AZ

Fransa müstəmləkəçiliyinin iflası

İfrat dərəcədə sərt siyasət, pozulan hüquqlar, müstəmləkəçi yanaşma etirazların dalğasını daha da  genişləndirib

Tarixdə zülmkar və böyük müstəmləkə imperiyası kimi adı keçən Fransa, təəssüflər olsun ki, bu “mirası” XXI əsrə qədər daşıyıb gətirib. Bu gün Fransa müstəmləkəçilik siyasətindən, səlibçi zehniyyətdən xilas ola bilməyib və onun bu cinayətkar əməlindən milyonlarla insan zərər çəkir. Fransa müstəmləkəsi olan Korsikada, Yeni Kaledoniyada və başqa müstəmləkələrdə insanlar ayağa qalxıb müstəqillik uğrunda mübarizə aparırlar. Eyni zamanda Fransanın polis repressiyaları da artmaqdadır. Xəbər verildiyi kimi, Yeni Kaledoniyada gərginlik pik həddə çatıb. Artıq polislə etirazçılar arasında toqquşmalar yaşanıb. Bu barədə “France Info” məlumat yayıb. Bildirilib ki, toqquşmalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı zorakılıq tətbiq edib. Polis nümayişçiləri gözyaşardıcı qazla dağıtmağa çalışıb. Qeyd olunub ki, paytaxt Numeada aerodromun yaxınlığında bir neçə avtomobil yandırılıb. Bundan başqa, şəhərin digər istiqamətində polis nümayişçiləri sıxışdırıb çıxara bilsə də, onların atdığı mərmilərə tuş gəlib, ölən və yaralananlar var. Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində iğtişaşlar zamanı 3 nəfər ölüb, 140 nəfəri həbs edilib. Həmçinin, baş limanın yaxınlığında kondisioner istehsalı müəssisəsinin yandırıldığı qeyd edilib. Cənub əyaləti assambleyasının prezidenti və loyalistlərin lideri Sonya Bakes “kaledoniyalıları evdə qalmağa” çağırıb. O, eyni zamanda çaxnaşmanın arxasındakılara cavab veriləcəyini bildirib.

Məlumat üçün bildirək ki, demokratik ideyaları məhv edən və insani dəyərləri ucuzlaşdıran Fransa 1873-cü ildən bəri yerli kanak xalqını əsarəti altında saxlayır, onların bütün hüquqlarını pozur. Əslində, Yeni Kaledoniya 1986-cı ildən müstəmləkə siyasətindən azad edilmiş xalqlar siyahısına daxil edilib. Həmin vaxtdan etibarən müstəqillik mübarizəsinə başlayıb. Lakin Fransa hələ də onlara qarşı kolonializm siyasətini davam etdirir. Ada sakinləri dəfələrlə bəyan ediblər ki, Fransanın bu siyasəti nəticəsində öz mənsubiyyətlərini itirmək təhlükəsi yaşayırlar. Müstəmləkə ölkələrində mətbuatı öz əlində tutmaq, yalnız Fransadan gətirilən təbliğat vasitələrini yaymaq, yerli mətbuatın inkişafını məhdudlaşdırmaq siyasəti davam etdirilir. Yerli-köklü xalqların həyat tərzində, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə müstəmləkəçilik dövrünün fəsadları, problemləri yaşanmaqdadır. Fransızların müstəmləkəsi olmuş Yeni Kaledoniyada yerli-köklü (aborigen) əhalinin sıxışdırılması güclənib. Hələ də belə ölkələrə Fransanın tərkib hissəsi kimi baxılır. Onlar Fransa parlamentinə də nümayəndə(lər) seçirlər. Katolik kilsəsi də kolonial siyasətdə fəal rol oynayır. Parisin öz müstəmləkələrinə öz adamlarını yerləşdirməklə, yerli əhalinin sayını aşağı salmaq siyasəti ona gətirib çıxardıb ki, köklü əhali bəzi yerlərdə azlıqda qalıb, etnik qrupa çevrilib. Bu ölkələrin ümumi sahəsi 551500 kv.km-dir. Fransanın öz sahəsi 643801 kv.km. Dənizarxası ərazilərinin genişliyinə görə Fransa dünyada 2-ci böyük “müstəsna iqtisadi zonaya” (exclusi­ve economic zone) malikdir. Fransanın tabeliyində 18 regionu, mülkiyyətində isə 5 dənizarxası kollektivi, 1 dənizarxası ərazi, 1 xüsusi kollektiv (Yeni Kaledoniya) vardır. Dənizarxası ərazilər, kollektivlər Fransanın tərkib hissəsidir (Fransız Polineziyası, Sen-Barte­lemi, Sen-Marten, Yeni Kaledoniya və s.). Amma onlar Avropa İttifaqına daxil deyil.

Fransada İslam dininə münasibətlə əlaqədar da ciddi problemlər yaşanır, burada ölkədə islamofobiya geniş yayılmışdır. 2017-ci ilin noyabrında Burkino–Fasoda universitetdə çıxış edən Prezident Makron Fransanın Afrikadakı keçmiş müstəmləkələri ilə yeni münasibətlərdən, tarixi ənənələrdən və gələcək nikbin perspektivlərdən danışmışdı. Lakin Beynəlxalq Sülh üçün Karnegi Fondunun (“Carnagie Endowment for İnternaional Peace”) dəyərləndirməsinə görə, Prezident Makronun Afrika ölkələri ilə qarşılıqlı faydalı və mütaqabil əməkdaşlıq etmək vədi yerinə yetirilmədi. Onun bu ölkələrə yönəlmiş siyasətində məqsəd, əslində, keçmişdəki müstəmləkəçilik irsinin yenidən canlandırılması, frankofon ölkələrdə qeyri-Avropa dövlətlərinin fəallaşmasına mane olmaqdır. O da məlumdur ki, Fransa öz tarixində qara ləkə olan kolonializmi yalnız keçmiş müstəmləkələrində, zor gücünə hakimiyyəti altında saxladığı ərazilərdə deyil, həm də digər regionlarda, həmçinin Cənubi Qafqaz regionunda da tətbiq etmək niyyətindədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də Azərbaycanın neoimperial siyasətlərə qarşı əzmlə və qətiyyətlə dayandığını dəfələrlə bəyan edib. Azərbaycan beynəlxalq arenada dekolonizasiya prosesini təşviq edir, müstəmləkəçilikdən əziyyət çəkən xalqların haqlı mübarizəsini dəstəkləyir. Ölkəmiz neokolonializmə qarşı mübarizəni prioritet elan edib və bu faktı Bakıya səfər edən kaledoniyalılar da etiraf ediblər. Bildiriblər ki, dəyərlərini gələcək nəsillərə ötürmək üçün mübarizə aparırlar və bu istiqamətdə Azərbaycanın təşəbbüslərini təqdir edirlər. “Azərbaycan bizim üçün nümunə, böyük qardaş rolunu oynayır”, - deyə Bakıda olan Kaledoniya nümayəndə heyətinin üzvlərindən biri deyib.

Dövlətimizin başçısı dünyada BMT-dən sonra ikinci təşkilat olan Qoşulmama Hərəkatının (QH-nin 120 üzvü, 19 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var) sədri kimi bir neçə dəfə Fransanın işğal etdiyi ölkələrdə həyata keçirdiyi insanlıq əleyhinə çoxsaylı cinayətləri, törətdiyi vəhşilikləri faktlarla yüksək tribunalardan sadalayıb. Sonuncu dəfə mayın 1-də “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində cənab İlham Əliyev bildirdi ki, Azərbaycan QH-nın sədri kimi hər zaman yeni müstəmləkəçilik tendensiyalarına qarşı mübarizəni təşviq edib: “Dünya məcburi assimilyasiyaya aparan belə bir iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır. Ondan çox fransız dənizaşırı ərazisində həyata keçirilən məcburi assimilyasiya əsla qəbuledilməzdir və buna son qoyulmalıdır. Bu səbəbdən Avropa təsisatları bəzən çalışırlar Avropada olmayan ölkələrin daxili işlərinə müdaxilə etsinlər. Amma Avropa Parlamenti və AŞPA bununla bağlı səsini çıxarmır. Çünki yeni müstəmləkə tendensiyaları yenə də davam edir. Onda siz nəyə görə tənqid etmirsiniz? Nəyə görə siz sanksiyalar tətbiq etmirsiniz? Nəyə görə susursunuz? Bəli, biz sədr olaraq, hərəkat daxilində bu işi gördük. Bu, bizim vəzifəmiz idi. İndi görürük ki, digər ölkələrə, imperiyada yaşayan xalqlara gəldikdə, biz bilirik ki, azad və müstəqil olmaq nə deməkdir. Biz bunu bilirik və həmin insanlara kömək etmək istəyirik...”

Göründüyü kimi, Bakının bütün beynəlxalq platformalarda kolonializmə qarşı aktiv mübarizə aparması sayəsində "demokratiya" libasına bürünərək hələ də xalqları əsarətdə saxlayan neokolonialist Fransanın iç üzü dünyaya faş olmaqdadır.

Sevinc Azadi, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
50
ikisahil.az

10Mənbələr