AZ

Bölgənin təhsil brendi

Qarabağ Universitetinə qəbul planı təsdiqlənib

İşğaldan azad olunmuş ərazilərin ölkənin digər regionları ilə iqtisadi-mədəni əlaqələrinin bərpa olunması istiqamətində mühüm addımlar atılır. Bunlardan biri də bölgənin elmi-mədəni mərkəzi olacaq Qarabağ Universitetinin yaradılmasıdır. Prezident İlham Əliyev 28 noyabr 2023-cü il tarixində Qarabağ Universitetinin yaradılması haqqında Sərəncam imzalamışdır.

Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olmuşdur. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuş, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmiş, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırmışdır. Həmin ilin noyabr ayından Xankəndi Pedaqoji İnstitutu fəaliyyətini Gəncə şəhərində davam etdirir, 1989-cu ildə isə Azərbaycan Pedaqoji İnstitutunun Şuşa filialı yaradılıb və iki il fəaliyyət göstərib. Lakin təəssüf ki, burada ciddi siyasi səhvə yol verilib. Şuşada yerləşən institutun Xankəndi filialı kimi deyil, Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi göstərilməsi hayların əlinə fürsət verib. 1988-ci ildə institut öz müstəqilliyini itirərək Ermənistanın Kirovakan İnstitutunun filialı adı altında tədricən yaranan separatçı xuntanın əlinə keçib. İşğal dövründə buradan saxtalaşdırma mərkəzi kimi istifadə olunub.

1991-ci ildə Xankəndi digər torpaqlarımız kimi işğal altına düşmüşdü. 2023-cü ilin 19 sentyabrında keçirilən 23 saatlıq lokal antiterror tədbirlərindən sonra Xankəndi də digər ərazilərimiz kimi işğaldan azad olundu. Cənubi Qafqazda situasiyanın Azərbaycanın lehinə dəyişməsi yenidən taleyimizi öz əlimizə qaytardı. Bu gün Xankəndidə artıq gorbagor olmuş separatçı xunta rejiminin verdiyi qərarlar deyil, Azərbaycan Prezidenti İlham Əliyevin Fərman və sərəncamları icra olunur. Böyük mütəfəkkirlərin yetişdiyi Qarabağın yenidən təhsil ocağına çevrilməsi regionun inkişafına da böyük təsir göstərəcək, yeni kadrların hazırlanması baxımından da xüsusi önəm daşıyacaq, yenidən tariximizə töhfələr verəcək. Bu baxımdan deyə bilərik ki, Qarabağ və Şərqi Zəngəzur təkcə tikinti işləri ilə deyil, həm də intellekt, elm-təhsil  baxımından da bərpa olunur.

Ötən il dekabrın 15-də Prezident İlham Əliyevin Azərbaycan müəllimlərinin XVI qurultayının iştirakçılarına təbrik məktubunda göstərilir ki, Vətən müharibəsindəki parlaq qələbəmizdən dərhal sonra azad olunmuş ərazilərimizdə ən müasir standartlarla tikilən məktəblər artıq fəaliyyətdədir. Bu məktəblərdə gələcəyimizin layiqli vətəndaşları oxuyurlar. Yeni yaradılan Qarabağ Universiteti isə, şübhəsiz, regionda tarixən mövcud olmuş təhsil mühitini çox yaxın vaxtda canlandıracaqdır. Qarabağ Universiteti yenilikçi bir iqtisadiyyatın əsas lokomotivlərindən olmaqla yanaşı, ölkənin elmi və texnoloji inkişafına təsir göstərməsi, innovasiya sahəsində azad yer tutması, yüksəkixtisaslı kadrların hazırlanmasında, sosial-iqtisadi siyasətin həyata keçirilməsində mühüm rol oynayacaqdır.

Xankəndidəki Qarabağ Universiteti 2024-2025-ci tədris ilindən fəaliyyətə başlayacaq. Nazirlər Kabinetinin fevralın 6-da təsdiqlədiyi “Qarabağ Universitetinin Nizamnaməsi”ndə, Qarabağ Universitetinin idarə olunma qaydalarında bu ali təhsil müəssisəsinin ali idarəetmə orqanının Elmi Şura olması əksini tapıb.

Bu günlərdə Qarabağ Universitetinə qəbul planı da təsdiqlənib. Belə ki, bu universitetdə 1200 tələbənin təhsil alacağı proqnozlaşdırılır. Bütün tələbələrə təhsil ödənişsiz olacaq. Növbəti illərdə artıq Qarabağ Universitetində hər il 1500-2000 tələbə qəbul etməklə yaxın 3-4 il ərzində burada 5000 tələbə təhsil alacaq. İyunun sonuna qədər universitetin yataqxanası, tədris binası və digər əsas işlər yekunlaşdırılacaq. Universitetdə təhsilin pulsuz olması, tələbələrin yataqxana ilə təmin edilməsi ilə yanaşı, hər bir ixtisas üzrə yüksək bal toplayan tələbələrə əlavə təqaüd də veriləcək. Həmçinin hər bir tələbəyə kompüter veriləcək.

Qarabağ Universitetinə tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında abituriyentlərin topladıqları bal əsasında reallaşacaq. Qarşıdakı tədris ilində universitetdə pedaqogika, iqtisadiyyat, turizm, mühəndislik, humanitar sahələr olmaqla, musiqi və incəsənətlə birgə 6 fakültə fəaliyyət göstərəcək. Qarabağ Universitetinə hələ ki, rektor təyin edilməyib. Universitetə üç proqram rəhbərinin qəbulu isə artıq bitib. Müəllim kadrların təyinatına gəlincə, yerli ali təhsil müəssisələrinin müəllim heyəti ilə mübadilə olacaq.

Nigar Orucova, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
ikisahil.az

1Mənbələr