AZ

Kartlardan pul oğurlanmasında bankların özlərinin əli varmı?..

Image

Azərbaycanda bank kartlarına qarşı edilən dələduzluq hallarının sayı artır. Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd edilir ki, təkcə şənbə və bazar günləri 27 bank kartından pul çıxarılıb. 

Hər bir fakt kart sahibinin ehtiyatsızlığından, şəxsi məlumatları tanımadığı şəxsə ötürməsindən və hansısa bahalı əşyanı ucuz qiymətə almaq niyyətindən baş verib. Belə olan halda əhalinin bank kartlarına etibarı azalır.

Əmanətlərin bank kartlarında qorunması istiqamətində banklar tərəfindən hansı addımlar atılmalıdır?

Nadim Əliyev: “Son 2-3 ildir bank kartlarına qarşı dələduzluq halları çoxalıb” 

İKT sahəsi üzrə ekspert Nadim Əliyev “Bakı-Xəbər”ə açıqlamasında  qeyd etdi ki, onlayn alış-veriş saytlarından istifadə etməzdən öncə o saytların ciddi, normal platforma olduğuna əmin olmaq lazımdır:“Bəzən ucuz qiymətlərlə insanların diqqətini çəkirlər, amma belə nüanslara mütləq diqqət etmək lazımdır. Saytda şəxsi hesab, şəxsi kabinet açmazdan öncə şərtləri oxumaq lazımdır. Siz ora şəxsi məlumatlarınızı daxil edirsiniz, mütləq bilməlisiniz o məlumatlarla bağlı qarşı tərəf hansı formada yanaşma təklif edir. Çünki bank kartı yükləyərkən ilk dəfə sizdən 3D təhlükəsizlik kodu istəyir. Siz bu kodu yazırsınız. Qeyri-ciddi saytlarda bu kod yalnız bir dəfə istənilir və siz onu yazdıqda bilmədən növbəti alış-verişlər üçün kod istənilməməsini, məlumatlarınızın silinməməsini təsdiq edirsiniz.

Onu da deyim ki, son 2-3 ildir bank kartlarına qarşı dələduzluq halları çoxalıb. Paralel olaraq banklar da bu illər ərzində sistemlərini təkmilləşdiriblər. Heç kim deyə bilməz ki, kodu vermədiyim halda mənim kartımdan pul silinib. Banklar vətəndaşa mesajla xəbərdarlıq edir, kod səhv yığıldıqda kartı bloklayır, zəng edib soruşur ki, əməliyyatı edən sizsiniz? 3D kod olmadan həyata keçirilən əməliyyatlarda müəyyən limitlər qoyur. Vətəndaş özü məlumatlarını verirsə, artıq bank sistemi onu tuta bilmir, vətəndaşın etdiyi əməliyyat kimi qəbul edir”.

Əkrəm Həsənov: “Eyni gündə və eyni müştəridən çoxlu sayda əməliyyatlar icra olunursa, bunlar şübhəli əməliyyatlar sayılır, belə şəxslərə banklar "stop" qoymalıdır” 

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bunun başlıca səbəbi vətəndaşların bank kartlarının kodunu başqalarına verməsidir: “Kart məlumatları heç kəsə verilməməlidir. Kim olur-olsun, bank kartlarının məlumatlarını heç kəsə  vermək olmaz. Problem yaranan zaman şübhəli əməliyyatlar aparan şəxslərə qarşı banklar tərəfindən "stop" qoyulmalıdır. Burada məsələnin iki tərəfi var, biri təhlükəsizlik, ikincisi müştəri məmnuniyyəti və rahatlığıdır. Burada bir optimal balans olmalıdır. Banklar nə etməlidir? Əslində, bankların çoxunda bu sistem var. Eyni gündə və eyni müştəridən çoxlu sayda əməliyyatlar icra olunursa, bunlar şübhəli əməliyyatlar sayılıb, belə şəxslərə banklar "stop" qoymalıdır. Bütün banklar bu sistemi etməlidir. Eyni zamanda vətəndaşlar arasında böyük maariflənmə işləri aparılmalıdır".

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
baki-xeber.com

1Mənbələr