AZ

Ölümsüzlüyə qovuşan qəhrəman

Masallı rayonu, Pircana kəndində dünyaya göz açan Faiq Şükürov Birinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda döyüşlərdə şəhid olub. Həmin gündən 30 il ötür. Bu münasibətlə ölümsüzlüyə qovuşan qəhrəmanın xatirəsi anılıb.

Faiq Şükürovun adını daşıyan Lürən kənd tam orta məktəbində baş tutan mərasimdə onun doğmaları, döyüş yoldaşları, rayon rəsmiləri, şəhid ailələrinin üzvləri, I və II Qarabağ müharibəsi iştirakçıları, kənd sakinləri, məktəbin kollektivi, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Məktəbin müəllimi Gülnaz Talıbova qəhrəman Vətən sevdalısının qısa və şərəfli ömür yolu barədə məlumat verəndən sonra
Masallı RİH Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin rayon üzrə təhsil sektorunun məsləhətçisi Samit İslamov, şəhid ataları Bayram Əsgərov, Aqil Mikayılov, Hafiz Qurbanov, jurnalist-publisist Akif Ağayev, şəhidin səngər yoldaşları İsaq Bağırov, Səfərxan İsmayılov, Emil Şahbazov, şəhid Fayəddin Xancanovun qardaşı Rizvan Rzayev, məktəbin direktoru Farid Hüseynov, kənd sakini Tariyel Nurullayev çıxış ediblər. Onlar Faiqin doğma Azərbaycana olan sonsuz sevgisindən danışıb və xatirələrini bölüşüblər. Onu da bildiriblər ki, Faiq Vətən yolunda şəhidlik zirvəsinə ucalıb, bu zirvəyə ucalanlar heç vaxt ölmürlər. Şəhidimiz qəlblərdə yaşamaqla həmişə onun adı qürurla çəkilər, şərəfli ömür yolu gələn nəsillərə də qərinələr boyunca örnək olacaq.

“Şükürlər olsun ki, nakam balamın uğrunda şəhid olduğu müqəddəs Vətən torpaqlarını 30 ildən sonra azad görmək nəsibimiz oldu. Faiqimin qanı yerdə qalmadı. Fəxr edirəm ki, oğlumun adı heç vaxt unudulmaz. İndi oğlum təkcə mənim üçün deyil, bütün Azərbaycan xalqına əzizdir.” Bu fikirləri isə şəhidin 77 yaşlı anası Cahan xanım söyləyib.

Faiq Xubalı oğlu Şükürov orta məktəbdə oxuduğu vaxt idmanın karate növünə maraq göstərib, bu sahədə uğurlar da qazanıb. Masallı 37 saylı Texniki-Peşə Məktəbində sürücülük kursunu bitirib 1991-ci ilin payızında ordu sıralarına yollanıb. Bakı və Gəncə şəhərlərində, Tərtər və Beyləqanda xidmət edib. 1992-ci ilin mart ayından Vətənin müdafiəsi uğrunda döyüşlərə qatılıb. Tərtər-Goranboy cəbhəsinin müdafiəsində, Sərsəng su anbarı ətrafında gedən döyüşlərdə, Ağdərə-Başkənd və digər əməliyyatlarda şücaəti göstərib. Horadiz stansiyasının azad edilməsi uğrunda döyüşdə yaralanıb. Sağalan kimi yenidən səngərdə yerini tutub. Ən ağır döyüşlər zamanı qorxubilməz pulemyotçu əsgərimiz həmişə öndə vuruşub, yağıya qan qusdurub. Eyni zamanda bacarıqlı sürücü kimi idarə etdiyi yük maşını ilə döyüşçü yoldaşlarına silah-sursat, ərzaq ehtiyatı daşıyıb. 1994-cü il aprelin son günlərində Füzuli rayonunun Aşağı Veysəllidə müharibə meydanında əbədiyyət adlı dünyasına qovuşub və doğulduğu kənddə məkan tapıb.

Tədbir zamanı məktəblilər vətənpərvərlik mövzusunda şerlər söyləyiblər. Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edib, ehtiram əlaməti olaraq önünə gül dəstələri düzüblər.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
219
ikisahil.az

1Mənbələr