AZ

Heç kim bizə heç nə diktə edə bilməz…

Xarici siyasətini bu prinsiplər əsasında formalaşdıran Azərbaycanın multikultural dəyərlərə sadiqliyi, tolerantlığı beynəlxalq aləmdə dəstəklənir

Dünya sürətlə dəyişir. Əfsuslar olsun ki, yeni qeyri-sabitlik və qarşıdurma ocaqları yaranır, müharibələr davam edir, geosiyasi dəyişikliklər baş verir. Dünyanın siyasi masasında həllini gözləyən qlobal əhəmiyyətli məsələlərin sayı artır, mahiyyəti tündləşir. Dövlətlərarası münasibətlərin möhkəmlənməsinə daha çox ehtiyac duyulduğu, beynəlxalq hüquq normalarının gücün qarsısında gücsüz qaldığı, ikili standartların ədaləti sınağa çəkdiyi, iqtisadi böhranların hələ də davam etdiyi, enerji qıtlığının yarandığı müasir dünyamızda qarşılıqlı etimada tələbat aktuallaşır.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə ölkəmizdə «Parçalanmış dünyanın bərpası» mövzusunda keçirilən XI Qlobal Bakı Forumunda qeyd olunduğu kimi, münaqişələr Afrikanın bir çox hissəsini caynağına alıb. Həmçinin Qəzzada, Ukraynada davam edən müharibələr günahsız insanların ölümü, viran qoyulan şəhər və kəndlərin dağıdılması ilə nəticələnir. Haiti xaos doğuran zorakılıq məngənəsinə düşüb. Cinayətkarlıq, zorakılıq əksər Latın Amerikası ölkələrində bəlaya çevrilib. Dünyanın çox hissəsində müharibələr gedir. Dövlətlərdə sabit milli idarəçiliyi sual altına qoyan və hər hansı immiqrasiya növünə mənfi təsir edən etnik, dini və siyasi ayırıcı xətlər bir çox qatları təşkil edir. Hazırda dünya miqyasında qaçqınların və məcburi köçkünlərin sayı 100 milyonu keçib. Nəhəng Amerikanın böyük kölgəsi göstərir ki, onun dərindən parçalanmış siyasəti ayırıcı xətlərin daim yenidən çəkilməsi ilə müşayiət olunan tektonik platformalardan ibarət bu dünyada hər hansı ardıcıl iştiraka olan inamı sarsıdır. Bununla yanaşı, gücü artan Çin formalaşan yeni dünya düzənində haqlı olaraq əsas rol oynamağa çalışır. Göründüyü kimi, təbii fəlakətlərdən belə əziyyət çəkən planetimizin gələcəyinə risklər yaradan narahatlıqların aradan qaldırılması üçün birlik və həmrəyliyə daha çox ehtiyac vardır. Müasir dünyamızın siyasi mənzərəsini əks etdirən bu xronikanı genişləndirmək də olar.

Son günlərdə ölkəmizdə baş verən hadisələr, keçirilən biri-birindən əhəmiyyətli görüşlər, müzakirə olunan məsələlər bir daha göstərdi ki, Azərbaycan həqiqi mənada siyasi, iqtisadi, humanitar, mədəniyyət platforması kimi, siyasi sabitliyin, etimada əsaslanan xalqlar, dövlətlərarası münasibətlərin möhkəmlənməsinə töhfələr verən tolerant ölkədir. Müxtəlif tələblərlə bağlı aksiyaların davam etdiyi Ermənistandan, Gürcüstandan fərqli olaraq bölgənin lider dövləti olan ölkəmizdə aparılan nəhəng quruculuq işləri mövcud sabitliyin məntiqi nəticəsidir. Azərbaycan mühüm çağırışların səsləndiyi məkan rolunu davam etdirir. « Dünya özünün qəbul etdiyi dayanıqlı inkişaf yolunda uğursuz olmaqla yanaşı, təhdidlər də artır. İqlim dəyişmələri, biomüxtəlifliyin pozulmasından tutmuş qiymətli su ehtiyatlarının qeyri-düzgün idarə olunmasına qədər qlobal çağırışlar bütün bəşəriyyəti əhatə edir. Dünyanı bürümüş pandemiyadan yenicə çıxdığımız dövrdə növbəti belə hadisəyə hazır olmaq üçün heç bir dərs götürmədik. Qlobal çağırışlar qlobal cavab tədbirləri tələb edir. Lakin biz, eyni zamanda, elm, texnologiya və innovasiya sahələrində inanılmaz inqilabın astanasındayıq. Süni zəka hazırda hər şeyə təsir göstərir» sözləri ilə ümumi evimiz olan dünyamızın sülhə, sabitliyə daha çox ehtiyac duyduğunu diqqətə çatdıran Prezident İlham Əliyevin qlobal proseslərə təsiretmə imkanları daha da artıb.

Son günlərdə Slovakiyanın Baş naziri Robert Fitsonun, Bolqarıstanın Prezidenti Rumen Radovun ölkəmizə rəsmi səfərləri zamanı qitə dövlətlərinin enerji təhlükəsizliyi, qlobal layihələrdə birgə iştirakın vacibliyi ilə bağlı aparılan müzakirələrdə bütünlükdə beynəlxalq ictimaiyyəti narahat edən problemlərin aradan qaldırılmasına müsbət təsir göstərəcək amillər diqqətə çatdırılmışdır.

Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsinin icrası ilə qitənin artıq doqquzuncu ölkəsinin enerji təhlükəsizliyinin təminatında xüsusi rolu olan, təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edən rəsmi Bakının dünya birliyində önəmi daha da artır. 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr Azərbaycan qazının nəqli ilə bağlı proqnozlar ölkəmizin genişmiqyaslı yaşıl gündəliyimizin icrası imkanlarını da artırır. Ölkəmizdə bərpaolunan külək və günəş enerjisi stansiyalarının əsas ixrac ünvanı Avropa olacaqdır Ağdamın Qərvənd kəndinin yenidən qurulmasında Slovakiya şirkətinin iştirakı ilə bağlı razılıq rəmzi məna daşımaqla, əməkdaşlığın sağlam təməl üzərində qurulduğunu da göstərir.

Bu münasibətləri «Əminəm ki, biz Avropa səviyyəsində də müsbət ab-hava yaradacağıq. Bilirsiniz ki, Avropada hamı spekulyasiyanı xoşlayır, ən pis niyyət görməyə çalışır. Biz təkcə Azərbaycandan qaz almaq istəmirik, biz qazı Ukrayna ərazisindən Slovakiyaya idxal etmək istəyirik və bu məsələdə Sizin konstruktiv yanaşmanızı çox yüksək qiymətləndirirəm» sözləri ilə yüksək dəyərləndirən Slovakiyanın Baş naziri regional əhəmiyyəti artan Azərbaycanın bölgədə yaratdığı yeni reallıqları bütünlükdə dünya siyasətinə təsir imkanları artan təşəbbüs kimi dəyərləndirdi.

Çin Xalq Respublikasının Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini, Şanxay Əməkdaşlıq Təşkilatının Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin sədri Şen Yueyuenin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri də sabitliyə yönələn beynəlxalq əhəmiyyət daşıyır. Qonaqlarla görüşündə Azərbaycanla Çin arasındakı ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı əlaqələrimizin dostluq, qarşılıqlı anlaşma və dəstək prinsiplərinə əsaslandığını diqqətə çatdırdı. Münasibətlərin yüksək səviyyəyə qaldırılması üçün real imkanların olduğunu və artıq ölkələrimizin müxtəlif sahələrdə çox yaxından əməkdaşlıq etdiklərini, son vaxtlar Azərbaycan ilə Çin arasında müxtəlif səviyyədə qarşılıqlı rəsmi səfərlərin sayının artdığını qeyd edən Prezident İlham Əliyev iki ölkə arasındakı iqtisadiyyat, ticarət, nəqliyyat sahələrindəki münasibətlərin Avropa və Mərkəzi Asiya dövlətləri üçün əhəmiyyətini diqqətə çatdırdı. Şen Yueyue ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun daha da möhkəmləndiyini bildirməklə vurğuladı ki, bu uğurlar Azərbaycanın yaxın dostu və etibarlı tərəfdaş kimi Çini sevindirir. Söhbət zamanı bərpaolunan enerji sahəsində Çin şirkətlərinin Azərbaycan ilə əməkdaşlığa böyük maraq göstərdiyi diqqətə çatdırıldı. «Bir kəmər, bir yol”» layihəsi, Orta Dəhlizin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.

Bu kiçik epizodlar, qarşılıqlı münasibətləri əks etdirən görüşlər Azərbaycanın iqtisadi sahədə qarşılıqlı əməkdaşlığa qısa vaxt çərçivəsində verdiyi töhfələrə kiçik nümunədir. Multikultural dəyərlərə sadiqliyini əməli, başqa dövlətlərə göstərdiyi siyasi, iqtisadi, humanitar yardımları ilə də təsdiqləyən Azərbaycanın neokolonializmə, irqi ayrı-seçkiliyə, dini radikalizmə, terrorlara qarşı mübarizəsinin beynəlxalq aləmdə dəstəklənməsi ölkəmizin diplomatik səylərinin ifadəsidir.

«Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Bizə müharibə lazım deyil, bizə torpaqlarımız lazım idi» söyləyən Prezident İlham Əliyevin 30 il Ermənistanın işğalı altında qalan ərazilərimizin azad edilməsi uğrunda apardığı mübarizə, diplomatik səyləri, liderlik qətiyyəti, sərkərdəlik məharəti nümunə göstərilir. İşğal dövründə təcavüzkar Ermənistanı dəstəkləyənlərin İkinci Qarabağ müharibəsindən sonra da haylara havadarlıq missiyalarını davam etdirmələri terrordan da dəhşətli nəticələr verən ikili standartların, yalançı vədlərin nəticəsidir. « Onlar bu torpaqları ermənilərə vəd vermişdilər. Necə ki, sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da, Amerika da, həmçinin. Bu gün də baxın bizə qarşı, kimlər, necə deyərlər əsas rol oynayırlar - Fransa və Amerika. Bunu açıq demək lazımdır, daha çox Fransa. Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil.. Burada, bu torpaqda söz sahibi bizik. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz» söyləyən Prezident İlham Əliyev bir daha xəbərdarlıq edir ki, nəyi lazım biliriksə, onu da edəcəyik. İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda baş qaldıran revanşist qüvvələrin, Fransa, ABŞ, Avropa İttifaqı kimi havadarların heç nəyə nail olmayacağını «Həm Azərbaycan xalqına, həm də bu bölgəyə maraq göstərənlərə bir daha demək istəyirəm ki, bizimlə hesablaşmadan burada bir addım da atılmamalıdır bundan sonra. Əminəm ki, mənim sözümü eşidirlər, bilirlər mən nəyi deyirəmsə, onu da edirəm» sözləri ilə diqqətə çatdıran dövlət başçımız İlham Əliyev tərəflər arasında sülh sazişinin imzalanmasına mane olan dairələrə qəti mövqeyini bildirir. Bakı Təşəbbüs Qrupunun Fransa hakimiyyəti tərəfindən Yeni Kaledoniyada kanakların həbs olunmasına və mülki şəxslərə qarşı zorakılığa dair bəyanatı ölkəmizin neokolonializmə qarşı mübarizəsinin ifadəsidir. Bəyanatda qed olunduğu kimi, Fransa hakimiyyəti tərəfindən həyata keçirilən son həbslər və komendant saatının tətbiqi ciddi narahatlıqlar yaradır. Azərbaycanın Dövlət Bayrağının dalğalandırıldığı etiraz aksiyalarında kanak xalqının rəyi nəzərə alınmadan Konstitusiyaya təklif olunan son dəyişikliklərə, dinc etiraz aksiyalarında iştirak edən mülki şəxslərə qarşı zorakılıqlara, həbslərə, xüsusən də Fransanın beynəlxalq öhdəliklərin kobud şəkildə pozulması cəhdlərinə son qoyulmalıdır. Bakı Təşəbbüs Qrupunun bəyanatında qeyd olunduğu kimi, öz müqəddəratını təyinetmə hüququ hər bir xalq üçün əsasdır və biz öz xalqı üçün daha yaxşı, layiqli gələcək istəyənləri dəstəkləyirik.

Prezidenti İlham Əliyevin bu günlərdə Tuvalunun general-qubernatoru Falani Tofinqanı, Tonqa Krallığının Baş naziri Savaleni Siaosi Ofa Ki Vahafolaunu və Baham Adaları Birliyinin xarici işlər naziri Mitçel Frederik Audleyi ilə keçirdiyi görüşlər də tarixi əhəmiyyəti baxımdan önəmlidir. Azərbaycanla diplomatik əlaqələrin möhkəmlənməsində maraqlı olan Tuvalunun general-qubernatoru Falani Tofinqa ölkəsinin istedadlı gənclərinin respublikamızda yüksək səviyyəli ali məktəblərə və digər texniki kolleclərə qəbulu ilə bağlı təkliflərini diqqət çatdırdı.

Tonqa Krallığının Baş naziri Savaleni Siaosi Ofa Ki Vahafolau ölkəmizin COP29-a ev sahibliyini yüksək dəyərləndirərək bildirdi ki, qlobal miqyasda yox, konkret olaraq bizim kimi kiçik ada ölkələri üçün mühüm məsələlərin həllində bu seçim dönüş nöqtəsi olmalıdır. İqlim dəyişikliyinin sərhədlərə, kiçik və ya böyük ölkə olmasına baxmayaraq bütün dövlətlərə təsir etdiyini «Mən çoxlu COP-larda iştirak etmişəm və bəzən biz özümüzə sual edirik, xüsusilə okeanın o tayında olduğumuzu nəzərə alaraq buraya gəlməyə dəyərmi? Buna görə Azərbaycanda keçiriləcək COP-da nələr etmək olar müzakirəsinə qoşulmaq üçün kiçik ada ölkələrinin cəlb edilməsi bizdə nəinki xoş təəccüb hissi doğurdu, biz bu addımı yüksək qiymətləndiririk. Hesab edirəm ki, təsir altında olan ölkələrin nöqteyi-nəzərindən biz nə kimi məsələləri nəzərdən keçirməliyik, burada - Azərbaycanda keçirilən COP-da prioritetlərin nədən ibarət olacağını müzakirə etmək irəliyə doğru atılan mühüm bir addımdır» sözləri ilə bildirən Tonqa Krallığının Baş naziri təbii fəlakətlərin törətdiyi fəsadları bəşəri bəla adlandırdı.
Baham Adaları Birliyinin xarici işlər naziri Mitçel Frederik Audley İtki və Zərər Fonduna maliyyə vəsaitlərinin cəlb olunması məsələsi ilə bağlı fikirlərini bölüşdü. Baham torpaqlarının 80 faizinin dəniz səviyyəsindən cəmi bir metr hündürlükdə olduğunu risk adlandıran rəsmi nümayəndə 2070-ci ildə paytaxt Nassaunun, bütünlükdə adanın 30 faizinin, 2100-cü ildə isə 70 faizinin su altında qalacağını fəlakət adlandıraraq COP29-da aparılacaq müzakirələrin əhəmiyyətini əvvəlcədən qeyd etdi: « Ümid edirik ki, bu səfər məsələnin dərk edilməsini konkretləşdirəcək, bizə dəstək veriləcək və beləliklə, biz məsələnin həllində irəliyə doğru birgə gedə biləcəyik.»

COP29 ev sahibliyi misiyasının 200-ə yaxın ölkənin yekdil qərarı ilə qazanıldığını qeyd Prezident İlham Əliyev «Biz bunu aydın şəkildə anlayırıq. Düşünürük ki, kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur. Sizi əmin edə bilərik ki, kiçik ada dövlətləri məsələsi, onlara dəstəyin verilməsi, onların müdafiəsi müzakirələrin təməlində dayanacaq» sözləri ilə kiçik ada dövlətlərinə dəstəyin vacibliyini ifadə etməsi Azərbaycanın tolerantlıq siyasətinin ölkəmizdən çox-çox uzaqlarda belə dəstəklənməsinin ifadəsidir.

Ötən həftənin yaddaqalan hadisələrindən olan Şuşada birinci yaşayış kompleksinin açılış mərasimi Azərbaycanın iqtisadi qüdrətinin ifadəsi idisə, mədəniyət paytaxtımızda keçirilən «Xarıbülbül» festivalı ölkəmizin multikultural dəyərlərə, xalqlararası birlik və həmrəyliyə verdiyi dəyərin nümunəsi idi. Ölkəmizdə keçirilən görüşlər isə dünyada sabitliyin qorunmasına, iqtisadi əməkdaşlığın möhkəmlənməsinə töhfə kimi yaddaşlarda qaldı.

Xuraman İsmayılqızı, «İki sahil»

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
276
ikisahil.az

1Mənbələr