AZ

Gedirlər...

Sülhməramlıların Rusiyanın razılığı ilə Qarabağdan vaxtından əvvəl çıxarılması böyük siyasi iradənin və uğurlu diplomatik səylərin nəticəsidir

Bu günlər Azərbaycanın çağdaş tarixinə ölkəmizin mənafeyi baxımından daha bir mühüm hadisənin reallaşması kimi yazılacaq. Vaxtilə bəzi şər qüvvələrin əksini iddia etməsinə rəğmən, 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli Bəyanatın müddəalarına əsasən, Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti öz missiyasını vaxtından əvvəl yekunlaşdıraraq ölkəmizi tərk edir. Sülhməramlıların Azərbaycan ərazisindən çıxarılması hazırda da davam etdirilir və proses yaxın vaxtlarda tam başa çatacaq. Bununla bağlı mayın 15-də Xocalı rayonunda Azərbaycanın müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev və Rusiya Silahlı Qüvvələri Quru Qoşunlarının Baş Komandanının birinci müavini, Quru Qoşunlarının Baş Qərargah rəisi, general-polkovnik Yevgeni Nikiforovun iştirakı ilə tədbir keçirilib, konsert proqramı təqdim olunub. Tədbirdə çıxış edən Y.Nikiforov Rusiya sülhməramlılarının qarşıya qoyulmuş vəzifələri yerinə yetirdiklərini bildirib: “Sülhün bərqərar olunması prosesində istehkamçılarımız tərəfindən minlərlə hektar ərazi minalardan təmizlənib, 30 mindən çox partlayıcı maddə aşkarlanaraq məhv edilib.”

Kərim Vəliyev isə öz növbəsində Qarabağdan çıxarılan Rusiya sülhməramlılarına sülh və stabitliyin təmin olunmasında cəsarətli xidmətlərinə görə təşəkkür edib.

Məlumat üçün bildirək ki, sülhməramlı kontingentin vaxtından əvvəl fəaliyyətini dayandırması haqqında qərar Azərbaycan və Rusiyanın ali rəhbərliyinin əldə etdiyi razılığa əsasən verilib.

Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasını əhəmiyyətli edən bir neçə mühüm məqam xüsusilə diqqət çəkir: Birincisi, prosesin Azərbaycanın maraqları çərçivəsində, xüsusilə Rusiya Federasiyası ilə müttəfiqlik münasibətlərinə xələl gətirmədən hər iki tərəfin razılığana əsasən reallaşdırılmasıdır. Nəzərə almaq lazımdır ki, digər qonşuları ilə də əlaqələrin inkişaf etdirilməsində maraqlı olan Azərbaycan dünyanın güc balansında xüsusi çəkiyə malik iki böyük və güclü qonşumuz – Türkiyə və Rusiya ilə münasibətlərini artıq rəsmi olaraq dostluq səviyyəsindən müttəfiqlik səviyyəsinə yüksəldib. Həyata keçirilmiş uğurli siyasi kurs, eyni zamanda, Vətən müharibəsində qazandığımız böyük Zəfər iqtisadi və hərbi potensialı sürətlə inkişaf edən Azərbaycanı Cənubi Qafqazın şəriksiz liderinə, eyni zamanda, Türkiyə və Rusiya ilə birlikdə regionda formalaşmaqda olan yeni geosiyasi konfiqurasiyanın əsas oyunçularından birinə çevirib. Bu mənada 2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ndən sonra 2022-ci il fevralın 22-də Şimal qonşumuz ilə də oxşar məzmunlu sənədin imzalanması dünyanın siyasi arenasında baş verən ciddi təlatümlər fonunda ölkəmizin strateji maraqları baxımından müstəsna əhəmiyyət daşıyır.

Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan və Rusiyanın dövlət başçılarının sözügedən tarixdə Moskvada imzaladıqları “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” 43 bənddən ibarət Bəyannamə də hər şeydən öncə dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün növbəti qarantı kimi əhəmiyyətlidir. Çünki tarixi sənədin ilk bəndi özündə məhz Rusiya və Azərbaycanın müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qurulmasını ehtiva edir. Qeyd olunur ki, həm Rusiya, həm də Azərbaycan öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdürlər. Deməli, Rusiya sülhməramlılarının vaxtından əvvəl Azərbaycan ərazisindən çıxarılması iki ölkə arasında müttəfiqlik fəaliyyəti haqqındakı Bəyannamənin müddəaları ilə də tam şəkildə uyğundur və dostluq münasibətlərinə nəinki xələl gətirmir, əksinə bu münasibətləri gücləndirir.

İkincisi, Azərbaycan dövləti öz ərazisində heç bir başqa dövlətin və ya beynəlxalq təşkilatın hərbi mövcudluğuna imkan verməməsi ilə bağlı prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirdi və bu istiqamətdə mövqeyinin qətiyyətli olduğunu göstərdi. Qoşulmama Hərəkatının üzvü olan 4 il müddətində bu quruma uğurla rəhbərlik etmiş Azərbaycan bütün dünyaya Rusiya sülhməramlılarının ərazimizdə müvəqqəti yerləşdirildiyini, nəinki missiyasının vaxtı bitəndə, hətta daha tez çıxarılmasının mümkünlüyünü isbat etmiş oldu.

Nəhayət, Qərbin hər fürsətdə Azərbaycan əleyhinə qara piar apararaq ölkəmizin imicini zədələməyə çalışan, daxili sabitliyin pozulması, xalq-iqtidar birliyinə kölgə salınması üçün bütün mümkün variantlardan istifadə edən dairələrinin və onların Əli Kərimli, Qənimət Zahid, Sevinc Ocmanqızı və s. kimi “sapı özümüzdən olan baltalar”ının pis arzuları bu dəfə də gözlərində qaldı. “Rusiya sülhməramlıları heç vaxt Azərbaycandan çıxmayacaq” deyən qaragüruhçular indi də qara-qara öz azsaylı izləyicilərinə nə cavab verəcəklərini düşünürlər.

Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, regionda və dünyada gedən proseslər fonunda əsas güc mərkəzlərindən öz müstəqil siyasətinə, təhlükəsizliyinə zəmanət qazanıb. Bu, böyük iradə, məharətli diplomatiya tələb edir. Bədxahlar isə unutmasınlar ki, Azərbaycanın nəyi nə vaxt və necə etməyi bilən cənab İlham Əliyev kimi müdrik Prezidenti, Müzəffər Ali Baş Komandanı var.

Mahir Rəsuloğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
167
ikisahil.az

1Mənbələr