AZ

Basketbol: “NTD-İndiqo” ilk oyunda “Xırdalan”a qalib gəldi

Bu gün “Sərhədçi” İdman Mərkəzində keçirilən oyunla Azərbaycan Basketbol Liqasında 2023/2024 mövsümünün həlledici mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, çempionatın bürünc medalları uğrunda mübarizə aparan “Xırdalan” və “NTD-İndiqo” komandaları ilk oyunlarını keçiriblər.

Qarşılaşma 95:79 hesabı ilə Xaçmaz təmsilçisinin xeyrinə başa çatıb. Seriyanın ikinci matçı mayın 18-də baş tutacaq. Bu komandaların üçüncü dueli isə mayın 21-də gerçəkləşəcək.

Qeyd edək ki, sabah final seriyasının ilk oyununda “Xəzri” və “Sabah” kollektivləri qarşılaşacaqlar.

“NTD-İndiqo”nun baş məşqçisi Tahir Baxşıyev “Xırdalan”la ilk oyunda qazandıqları qələbədən sonra klubun mətbuat xidmətinə açıqlama verib:

“İlk iki hissə çətin keçdi. Səbəbləri də məlumdur. Ancaq üçüncü və dördüncü hissələrdə komanda yaxşı mübarizə apardı. “Xırdalan” yaxşı komandadır. Ancaq onların iki əsas basketbolçusu meydançaya çıxmamışdı. Buna görə bizə oynamaq daha asan idi. Düşünürəm ki, ikinci görüş daha çətin olacaq. Bu gün gənc oyunçulara oynamaq şansı verdik. Çalışırıq ki, gənc basketbolçular da özlərini göstərsinlər”.

“Xırdalan”ın baş məşqçisi Uğur Özdemir isə komandasının məğlubiyyəti ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında bunları deyib:

“İtkilərlə oyuna çıxacağımız öncədən bəlli idi. Rəqib də bunu bilərək bizə qarşı hazırlıq görmüşdü. Biz də bunu nəzərə alıb hazırlaşmışdıq. Amma alınmadı. Kənar atışlarımız uğursuz alındı, çox səhvlərimiz oldu. Bu da bizə məğlubiyyəti gətirdi. Rəqib oyunda ekstra 3 xallıq atışlardan xallar qazandı. Biz isə müdafiədə çox pis oynadıq. Təbii ki, məğlubiyyətin fərqli səbəbləri də var idi. Belə mərhələdə psixoloji olaraq da toparlanmaq çətin olur. Mövsümün sonunda həm zədələr, həm cəzalı oyunçular və fərqli dediyim səbəblər yaxşı nəticəyə imkan vermir. Parket üzərində olan oyunçularımdan da zədəli olanları var idi. Buna baxmayaraq, oyunçularım əllərindən gələni etdilər, döyüşdülər. İrəli baxmaq lazımdır. Qarşıdakı oyunda qalib gəlib, daha sonra həlledici matçı da qələbə ilə başa vurub üçüncü yerin sahibi olacağıq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
arena.az

1Mənbələr