­cəyik. Ermənistanın dinc birgəyaşayışı, tarixi şansın ona verdiyi imkandan istifa­də edərək normal dövlət olmağı, yoxsa ədavəti, son nəticədə, bəlkə də, öz döv­lətçiliyinin sonunu seçəcəyini indi biləcə­yik”.

F.Çıraqov qeyd etdi ki, bu baxımdan Prezident İlham Əliyevin ötən həftəki çıxışı həm də Ermənistana, dünya ermə­nilərinə və onların havadarlarına ünvan­lanmış çox mühüm mesajları daşıyırdı. Həmin çıxış, xüsusilə, Ermənistanda sülh prosesinə, Qazaxın kəndlərinin Azərbay­cana qaytarılmasına etiraz edən revan­şistlərə və onların himayədarlarına ün­vanlanmışdı.

Müsahibimiz bildirdi ki, dövlətimizin başçısı bu çıxışdan əvvəl də Ermənistanı silahlandırmağa çalışanlara və İrəvanın özünə həmin silahlanmanın Azərbaycan üçün təhlükəli, kritik həddə çatacağı təq­dirdə Hayastan ərazisinin dərinliyində və istənilən nöqtəsində yerləşən hərbi obyektləri məhv edə biləcəyimiz barə­də xəbərdarlıq etmişdi. Onun sözlərinə görə, budəfəki xəbərdarlıq bir xatırlatma kimi üç ünvana yönəlmişdi: “Birincisi, bu xəbərdarlıq İrəvan küçələrinə tökülmüş revanşistlərə ünvanlanmışdı. İkincisi, Paşinyan hökumətinə yönəlmişdi ki, eti­razları bəhanə gətirərək sülh prosesində Azərbaycan növbəti haqlı tələblərindən boyun qaçırmağı ağlından keçirməsin. Belə ki, əvvəlki illərdə bütün Ermənistan rəhbərləri dəfələrlə radikalların etirazları­nı bütövlükdə, “xalqın etirazları” kimi təq­dim edərək konstruktivlikdən boyun qa­çırmışdılar. Üçüncüsü isə Ermənistanın havadarlarına idi. Onlar əvvəllər həmişə erməni cəmiyyətinin hansısa məsələ ilə bağlı Paşinyana təzyiqlərini əsas gə­tirərək, Azərbaycanı Paşinyanı anlama­ğa, ona çox təzyiq etməməyə və güzəştə getməyə çağırırdılar. Maraqlıdır ki, ermə­ni xalqının mövqeyi həmin dairələr üçün həmişə maraqlı və əhəmiyyətli olub. Sadə azərbaycanlıların mövqeyi isə heç vaxt önəm daşımayıb”.

Politoloq açıqlamasının davamında bildirdi: “Cənab Prezidentin ötən həftə həmin dairələrə verdiyi mesaj bu idi ki, hazırda Ermənistanla danışıqlar prose­si özünün ən həlledici məqamına çatıb. Ermənistan həm hərb meydanında, həm də diplomatik formatda dalana dirənib. Həm hərbi resursları tükənib, həm də çox ümid etdiyi diplomatik manevr imkanları qalmayıb. Daha doğrusu, Azərbaycanı böyük dövlətlərlə üz-üzə qoymaq və ölkəmizə qarşı böyük güclərin təzyiqlə­rini təşkil etməklə bağlı ümidlər özünü doğrultmayıb. Ona görə də bu gün İrə­van küçələrinə tökülənlərə Azərbaycanın mesajı budur ki, sülhün alternativi onlar üçün çox baha başa gələcək. Dövlətimi­zin başçısı bu çıxışda Azərbaycanın prin­sipial mövqeyindən nəinki geri çəkilmə­diyini, həm də Bakının haqlı tələblərinin vaxtında və xoşluqla təmin edilməyəcəyi təqdirdə, istənilən yolla öz milli maraqla­rına nail olmaq qətiyyətini bir daha bəyan etdi”.

F.Çıraqov hesab edir ki, Ermənistan­dakı radikalizmin mahiyyətini yaxşı anla­dığı üçün Azərbaycan rəsmi İrəvandan sülh müqaviləsindən əvvəl ölkənin kons­titusiyasına və digər qanunvericiliyinə müvafiq dəyişikliklər aparmağı tələb edir. Çünki biz yaxşı bilirik ki, 4 kəndin qay­tarılmasına bu qədər etiraz edən ermə­ni radikalları sülh müqaviləsinə də eyni münasibəti göstərəcəklər. Məhz buna görə də qanunvericiliyə dəyişiklik tələbini sülh müqaviləsi üçün ilkin şərt kimi irəli sürürük. Çünki bölgədə əmin-amanlığın bərqərar olması üçün sülh müqaviləsinə və bütövlükdə, sülh prosesinə təkcə Pa­şinyan yox, bütün erməni cəmiyyəti səs verməlidir. Erməni cəmiyyəti ancaq bu ağrılı yolla yeni reallığı qəbul edə, mifik “böyük Ermənistan” iddiasından əl çəkə və bir qədər də sağala bilər.

Səxavət HƏMİD
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
xalqqazeti.az

1Mənbələr