AZ

Qərb Gürcüstanı fəlakətə sürükləyir

Mayın 14-də Gürcüstan parlamenti hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Qanun layihəsinin lehinə 84, əleyhinə 30 deputat səs verib.

Bununla da Gürcüstan göstərdi ki,  öz maraqlarına cavab verən, hazırkı reallıqlar şəraitində doğru bildiyi addımları atmaqda israrlıdır. Halbuki, bu və ya digər ölkənin daxili işlərinə qarışmağa adət etmiş Qərb, o cümlədən ABŞ Gürcüstanda belə bir qanun layihəsinin qəbuluna qarşı idi. Elə bu səbəbdən onlar demokratiyaya, insan hüquqlarına dəstək adı altında ölkədə keçirilən etiraz aksiyalarını dəstəkləyirdilər.

Yeri gəlmişkən qeyd edək ki,  “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbul edilməsindən sonra Tbilisidə aksiyalar davam edir. Hətta aksiya iştirakçıları ilə polis arasında qarşıdurma yaşanıb, iğtişaşlar baş verib. Gürcüstanın Ombudsman aparatı Daxili İşlər Nazirliyinin əməkdaşlarını  dinc etirazçılara qarşı xüsusi vasitələrdən istifadə etməməyə və onlara sərbəst toplaşmaq hüququndan istifadə üçün şərait yaratmağa çağırıb. Bütün bunlara rəğmən, Gürcüstan hakimiyyəti geri addım atmaq niyyətində deyil.

Gürcüstandakı etiraz aksiyalarının Qərb tərəfindən təşkil və idarə olunduğu şəksizdir. Hətta Qərbin, o cümlədən ABŞ-ın mətbuat orqanlarında qanunu Rusiyanın Gürcüstana təsir imkanının artması üçün vasitə kimi təqdim edirlər.  Avropa İttifaqı isə bildirib ki, guya bu, çox narahatedici hadisədir, qanunun təsdiqi Gürcüstanın Avropa İttifaqına gedən yoluna neqativ təsir edəcək. Bu mənada demək olar ki, Qərb dünyanın geosiyasi xəritəsinə Gürcüstanın timsalında yeni bir qaynar nöqtə əlavə etmək istəyir.

Əslində öz maraqlarından çıxış edən bu dairələrin əsas məqsədləri Gürcüstanda növbəti “rəngli inqilab” həyata keçirməkdən ibarətdir. Bunu da Gürcüstanın düşünən beyinləri yaxşı dərk edirlər. Hazırda Gürcüstanda 25  minə qədər qeyri-hökumət təşkilatı başda ABŞ olmaqla müxtəlif Avropa ölkələrindən və digər xarici  dairələrdən maliyyə vəsaitləri alır və onların göndərdiyi təlimatları yerinə yetirirlər. Amma həmin vəsaitlərin hansı məqsədlər üçün xərclənməsi ilə bağlı bu ölkədə  nəzarət mexanizmləri yox  idi. Bu da bu kimi yardımların arxasında “rəngli inqilab”ın  qoxusunun  gəldiyinə dəlalət edirdi. “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə əsasən, maliyyəsinin 20%-dən çoxu xarici mənbələrdən olan QHT, KİV, hüquqi və fiziki şəxslər Gürcüstanda xarici agent kimi qeydiyyatdan keçməlidirlər.   Gürcüstan hakimiyyəti, xüsusən “Gürcü Arzusu” partiyası, bu qurumun parlamentdəki fraksiyası və hökumət üzvləri bu kimi məsələləri  “Xarici təsirin şəffaflığı haqqında” qanunla nizamlamaq,  maliyyə mənbələrinin şəffaflığını təmin etmək istəyirdilər.  Buna da nail oldular. Bir sözlə, bu qanun ABŞ-ın başqa ölkələrdə yaratdığı şəbəkənin fəaliyyətini məhdudlaşdırır və onun planlarının icrasına maneə yaradır, eləcə də yeni şəbəkə formalaşdırmaq imkanlarını azaldır. Qanunu pozan təşkilatların 25 min lariyədək cərimələnməsi nəzərdə tutulur.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, çox təəssüf ki, bu gün nə ABŞ, nə də bəzi Avropa ölkələri Gürcüstandakı təsirlərinin şəffaf olmasını istəmirlər. O, vurğulayıb ki, xarici ölkələrin təsiri ilə bağlı şəffaflıq bəzi Qərb institutlarının maraqlarına uyğun deyil, bu təbiidir. Bu qanun gürcü xalqının maraqlarına uyğundur.

Amma nədənsə Gürcüstanın Qərbə meyilli Prezidenti Salome Zurabişvili belə bir qanunun qəbul olunmasını istəmir. Elə buna görə də Baş nazir İrakli Kobaxidze Salome Zurabişvilini dövlətə xəyanətdə günahlandırıb. Yeri gəlmişkən, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O Brayn  deyib ki, əgər ölkədə demokratiyaya zərbə vurularsa, Birləşmiş Ştatlar Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edəcək. Amma Baş nazir ABŞ-ı mümkün sanksiyaları tətbiq etməsi barədə söhbətləri qeyri-ciddi adlandırıb. NATO-nun mətbuat katibi Fərəh Dakhlallah isə "X" hesabında belə paylaşım edib: "Gürcüstan hökumətinin “xarici agentlər” adlı qanunu qəbul etmək qərarı yanlış istiqamətdə atılmış addımdır və Gürcüstanı Avropa və Avratlantik inteqrasiyadan daha da uzaqlaşdırır. Biz Gürcüstanı kursu dəyişməyə və dinc etiraz hüququna hörmət etməyə çağırırıq".

Hazırda Ermənistanda at oynadan Qərb yaxşı dərk edir ki, bu qanunla onun  Gürcüstandakı bütün şəbəkələri çökəcək və bu, təkcə Gürcüstanı "nəzarətdə saxlamaq" imkanının itirilməsi yox, həm də Azərbaycana dair planlarının alt-üst olması deməkdir. Axı Gürcüstan Qərbin Azərbaycanla bağlı planlarında əsas platforma kimi seçilib. Bu məqamda bir məsələni də vurğulamaq yerinə düşərdi. Azərbaycanda belə bir fəalyyət məhdudlaşdırılıb. Müstəqil siyasət yürüdən rəsmi Bakı buna QHT-lərin maliyyə fəaliyyətini şəffaflaşdıran qanunlar qəbul etməklə və xaricdən maliyyələşmə prosesini nəzarətə götürməklə nail olub. Bu qanunlar çərçivəsində Qərbin müxtəlif təşkilatlarından alınan qrantların qarşılığında onların sifarişlərini yerinə yetirməyə cəhd edən "Abzas Media"nın, "Toplum TV"nin, eləcə də  Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin  rəhbəri Anar Məmmədlinin fəaliyyətlərinin  fiaskoya uğramaları buna sübutdur. Qeyd edək ki, həmin vəsaitlər  Gürcüstandakı banklarda açılmış hesablar vasitəsilə əldə edilmiş və qanunsuz yollarla nağdlaşdırılaraq Azərbaycana gətirilmişdi. Bu baxımdan demək olar ki, Qərb dairələri Gürcüstan vasitəsilə  Azərbaycandakı şəbəkəsini də  təmin edirdilər.

Bütün bunları dərindən analiz edəndə belə qənaətə gəlmək olar ki, etirazlara baxmayaraq Gürcüstan da məhz Azərbaycandan nümunə götürərək qəti mövqe nümayiş etdirir.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
196
ikisahil.az

1Mənbələr