AZ

Heyvan, yoxsa bitki mənşəli südlərdən istifadə edək?

Kokos, badam, yulaf südünün inək südündən daha faydalı olduğu iddia edilir. Görəsən bitki tərkibli südün ayrı-ayrılıqda hansı xeyirləri var? Doğurdanmı bu südlər heyvan südündən daha xeyirlidir?

Tərkib fərqlidir və orqanizmə faydaları da buna görə dəyişir

Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, son dövrlərdə bir çox insanlar xüsusilə pəhriz saxlayanlar kokos, badam və yaxud yulaf südündən istifadə edirlər. Bir çox hallarda sözügedən südlərin inək südündən daha yaxşı olduğunu desələr belə bu fikir təbii olaraq bir o qədər özünü doğrultmur. Çünki hər birinin tərkibi fərqlidir və insan orqanizminə faydaları da ona görə dəyişir. Bu kimi bitkilərin südlərindən daha çox istifadə edən insanlar az yağlı süddən istifadə etmək üçün və yaxud laktoza həssaslığı olanlar bu kimi laktozsuz südlərdən istifadə edirlər. Ona görə ki, bir çox insanda xüsusilə də 3 yaşdan yuxarı uşaqların orqanizmində heyvan südünün tərkibində olan laktozanı həzm etmək üçün orqanizmdə enzimlər olmur və onlar bu süd mənşəli bir çox qidalardan istifadə etdikdə əziyyət çəkirlər. Ona görə həmin insanlar daha çox tərkibində laktoz olmayan badam, kokos və yulaf kimi südlərdən istifadə edirlər. Burada digər önəmli məqam sözügedən südlərin yağsız olmasıdır. Bu isə onun daha tez həzm olmasına gətirib çıxarır və eyni zamanda, insan orqanizmi tərəfindən daha asanlıqla parçalanır.

Bitki mənşəli südlər bioloji qocalmanın qarşısını alır

Beləliklə, insan orqanizminə faydalı elementlər keçir və allergik reaksiyalar vermir. İmmun sistemi güclü olan bir çox insanlarda laktoza qarşı həssaslıq hər hansı allergiya kimi görünməsə də, onlar həzm sistemində müəyyən problemlərlə rastlaşa bilirlər. Bu da xüsusilə bağırsaqda özünü göstərir və qəbizlik, diareyaya səbəb olur. Bağırsaq mikroflorasının dəyişməsinə gətirib çıxarır. Belə insanlar daha yaxşı olar ki, inək südündən çox istifadə etməsinlər. Eyni zamanda, bitki mənşəli südlər bioloji qocalmanın qarşısını alır və orqanizmdə daha tez həzm olunduğu üçün sümüklərin, dərinin sağlamlığına fayda verir. Ancaq insanlar orqanizmə daha fayda verməsi üçün yaxşı olar ki, pendir, xama, qatıq, yoqurt kimi məhsullardan istifadə etsin.

Qeyd edək ki, kokos südü kalium və maqnezium kimi mineralların istehsalına kömək edir. Sidik yollarının təmizləməsinə yardım edir və böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır. Həzm sistemini gücləndirir və qəbizliyi aradan qaldırır.

65 və daha yuxarı yaşı olan şəxslər bu südə üstünlük versinlər

İnək südündən qat-qat aşağı kalorili olan badam südündə isə zülal az miqdardadır. Tərkibindəki fol və yağ turşuları serotonin səviyyələrini artıraraq depressiya və narahatlıq hissini azaltmağa kömək edir. Kalsium isə sümüklərin inkişafına yardım edir. 65 və daha yuxarı yaşı olan şəxslər artan kalsium ehtiyacına görə badam südünə üstünlük verə bilərlər. Zəngin minerallı və vitaminli olması immuniteti gücləndirir. Tərkibində xolesterin yoxdur.

Yulaf südünün lifli olması həzm sistemini dəstəkləyir və toxluq hissi yaradır. Kalsium mənbəyidir və sümük sağlamlığı üçün xeyirlidir. İnsan sağlamlığı üçün önəmli olan D, B12 vitaminləri və maqnezium, kalium kimi minerallarla zəngindir. Tərkibində kofein olmadığı üçün yulaf südü gecə saatlarında içməyə uyğundur və yuxuya mənfi təsir göstərmir.

Sayalı Abasova, "İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
ikisahil.az

1Mənbələr