AZ

AXC-Müsavat cütlüyünün hakimiyyət hərisliyi və xəyanətkar xisləti Şuşanın və Laçının işğalı ilə nəticələndi

Bu gün onların tör-töküntüləri  hələ də Azərbaycan torpaqlarının işğaldan azad olunmasını həzm edə bilmirlər

1992-ci ildə Şuşa və Laçının ard arda Ermənistan silahlı qüvvələri tərəfindən  işğalı  Azərbaycanın müstəqil dövlətçilik tarixində bir qara ləkə kimi qalacaq. Məlum idi ki, Ermənistan Azərbaycana qarşı təcavüzkar müharibəyə başladığı dövrdə fürsət düşdükcə ölkəmizin bütün ərazilərini işğal etmək planlarına malikdir. Məhz bütün bunları bilə- bilə  o vaxt ermənilərin işğal planının qarşısını almalı olan qüvvələr- həm  iqtidar  həm də hakimiyyətə can atan dağıdıcı müxalifət xəyanət yolunu tutdular. Xüsusilə Azərbaycan Xalq Cəbhəsinin (AXC) hakimiyyətə gəlmək iddiası Azərbaycanın onsuz da zəif olan dövlətinin  daha da zəiflədərək  mayın 8- də Şuşanın,  mayın 18- də isə  Laçının asanlıqla işğalına şərait yaratdı.  Belə ki, mayın 14 də  Ayaz Mütəllibovun yenidən hakimiyyətə qayıtmasını qəbul etməyən AXC-ona tabe olan batalyonları cəbhə xəttindən çıxarıb Bakıya gətirməsi erməni işğalçılarına hücumlarını genişləndirməyə imkan verdi. 

Əslində, o dövrün ən böyük  xaosu o idi ki, ölkəmizdə ordu qurmaq əvəzinə hər bir siyasi təşkilat və imkanlı şəxs öz silahlı dəstəsini yaratmışdı. Məsələn,  AXC-nin yaratdığı özünümüdafiə batalyonları qanuni hakimiyyətə tabe olmurdular. Onlar istənilən vaxt cəbhə xəttini buraxıb Bakıda hakimiyyət davalarına qoşulurdular. Məhz  Şuşa və Laçının  işğalı da bu kimi xəyanətlərin səbəbindən sürətləndi. Sonrakı təhlillər göstərdi ki, o dövrdəki mərkəzi hakimiyyət və hakimiyyətə can atan AXC siyasi ambisiyalarını Vətənin qorunmasına qurban versəydilər nə Şuşa, nə də ki, Laçın işğal olunmazdı.

Prezident İlham Əliyev ötən həftə Şuşaya köçmüş keçmiş məcburi köçkünlərlə görüşündə o dövrün  xəyanətlərindən danışaraq həm həmin dövrün hakimiyyətini, həm də müxalifətini faktlar və sübutlarla  ifşa etdi. Ölkəmizin başçısı bununla bağlı bildirdi: «Mayın 10-u hər birimiz üçün, təbii ki, mənim üçün əziz gündür - Ulu Öndərin doğum günüdür. Onun ən böyük arzusu bu reallıqları görmək idi, işğala son qoymaq idi və məhz onun fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq. Ona qədər hansı hadisələr baş verirdi, siz, yəni, yaşlı nəsil yaxşı xatırlayırsınız - hakimiyyətsizlik, özbaşınalıq, xaos, hakimiyyət uğrunda gedən mübarizə, hakimiyyətdə səriştəsiz, qorxaq, satqın, xain insanların yerləşdirilməsi. Bütün bunlar Şuşa kimi şəhərin, digər şəhər və kəndlərimizin işğal altına düşməsinin səbəbi olmuşdur. Təsadüfi insanlar hakimiyyətə gəldi. Küçələrdən heç bir təhsil almamış, heç bir dövlət işində təcrübəsi olmayan, heç bir biliyə malik olmayan müdafiə nazirləri, dövlət katibləri, parlament sədrləri, prezident vəzifələrinə yiyələndilər və bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi. Şuşanı müdafiə etməyə söz verən, əks təqdirdə öz başına güllə çaxmağa söz verən o ünsür görəsən indi hansı hisslər yaşayır? Əminəm ki, bu günə sevinmir. Onun kimilər, o vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün tör-töküntüləri, onların böyük əksəriyyəti bizim Zəfərimizə sevinməyiblər, əksinə peşman olublar. Bizim Qələbəmizə bu günə qədər kölgə salmağa çalışırlar, ermənilərlə əlbir olub bizim Zəfərimizi aşağılamaq, ona kölgə salmağa çalışırlar. Məhz onların hakimiyyətə can atmaları dövründə və ovaxtkı hakimiyyətin satqın, qorxaq olması səbəbindən Şuşa işğal altına düşdü. Şuşanı müdafiə etmək üçün çox da böyük qüvvə lazım deyildi. Siz ki, bunu yaxşı bilirsiniz. Şuşa yiyəsiz qalmışdı və Şuşanın düşmənə təhvil verilməsi Xalq Cəbhəsinə hakimiyyətə gəlmək üçün yol açdı. İndi baxın, o tarixlərə, tarixi hadisələrə. Bir neçə gündən sonra onlar hakimiyyətə gəldilər, o hakimiyyəti yıxdılar, çevriliş etdilər. Xalqın haqlı etirazını, necə deyərlər, öz tərəflərinə çəkmək üçün Şuşanı, sonra Laçını, ondan sonra Kəlbəcəri qurban verdilər. Bununla da keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistanla de-fakto coğrafi nöqteyi-nəzərindən birləşdi.»

Prezident İlham Əliyev Ulu Öndərin 1993-cü ilin  iyununda  xalqın təkidli  tələbindən sonra hakimiyyətə gəlişini Azərbaycan xalqının böyüklüyü  adlandırdı: «Çünki Azərbaycan xalqı bilirdi ki, o bəladan onu ancaq Heydər Əliyev qurtara bilər. O vaxt - 1994-cü ildə əldə edilmiş atəşkəs məcburi bir addım idi və biz heç vaxt o atəşkəslə barışa bilməzdik, nə mənim atam, nə də mən. Onun ömrü bu günü görməyə çatmadı. Biz - onun davamçıları, onun və Azərbaycan xalqının arzularını çin etdik və tarixi Zəfər əldə etdik. Düşmənə öz yerini göstərdik və bu gün düşmən bizim qarşımızda acizdir. Bu gün təkcə bizim tələbimizlə heç bir başqa, necə deyərlər, vasitəyə əl atmadan Qazaxın dörd kəndi bizə qaytarılır. Bir tələbimlə qaytarılır, bax, belə də olmalıdır. Bundan sonra belə də olacaq. Burada söz sahibi bizik, Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır. Həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar peşman olacaqlar.»

Bəli, məhz 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən  İkinci Qarabağ müharibəsi tarixi Zəfərimizlə tamamlandı. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti və  rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində işğal altındakı torpaqlarımız o cümlədən Şuşa və Laçın 28 ildən sonra düşmən tapdağından azad edildi. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonlarının bir güllə atılmadan düşmən işğalından azad edilməsi möhtəşəm Qələbəmizin təntənəsi, ölkə başçısının uğurlu geopolitik siyasətinin nəticəsi idi. Üçtərəfli Bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində 1992-ci il mayın 18-də AXC-Müsavat cütlüyü tərəfindən düşmənə peşkəş edilən Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
2020-ci il noyabrın 26-da «Laçının azad olunmasına görə» medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu «Laçının azad olunmasına görə» medalı ilə təltif olunmuşdur.

Bu gün işğaldan azad edilən digər ərazilər kimi, Laçın rayonunda da geniş tikinti-abadlıq işləri həyata keçirilir. Məhz bunun nəticəsidir ki, artıq Gülüstana çevrilən Laçın şəhərinə, həmçinin rayonun Sus və Zabux kəndlərinə yüzlərlə laçınlı köçərək burada əmin-amanlıqda yaşayırlar.

Elçin Zaman, «İki sahil»

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
174
ikisahil.az

1Mənbələr