AZ

Azərbaycan İslam dünyasının birləşməsi, İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir

Dövlət başçısı İlham Əliyev Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı kimi şərəfli ada layiq görülməsini müsəlman dünyasının Azərbaycana növbəti dəstəyinin, hörmətinin əlaməti kimi qəbul edir

Ötən il Qətərin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın qədim söz-sənət beşiklərindən olan Şuşa şəhərinin 2024-cü il üçün ICESCO-nun “İslam dünyasının mədəniyyət paytaxtı” proqramı üzrə namizədliyi irəli sürüldü. Konfrans iştirakçılarının yekdil qərarı ilə Qarabağımızın incisi 2024-cü il üzrə “İslam dünyasının mədəniyyət paytaxtı” adına layiq görüldü. Şuşanın tarixi şöhrəti özünə qaytarılır. Dövlət başçısı İlham Əliyev mayın 11-də Şuşanın Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimində bu qərara görə ICESCO-ya, onun rəhbərliyinə, ICESCO-ya üzv ölkələrə təşəkkürünü bildirdi. Qeyd etdi ki, Şuşa bu şərəfli ada layiq görülüb və biz bunu İslam dünyasının Azərbaycana növbəti dəstəyinin, hörmətinin əlaməti kimi qəbul edirik. Cənab İlham Əliyev qürurverici olan bu məqamı da xüsusi qeyd etdi ki, Azərbaycan şəhərinin bu şərəfli ada layiq görülməsi birinci dəfə deyil. 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhəri də İslam dünyasının mədəniyyət paytaxtı elan edilmişdi. Biz İslam həmrəyliyi istiqamətində ardıcıl fəaliyyət göstəririk. Azərbaycan İslam dünyasının birləşməsi, İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir: «Ölkəmizdə bir çox beynəlxalq tədbirlər, musiqi festivalları, mədəni tədbirlər keçirilir. Təbii ki, Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı olması bizə əlavə imkan verəcək ki, öz mədəniyyətimizi həm müsəlman ölkələrinin ictimaiyyətinə, həm də dünya ictimaiyyətinə çatdıraq»

Yuxarıda sözügedən konfransda Prezident İlham Əliyevin rəhbərliyi ilə Şuşa şəhərinin qısa müddət ərzində yenidən qurulması, həyatın bu qədim yurdumuza qaytarılması, eyni zamanda, tarixi-mədəni və dini abidələrin bərpa edilərək istifadəyə verilməsi istiqamətində aparılan intensiv işlər, Şuşanın beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi müsəlman ölkələri və ICESCO tərəfindən yüksək dəyərləndirildi. ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik «Xarıbülbül» musiqi festivalının açılışındakı çıxışında bildirdi ki, Şuşa 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı oldu. 2023-cü ildə isə o, Türk dünyasının mədəniyyət paytaxtı seçildi. Amma 2024-cü ilin bu günündə o, İslam dünyasının mədəniyyət paytaxtı kimi özünəməxsusluq bayrağını və dühasını daşıyır. Hər dəfə əhatə genişlənir, coğrafiya böyüyür. Üç il mədəniyyət paytaxtı adına layiq olan az sayda belə şəhər var. Bu, dərin bir işarədir. Bu, nailiyyətə, imkanlara və ehtirama işarədir. Bu, Şuşa şəhəridir - paklıq, saflıq və xoş ab-hava şəhəri. Şəhərin adı da elə buradan gəlir. Bizlərdən kimsə dünyada adı saflığa və təmizliyə uyğun gələn başqa şəhər tanıyırmı? Buranın havası təmiz, insanların hissləri pakdır. Buna görə də təəccüblü deyil ki, Şuşa bütünlüklə Qafqazda musiqinin paytaxtıdır, təsviri sənətin məkanıdır, gözəl Azərbaycan xalçasının vətənidir, musiqi, fikir və şairlər yurdudur. O da vurğulandı ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, birinci xanım, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu qarşısına nəcib hədəflər qoyub. Belə ki, bu Fond, Qarabağın başqa yerlərində olduğu kimi, Şuşa şəhərinin abadlaşdırılması, yenilənməsi yükünü də öz üzərinə götürüb. Biz bu işlərin hər yerdə vüsət aldığının şahidiyik. Bu nümunəvi Fond qısa vaxt ərzində əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir. Biz burada yeni yolları, yaraşıqlı binaları, gözəl hotelləri, yenilənən muzeyləri, xalçaları və məscidləri görürük. Bütün bunlar məsuliyyətin dərk edilməsinə, çağırışa hazır olmağa dəlalət edir: «Bu, hərtərəfli inkişaf çağırışıdır. Bunu Prezident İlham Əliyev zəkası ilə böyük həvəslə həyata keçirir və bu da təəccüblü deyil, çünki məhz O, torpaqların azadlığı bayrağını qaldırmışdır. Məhz O, əbədi qayıdış anını xalqına bildirmişdir. Məhz O, öz ayıq-sayıqlığı ilə şəhərin azadlığını planlaşdırmışdır. Bu isə başqa hekayədir.»

Bu gün mədəniyyət paytaxtımız Şuşa şəhəri beynəlxalq tədbirlərə, böyük mədəniyyət layihələrinə ev sahibliyi edir. Bu qədim şəhərimizdən dünyaya sülh, birlik və humanizm mesajları verilir. Azərbaycan İslam ölkələrini birləşdirən İqtisadi Əməkdaşlıq Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında fəal iştirak edir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, İslam Əməkdaşlıq Təşkilatı da həmişə - həm işğal dövründə, həm işğaldan sonra, həm də İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı zamanı və ondan sonra Azərbaycanın yanında olub. Azərbaycan bu təşkilatın dəyərli üzvüdür. Azərbaycanda müsəlman dininə və bütün dinlərə olan münasibət bu təşkilat tərəfindən yüksək qiymətləndirilir. Bu təşkilat bütün müsəlman ölkələrini birləşdirir. Bu təşkilatda bizim təşəbbüslərimizin qəbul edilməsi və dəstəklənməsi xüsusi məna daşıyır. Əsas məqsədi müsəlman ölkələri arasında siyasi, iqtisadi, ticari, mədəni əlaqələrin möhkəmləndirilməsi, islamofobiyaya qarşı birgə mübarizəni gücləndirmək olan hər iki təşkilatın üzv dövlətləri artıq tarixə qovuşan Qarabağ münaqişəsinin davam etdiyi 30 ildə daim Azərbaycanın yanında olmuş, ölkəmizin ərazi bütövlüyünü dəstəklədiklərini qəbul etdikləri rəsmi qətnamələri ilə bildirirlər. Postmüharibə dövründə Azərbaycana səfərləri zamanı 30 il Ermənistanın işğalı altında qalan ərazilərdə erməni vandallarının törətdikləri vəhşilikləri pisləyən hər iki təşkilatın üzvləri bu qəddarlığı İslami dəyərlərə hörmətsizlik adlandırırlar.

Azərbaycan-Türkiyə münasibətləri İslam həmrəyliyinin möhkəmləndirilməsində əsas faktor kimi önə çəkilir. Bu birlikdən bəhs edərkən daim 44 günlük İkinci Qarabağ müharibəsi başlanan andan bugünədək Türkiyənin Azərbaycanın yanında olması xüsusi qeyd edilir. Artıq dillərdə əzbər olan «Azərbaycan tək deyil» çağırışı özündə bütün məqamlara aydınlıq gətirir. Dövlət başçısı İlham Əliyev Vətən müharibəsi başlandığı ilk günlərdən Azərbaycanın yanında olan qardaş Türkiyənin İslam həmrəyliyinin möhkəmlənməsindəki rolunu da yüksək qiymətləndirir. Prezident İlham Əliyev 2021-ci ilin martında İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında çıxışı zamanı səsləndirdiyi çağırışları xatırlatmaq istərdik. "İşğal zamanı Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanın kənd və şəhərlərini, bütün mədəni və dini abidələrini qəsdən dağıtmışdır. Bizim məscidlər donuz və inək saxlanılan yerlərə çevrilmişdir. Bütün bunların foto və videoları internetdə var. Bu bütün İslam dünyasına qarşı olan düşmənçilikdir. Azərbaycan xalqının mədəni və dini irsinin qəsdən dağıdılması və təhqir edilməsi faktları beynəlxalq media nümayəndələri tərəfindən əks etdirilmişdir" söyləyən cənab İlham Əliyev bildirmişdir ki, bütün müsəlmanların hisslərini təhqir edən Ermənistanın müsəlman ölkələri ilə əlaqələrini genişləndirmək cəhdləri riyakarlıqdan başqa bir şey deyil. Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyə dəyərli töhfələr vermişdir. Biz müxtəlif beynəlxalq kürsülərdən İslam ölkələrini birliyə çağırmışıq. Azərbaycan İslam dininin zorakılıq və terrorla əlaqələndirilməsini kəskin şəkildə pisləyir. Biz islamofobiyaya qarşı mübarizə aparmalı və İslamın həqiqi dəyərlərini-sülh, tolerantlıq və ədaləti təşviq etməliyik. Humanitar çağırışların, təşəbbüslərin müəllifi kimi tanınan Azərbaycan islamofobiyaya qarşı mübarizədə fəal iştirak etməklə multikultural dəyərlərə malik tolerant dövlət olduğunu atdığı addımları ilə təsdiqləyir. İşğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə, dini abidələrimizin bərpasına yardım etmək istəyən müsəlman ölkələrinin Azərbaycana müraciətləri türk həmrəyliyinin ifadəsidir.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması bütünlükdə müsəlman ölkələrini birliyə çağırış kimi dəyərləndirildi. «İslam Həmrəyliyi ili» çərçivəsində müxtəilf ölkələrdə tədbirlərin keçirilməsi, həmçinin IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi Azərbaycanın tolerant ölkə olaraq multikultural dəyərlərin inkişafında maraqlı olduğunu nümayiş etdirdi. Bu təşəbbüsləri təkcə müsəlman dövlətlərini deyil, dünya xalqlarını sülhə, birliyə, bərabərliyə səsləyən Azərbaycanın hədəfi humanizm və xeyirxahlıq dini olan İslama qarşı qərəzli halların qarşısını almaq, bu dini terrorla birləşdirən qüvvələrə İslami dəyərlərin əhəmiyyətini təbliğ etməkdir. IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi İslam dövlətlərinin birlik, həmrəylik rəmzi kimi insanları qovuşdurdu. “Bakı-2017” İslamiadanın tarixinə ən möhtəşəm idman bayramı kimi yazıldı. Azərbaycan tolerantlıq və multikulturalizm sahəsində qazanılan zəngin təcrübəsini dünya birliyinə çatdırdı. Baxmayaraq ki, həmin oyunlardan xeyli müddət keçib, Azərbaycanın ev sahibliyi etdiyi 54 ölkədən 3 mindən çox idmançının iştirak etdiyi İslam Həmrəyliyi Oyunlarını izləyən xarici qonaqların söylədikləri fikirlər bu gün də yada salınır. Bildirilmişdir ki, indiyədək İslamiada Bakıdakı qədər izdihamlı, təntənəli olmayıb. Bu reallığı da xüsusi qeyd etmək istərdik ki, bu gün dünya ictimaiyyəti Azərbaycanın nümunəvi tolerantlıq, multikulturalizm modelini, dinlərarası dialoq mədəniyyətini qəbul və təqdir edir.

Türk dünyasını birləşdirəcək, İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin də faydalanacağı daha önəmli layihə Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək avtomobil və dəmir yolunun bərpasıdır. İstanbula qədər uzanacaq bu nəqliyyat infrastrukturu əsl mənada dostluq, birlik, həmrəylik yolu olacaq. Prezident İlham Əliyev Zəngəzur dəhlizinin əhəmiyyətindən bəhs edərkən qətiyyətlə bildirir ki, tarixi, strateji maraqlarımız kontekstində mühüm əhəmiyyətə malik, bütövlükdə regionda inteqrasiya proseslərini stimullaşdıracaq Zəngəzur dəhlizi Ermənistan istəsə də, istəməsə də açılacaq. Çünki Zəngəzur sadəcə kommunikasiyaların keçəcəyi dəhliz deyil, azərbaycanlıların tarixi Vətənidir. Dövlət başçısı İlham Əliyev ötən ay ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda jurnalistlərin suallarını cavablandırarkən hadisələrin təhlili fonunda yaranan bu suala daim cavab axtardığını bildirdi. Cənab İlham Əliyev dedi ki, mənim üçün böyük sual olaraq qalır: nəyə görə onlar Zəngəzur dəhlizinə qarşı bu cür canfəşanlıqla çıxırlar? Nəyə görə onlar bunu təhlükə kimi görürlər? Onlarda bir növ fobiya var və mən bunun izahını bilmirəm: «Onlar hətta “dəhliz” sözünə qarşı çıxırlar. Düşünürlər ki, dəhliz suverenliyin pozulması deməkdir. Biz Azərbaycan ərazisindən keçən Şimal-Cənub Nəqliyyat Dəhlizindən danışanda, bizdə belə fobiya yoxdur. Dəhliz yaxşı məlum olan beynəlxalq sözdür və onlar Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər. Bir sözlə, bu, çox qəribədir. Lakin bir daha qeyd etmək istəyirəm ki, biz gələcək haqqında düşünməliyik.»

Azərbaycanın bu ilin noyabr ayında ev sahibliyi edəcəyi COP29 da türk və islam dünyalarının birliyinin, həmrəyliyinin gücləndirilməsinə öz töhfələrini verəcək. Ümumilikdə Azərbaycanın xarici siyasətində hər iki istiqamət əsas yer tutur. Tarixi Zəfərimizdən sonra bu birliyin möhkəmləndirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqətdədir. «Türkiyə ilə Azərbaycan arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi»nin imzalanmasının ardınca Türkiyənin, Azərbaycanın və Pakistanın parlament sədrlərinin ölkəmizdə bir araya gələrək Bakı Bəyannaməsini imzalanmaları türk aləminin həmrəylik coğrafiyasını daha da genişləndirdi. İslami dəyərlərə kölgə salmağa çalışan qərəzli dairələrə qarşı etibarlı ideoloji silah olan hər iki Bəyannamə bütünlükdə müsəlman dünyası ölkələrinin siyasi, iqtisadi, ticari, mədəni, tarixi əlaqələrinin yeni istiqamətlərini özündə ehtiva etməklə İslam dininin bəşər sivilizasiyasına bəxş etdiyi dəyərlərin beynəlxalq aləmdə təbliğinə də imkan yaratdı.

İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Ermənistanın Azərbaycana hərbi təcavüzü və Xocalı soyqırımı ilə bağlı ölkəmizin haqlı mövqeyini dəstəkləyən dörd qətnamənin qəbulu da münasibətlərimizin, ədalətə və beynəlxalq hüquqa söykənən siyasətimizə dəstəyin aydın ifadəsidir.

Bu mühüm məqam da daim önə çəkilir ki, xalqların birlik və həmrəyliyi üçün başlıca amil qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və yeni prioritetlər üzrə inkişaf etdirilməsidir. Azərbaycan yerləşdiyi coğrafi məkana görə daim müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirir. Ölkəmiz Qərblə Şərqin qovuşduğu məkanda yerləşməklə tolerantlığı, multikultural dəyərlərə hörməti həyata keçirdiyi siyasətin əsası kimi qəbul edir. Artıq multikulturalizm həyat tərzimizə çevrilib. Ölkəmizin ənənəvi olaraq ev sahibliyi etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, Dünya dini liderlərinin Zirvə görüşü, Bakı Qlobal forumları və sair kimi beynəlxalq əhəmiyyətli tədbirlər əməkdaşlığın dərinləşməsində və coğrafiyasının genişlənməsində əhəmiyyətli rol oynayır. May ayının əvvəlində keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində ABŞ-ın Corc Meyson Universitetinin Sülh və Münaqişələrin Həlli üzrə Cimmi və Rozalin Karter Məktəbinin dekanı, professor Alpaslan Özerdem bildirdi ki, Bakıda toplaşdığımız zaman biz sərhədləri aşan, məfkurələri keçən dərin çağırışlarla və fürsətlərlə səciyyələnən qlobal durumun şahidiyik. Bəşəriyyət iqlim dəyişmələri, pandemiya, terrorçuluq, kiber təhlükələr və geosiyasi gərginlik kimi mürəkkəb məsələlərlə üzləşir. Əlbəttə ki, biz münaqişələri həll etməli və sülhü qorumalıyıq. 2011-ci ildə başladıqdan sonra məhz “Bakı Prosesi” bu məqsədi vacib tutub. Bu vacib məqam da diqqətə çatdırıldı ki, bütün çağırışlar qarşısında bir araya gəlmək, parçalanmanı dəf etmək və daha parlaq ümumi gələcəyə doğru yol açmaq üçün nadir fürsətimiz var. Bu, “Bakı Prosesi”nin özəyidir. Bakıda Şərq ilə Qərb, ənənə ilə müasirlik qovuşur.

Dövlət başçısı İlham Əliyev çıxışında vurğuladı ki, Forum çox mühüm beynəlxalq platformadır və orada mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunur. “Bakı Prosesi” başlayanda heç təsəvvür edə bilmirdik ki, onun nəticəsində insanları - ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirəcəyik, bir məqsəd ətrafında toplayacağıq ki, necə edək bizim dünyamız daha təhlükəsiz olsun. Çünki bunun əsasında mədəniyyətlərarası dialoq dayanır. 

Cənab İlham Əliyevin “Azərbaycan heç bir xarici qüvvənin diktəsi ilə oturub-durmur, müstəqil siyasət aparır və sürətlə inkişaf edir, eyni zamanda, sübut edir ki, bu gün müsəlman aləmində dinamik, müasir, öz milli mənəvi dəyərlərinə sadiq, güclü bir dövlət vardır. Bu da bəzi xarici dairələrin stereotiplərinə, yaxud da ki, yaratdıqları stereotiplərə sığmır. Əfsuslar olsun ki, bu gün İslam aləmi daha çox münaqişələr zonası kimi təqdim edilir, islamofobiya meyilləri güclənir, İslam dininə qarşı təhqir-böhtan kampaniyası aparılır və görəndə ki, müsəlman aləmində belə gözəl, dinamik inkişaf edən, müasir ölkə var, əlbəttə, bu da onların planlarını alt-üst edir» fikirləri İslam dünyasının birliyinin gücləndirilməsinin günümüzün əsas çağırışı olduğunu təsdiqləməklə yanaşı, İslam dininin insanları saflığa, ülvi mənəviyyata dəvət etdiyini açıqlayır.

Şuşanın 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi mühüm məqamlara aydınlıq gətirir. Onu da qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti, ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən Şuşanın mədəni irsinin, mədəni, tarixi və dini abidələrinin bərpa etdirilməsi İslam dövlətləri tərəfindən diqqətlə izəlnilir və təqdir edilir. Haqqında bəhs etdyüimiz qərarın qəbulunda da bu faktorun rolu inkaredilməzdir.

Yeganə Əliyeva, «İki sahil»

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
279
ikisahil.az

1Mənbələr