AZ

NAXIRÇI AXTARIŞINDA - Əlisəfa Azayevdən HEKAYƏ

Qaravəlli kəndində naxırçı məsələsi əsl problemə çevrilmiş, çoxlarına dərd olmuşdu. Xüsusilə Əsədulla kişiyə. Kəndin naxırçısı vardı ey. Feyzi son günlər fors edib, işə çıxmır, hey gileylənirdi:

  • Daha işlədiyim bəsdir.Ölürəm.
  • Nə tez?
  • Tezdi?!... Yaşım qırxı keçib.

Onun bu sözləri gülüş doğurar, onu qınayardılar:

  • Ə, adam var ki, yaşı altmışı, yetmişi keçib, hələ də əmək fəaliyyətindədirlər. Sən nə tez özünü qocaltdın belə?
  • Deyirsiz də. Can həmişə ələ düşmür ki.
  • Yoxsa arvad yaxşı baxmır sənə?
  • Arvadımla işiniz yoxdu.

Məsələnin mürəkkəbliyi də elə buradan qaynaqlanırdı. Feyzi arvaddan qorxduğu üçün ona bir söz deyə bilmirdi. O da hökm edirdi  ki, hər şeyin qiyməti artır, sən də qiyməti qaldırmalısan. Feyzi üzə düşsə də, camaata bu barədə bir kəlmə söz deyə bilmirdi.

Son dəfə onu Əsədulla kişi sıxma-boğmaya salmışdı. Tənbeh edəndə dedi:

  • Utanmırsan da. Sənin tayların ev, ailə saxlayır, bu yaşda çıx otur evdə. Sənin uşaqlarına kim baxacaq?
  • Arvad işləyir də.
  • İşləsin də... Süpürgəçi? Onun aldığı nədi ki?!
  • Niyə yeməkxanada qab da yuyur.
  • Utan, xəcalət çək! Kişi dura-dura arvad yollarda, küçədə qalmaz.

Əsədulla kişi dilxor halda evə gələn kimi arvadı Havaxanımı səslədi:

  • Evdəsən?
  • Hə...
  • Eşidirsən məni?
  • Dedim hə də.
  • Axşama bir qazan as.
  • ...
  • Lap südlü aş olsun. Ağsaqqalları dəvət etmişəm.
  • Kimi?!
  • Kəndin sayılıb-seçilən adamlarını da.
  • Xeyir ola?
  • Naxırçı məsələsi ilə əlaqədar. Feyzi istefa verib, işə çıxmır.
  • Nə qudurub belə bu yetim?!
  • Ağrı arvaddan keçib də. Qiymət qaldırmaq istəyir.

Axşam Əsədulla kişinin evi əsl mənada hərbi qərargahı xatırladırdı. Kənd sakinləri bir-bir, iki-iki onlara tərəf gəlməkdə idilər. Bəzisi lap hövsələsizlik edib onu səsləyirdi:

  • Ay Əsədulla kişi!
  • Gəlirəm.
  • İt bağlıdı?
  • Əlbəttə ki.
  • Bir şalvarım var, onu da cırıb-parçalayar.
  • Yox... Daha ağ eləmə də.
  • Axşamın xeyir.
  • Aqibətin xeyir. Xoş gəlmisiniz.

Mədət müəllim beləcə xüsusi qayğı ilə qarşılandı. Məclisin yuxarı başında ona yer verdilər. Soruşdu:

  • Mənim qohumum gəlməyib?
  • Kim?!
  • Feyzi – naxırçı da.
  • Hə, sabiq...
  • Keçmiş deyəndə, işləmir indi?

Müəllim bu sözləri ilə sanki Əsədulla kişinin yaralı yerinə toxundu:

  • Müəllim, panaman da mübarəkdi.
  • Çox sağ olun.
  • Guya bilmirsən ki, bura nə üçün yığışmışıq?!
  • Azdan-çoxdan... Belə də...
  • Xəbərin yoxdu ki, bu gün mal-qara qapılarda qalıb. Anqırışa-anqırışa, böyürə-böyürə...
  • Bizimkilər də...
  • Yaxşı bilirsən axı özün.
  • Hə... Səs-küy eşidilirdi. Tağı dilləndi:
  • Pulu azsa, artıraq da.
  • Məncə, kifayətdi.
  • Heç qara fəhlə bu qədər əmək haqqı almır.

Əsədulla kişi vaysındı:

  • Sən mənim canım heç söhbətdi. Mənim pensiyam onun aldığının üçdə biri qədər deyil. Ayda cəmləyib altı yüz manat veririk də. Hər adama on, iyirmi manat. Artıq verənlər də olur.

Mədət müəllim mızıldandı:

  • Vallah düz deyirsiniz. Bizim məktəbdə müəllim var ki, ayda heç iki yüz manat pul almır. Bunun əmək haqqı isə ayda az qalır ki, min manat  eləsin. Məndən də çox alır ki, bu...

İcra nümayəndəsi Yaşar gülümsədi:

  • Bə nə, ay müəllim. Pul indi belə işlərdədi də. Biz də tutmuşuq dövlət işinin qulağından.

Bələdiyyə sədri əlini yellədi:

        • Sən Allah kövrəlmə, ağlama. Dəsmal verimmi?
        • Sənə nə var.Torpaqdan-zaddan satıb başını saxlayırsan.

Əvvəl süfrəyə isti çay, sonra da südlü aş gəldi. Yemək ustası, xiridarı olan Vəliməmməd gonbul bədənin yırğalaya-yırğalaya dedi:

  • Ay səni, cənnətlik olasan, Əsədulla kişi. Çoxdan idi ki, südlü aş yemirdim. Kişi də baməzəliyindən qalmadı:
  • Bunun üçün mənə yox ey, Feyziyə minnətdar olmalısan. O protest etməsəydi, burada niyə yığışardıq.
  • Hə... Təkbaşına tətil.
  • Qanun belələrinin də hüquqlarını müdafiə edir də.

Mədət müəllim:

  • Yaxşı, bu yetim özü bu barədə nə deyir?
  • Deyir ki, yaşlaşmışam, yorulmuşam.

Gileyli səslər eşidildi:

  • Bəhanədi də.
  • Kül başına.
  • Arvadağız.
  • Şərəfsiz...
  • Kəndi pis vəziyyətdə qoyub.

Feyzi bu sözlərə, təhqirlərə dözməyib, acıq edib gedəndə, onu güclə saxladılar:

  • Yaxşı, sakit, xörəyini ye.
  • Cinləndirirsiz də. Arvad kimdi, mən onun sözlərinə baxım?!

Əsədulla kişi səbirli halda dedi:

  • Yaxşı, daha ağ eləmə. Əlbəttə, arvad böyük qüvvədi. Yaradandı... Sənin kimi neçə kişi olsun, bir körpə dünyaya gətirə bilərmi?
  • Onsuz?
  • Bəli.
  • Bu... Əlbəttə... Mümkün deyil. Naxırçı elə gərək mən olam?!

O gecə nə qədər çalışsalar da, Feyzini razı sala bilmədilər. Kəndə beləcə naxırçı tapmaq əsl problemə çevrildi. Söhbət kənddəki, kənddən çıxıb şəhərə gedən cavanlardan düşəndə, Əsədulla kişi dedi:

  • Ə, sən Allah onlar harada işləyirlər?
  • Dağlı, köhnə kömürçü məhəllələrində.
  • Nə işdə?

Səslər eşidildi:

  • Biri qəssab...
  • Qapıçı...
  • Maşın yuyan...
  • Göysatan...

Kişi onların sözlərindən dilxor halda üzünü Mədət müəllimə tutdu:

  • Tərbiyə etdiyiniz uşaqlardı da. Bu yetimlərə deyən lazımdı ki, belə çirkli, qara işlərdə işləyəcəkdinizsə, elə kənddə qalıb, işləyərəm də.

Yenə də səslər eşidildi:

  • Hamısı boşluğun nəticəsidir.
  • Köpəyoğlunun Sovet hökuməti. Belələrini yaxşıca qandırırdı.
  • Bizimki şillə-qapaqdı da. Bunsuz düzəlmirik.

Mədət müəllim dedi:

  • Biz tərbiyə etmişdik ey. Günah zəmanədədi. Obyektivlik pozulanda, belə hallar da olur.
  • Sən də elə Feyzinin sözlərini deyirsən ki.

Əsədulla kişinin bu sözlərinə gülüşdülər. O isə yenidən üzünü müəllimə tutaraq dedi:

  • Sən o şəhərdəkilərin adını yazıb mənə ver. Sənin işin yoxdur. Mən naxırçı taparam:

Kimsə dilləndi:

  • İnanın, eləsi var ki, şəhərdə həyətə, itə baxır.

Gülüşdülər:

  • Arvada baxan, dayəlik edən də var.
  • Sürücü işləyən də.
  • Birini tanıyıram, keşikçilik edir.

Beləcə söhbət acı bağırsaq tək uzandı. Onlar gecədən xeyli keçmiş yerlərindən qalxıb evlərinə gedəsi oldular. Xoruzlar banlayırdı. Mədət müəllim soruşdu:

  • Əsədulla kişi, indi səhər şəhərə gedəcəksən də.
  • Hə...
  • Pulun yoxsa, yolxərcliyi verək?
  • Pis olmaz.

Əsədulla kişi şəhərə çatan kimi ilk əvvəl həmin məhəlləyə gedəsi olub, qəssabxanada oldu. Məliki görən kimi tanıdı:

  • Ə, bu sənsən?!
  • Bəli, əmi...
  • Əminin də, sənin də doğmaları gorbagor olsun.
  • Niyə axı?!... Nə hirslənmisən belə?..

Oğlan onunla görüşmək istəyəndə, kişi baltasını götürüb kənara tulladı:

  • Qəssablıq edənsən, kənddə işləyə bilməzsən?!.
  • Səbirli ol, a kişi.
  • Necə səbirli olum, küt balta ilə xalxın aldığı əti zay edirsən.

Müştərilər səsləndilər:

  • Görürsən də?!...
  • Düz deyir də!...
  • Halal olsun bu kişiyə!...

Əsədulla kişi hələ də yanıqlı-yanıqlı gileylənməkdə idi:

  • Kənddə naxırçı tapmırıq, bunlar burada veyillənirlər.

Oğlan səsləndi:

  • Əmi, nə veyillənmək?! Kənddə işlədim də. Pul verən vardı?!... Hamısı borc dəftərinə yazdırırdı. “Ubıtkaya” düşüb, müflis oldum.
  • Ağır günündə kənd sənə dayaq olacaq. Bunların heç xəbəri olmayacaq. 
  • Hə... İctimai varlıqsınız da...

Sonra da maşınyuyanın yanına getdi. Başı qarışıq idi. Əlində yuyulmuş maşını silib təmizləyirdi. Əsədulla kişi köpüklü suyu Cahidin üstünə tutaraq səsləndi:

  • Al gəldi, bu da sənin təmizlik işin!
  • Oğlan səsləndi:
  • Nə edirsiniz?!..
  • Mənimlə şəhərli dilində danışma, vələdüzna! Kənddə naxırçılığa əsl namizədlərdən biri sənsən.
  • Əmi, sənsən?!
  • Hə, mal-qarası qırılan bədbəxt.
  • Nolub ki?!
  • Naxırçı tapmırıq, mal-qara qırılır da.
  • Burada aldığımı, orada qazana biləcəyəmmi?
  • Əlbəttə ki...
  • Çətin.

Uşaqlar hələ də kişinin bu ərköyün hərəkətinə qəhqəhə çəkib, uğunub getməkdə idilər:

  • Ay səni!...
  • Ağsaqqal!...
  • Haqq elədi!...

Cahid onlara acıqlandı.

  • Rədd olun, vələdüznalar, nəyə gülürsünüz?!

Səslər eşidildi:

-Sənə!..

  • Beləcə batıb bulaşmağına!...
  • Veterana bax da!...

Əsədulla kişi özünü söyə-söyə indi də hansısa təşkilatda qapıçı işləyən Əzimin açdığı qapını təpiklədi:

  • Öl də...Utanım yerinə...

Oğlan kükrədi:

  • Nolub ey?!..
  • Ə, nökərçilik edirsən, gedib kəndində elə də!

Kişi işidi bu?!..

  • Kənddə nə edəcəyəm ki?
  • Əkib-becər...
  • Torpağım var?!..
  • Bəhanə tapmağa pərgarsınız. Naxırçılıq elə. Ayda altı yüz... Min manata yaxın alır.
  • Sözdü də...Eləsi var ki, yazığı aylarla incidir, pulunu vermir.

Kişi sonra da bir göysatana yaxınlaşdı. Səbirli ola bilməyib, təpiklə vurub onları dağıtdı:

  • Kişi ol, ə!...

Fətəli çınqıdı:

  • Bu, nə sözlərdi?!...
  • Arvad işi ilə məşğul olma!
  • Ağsaqqalsan, özünə, hərəkətlərinə qiymət ver!
  • Bəs sən?!Kənd naxırçısız qalıb, sən burada veyillənirsən!
  • Kim, a kişi?!
  • Elə biri sən!

Onlar əlbəyaxa oldular, sahə müvəkkili işə qarışdı, onu töhmətlədi:

  • Düzgün etmirsən, kişi! Mənimlə bölməyə gedəcəyik.

Orada da bölmə rəisi o tərəf-bu tərəf edəndə, kişi bir hay-küy qopartdı ki, idarə rəisləri onları çağırası oldu:

  • Yaxşı, sizə nə lazımdı?Eşidirik kişi?...

Əsədulla kişi cingidi:

  • Mənə nə lazımdı?! Kənddə naxırçı tapa bilmirik! Bu avaraların çoxu qaçıb bura gəlib, hər həftə də piket, mitinq deyə doluşurlar meydana! Prezidentin adına, işinə ləkədi bunların hərəkətləri!..

Rəis onun ötkəm bir kişi olduğun görüb səsləndi:

  • Kişi düz deyir. Tez ona çay gətirin... Əyləş... Əhsən sənə... Bizim adamsan...
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
adalet.az

1Mənbələr