AZ

Qayıdışımız əbədidir

Şuşalılar doğma şəhərlərinə, isti yuvalarına qovuşurlar

Bu gün keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması onların öz kökləri, mədəniyyətləri və kimlikləri ilə yenidən əlaqə qurması, doğma hisslərin yenidən canlanması deməkdir. Ata-baba yurdlarına qayıtmış soydaşlarımız nostalji, qürur və sevinc duyğularının harmoniyasını yaşayırlar. Ümumiyyətlə, bərpa olunan ərazilərimizdə yaşayış üçün ən gözəl şərait yaradılıb. 2026-cı ilin sonunadək bütövlükdə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq.

Mayın 10-da Qarabağa Böyük Qayıdışın Şuşa mərhələsi başlandı. Əminliklə bildirmək olar ki, artıq şuşalı ailələr doğma şəhərlərinə, isti yuvalarına qovuşurlar. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı isə mayın 14-də Bakı şəhərinin Qaradağ rayonundan yola salındı. Bu mərhələdə Şuşa şəhərinə 38 ailə - 136 nəfər köçürüldü. Xatırladaq ki, indiyədək Şuşa şəhərində 58 ailənin, yəni 224 nəfərin daimi məskunlaşması təmin edilib.

Prezident İlham Əliyev Şuşaya ilk köç edən sakinlərlə görüşündə şəhidlərimizin xatirəsinə xüsusi ehtiramını çatdıraraq bildirdi: “Biz hazırlaşırdıq, ölkəmizi gücləndirirdik, iqtisadiyyatımızı gücləndirirdik, güclü ordu potensialı yaradırdıq. Ən önəmlisi gənc nəsli, - bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən, - yetişdirirdik və yetişdirdik. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar mənim əmrimlə 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Bugünkü günə görə biz onlara borcluyuq, şanlı Ordumuza borcluyuq, Silahlı Qüvvələrimizə borcluyuq, şəhidlərimizə, qazilərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin”. Bəli, həqiqətən də biz yaşadığımız bu qürurlu, şərəfli günlərə görə onlara, onların şücaətinə, qəhrəmanlığına borcluyuq. İşğal dövründə ermənilər və xaricdəki Azərbaycana düşmən olan qüvvələr güman edirdilər ki, vaxt uzandıqca gələn nəsil öz torpaqlarını unudacaq, geri dönmək istəməyəcəklər. Lakin onlar unudurdular ki, azərbaycanlılar öz torpağına bağlıdırlar və lazım gələrsə torpaq uğrunda canlarından belə  keçməyə hazırdırlar.

Mayın 10-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Şuşada inşa ediləcək üçüncü yaşayış kompleksinin də təməli qoyuldu. Layihə çərçivəsində 17 yaşayış binasının inşası nəzərdə tutulub. Kompleks ümumilikdə 487 mənzildən ibarət olacaq. Eyni zamanda, Şuşa rayonunun Turşsu qəsəbəsinin təməli qoyuldu. Hazırda Turşsu qəsəbəsində 353 ailə, 1403 nəfər qeydiyyatdadır. Yenidənqurma layihəsinə əsasən Turşu qəsəbəsinin ümumi sahəsi 126,46 hektar olacaq. Birinci mərhələdə 79,37 hektar sahədə yenidənqurma işləri aparılacaq.

İşğaldan azad olunmuş digər ərazilərdə olduğu kimi, Şuşada da Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən tarixi mədəni-dini abidələrin bərpası həyata keçirilir. Bir sıra layihələrin icrası artıq tamamlanıb, digər layihələr üzrə isə işlər davam etdirilir. Bunlardan biri də Şuşada Çöl Qala məscidinin bərpası layihəsidir. “PAŞA Holdinq”in dəstəyi ilə aparılan bərpa işlərinə 2023-cü ildən başlanılıb.

Heydər Əliyev Fondu Şuşa şəhərində Üzeyir Hacıbəylinin ev-muzeyində bərpa işlərini davam etdirir. Bu bina Şuşada XIX əsrdə inşa olunub. Bina 1959-cu ildə ev-muzeyi kimi fəaliyyətə başlayıb. Görkəmli bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi Üzeyir Hacıbəylinin ev-muzeyi Şuşa şəhəri işğal edilən tarixədək fəaliyyət göstərib. Muzeydə dahi bəstəkarın həyat və yaradıcılığı ilə bağlı 1700 eksponatdan erməni işğalçı qüvvələrinin vəhşiliyi nəticəsində yalnız 136-sı salamat qalıb, digərləri məhv edilib. Bərpa layihəsi çərçivəsində ev-muzeyə ikinci həyat verilir.

Aşağı Gövhər Ağa məscidinin bərpası da sürətlə davam etdirilir. Bərpa işləri zamanı yerli və beynəlxalq ekspertlər məscidin mövcud vəziyyətinə dair qiymətləndirmə və layihələndirmə aparıblar. Konservasiya və restavrasiya işləri məscidin ilkin memarlıq üslubuna uyğun olaraq həyata keçirilir.

Şuşada “Şirin su” hamamının da bərpası başa çatıb. Avstriyanın “Wehdorn Architekten” şirkətinin mütəxəssislərinin iştirakı ilə aparılan bərpa işləri zamanı ilkin hamama aidiyyəti olmayan hissələr sökülüb, bütün xarici və daxili hissələr - fasad, dam, qapı-pəncərə sistemi, döşəmə, tavan bərpa edilib.

Heydər Əliyev Fondunun dəstəyi ilə Şuşadakı Mamayı məscidində aparılan bərpa işləri də tamamlanıb. Mamayı məscidində tarixən mehrab sərt ağac materialından istifadə olunub. Bərpa zamanı bütün işlər tarixi görkəm nəzərə alınmaqla aparılıb.

Göründüyü kimi, artıq tarixi şəhərlərimizin əvvəlki siması bərpa olunmaqdadır.

Nigar Oruocva, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
246
ikisahil.az

1Mənbələr