AZ

Minsk qrupu ləğv edilməlidir

Çünki heç bir ölkə ədalətsiz münsifliyi qəbul etmir

Otuz iki il davam edən Ermənistan-Azərbaycan münaqişəsi xalqımıza qarşı soyqırımları, ərazi itkiləri, flora və faunamızın məhvi ilə müşayiət olunub. Dünyanın aparıcı dövlətlərinin başçıları Azərbaycanın zorla cəlb edildiyi Birinci Qarabağ müharibəsində tam haqlı olduğunu bilsələr də işğalçı və terrorçu Ermənistana nəinki təzyiq etmədilər heç olmasa pisləmədilər də. ABŞ isə daha da irəli gedərək Azərbaycana qarşı "Azadlığa Dəstək Aktı"na ədalətsiz 907-ci düzəliş adlı sanksiya tətbiq etdi. Ermənistana isə hər il 300 milyon dollar yardım ayırdı. Bununla da işğalçının arxasında durub  onun  cinayətkar hərəkətlərinə haqq qazandırdı.

İnsan hüquq və azadlıqlarından dəm vuran ABŞ və ermənipərəst Qərb strateqləri o zaman düşünürdülər ki, bu münaqişə azərbaycanlılara öz ərazilərini unutdurana qədər davam etdirilməlidir. Bu niyyətlə 1992-ci ilin martında ATƏT Qarabağ münaqişəsini sülh yolu ilə nizamlamalı olan Minsk qrupunu yaratdı. Qrupa Rusiyadan, ABŞ-dan və Fransadan həmsədrlər təyin edildi. Qəribə idi ki, qrupa müsəlman-türk ölkəsi yaxın buraxılmadı. Beləliklə, düşmənlərimizin birgə hazırladıqları  "vaxtuzatma" əməliyyatı işə salındı. Minsk qrupunun həmsədrləri ildə bir-iki dəfə Azərbaycana və Ermənistana gəlir, gətirdikləri yararsız təkliflər isə qəbul olunmur, geri qaytarılırdı. Beləcə illəri "uğurla yola verirdilər."

Azərbaycan rəhbərliyi dəfələrlə bütün dünyaya buna dözməyəcəyini bəyan edirdi.

Müstəqilliyini od-alovun içində qazanan Azərbaycan özünü toparlayaraq Silahlı Qüvvələrini gücləndirdi, yeni ordu yaratdı. onu müasir silahlarla və yeni zabit korpusu ilə komplektləşdirərək döyüşə hazır vəziyyətə gətirdi. Artıq Azərbaycan tək deyildi, qardaş Türkiyə və Pakistan, İsrail hər vaxt Azərbaycanın yanında olacaqlarını bildirdilər. Ancaq Azərbaycanın müdrik rəhbərliyi yenidən qan axıdılmasını istəmir, münaqişənin dinc yolla həllinə çalışırdı. Lakin daim "arxalı köpək" rolunu oynayan Ermənistan sülhə gəlmədi.

Hələ bütün bunlar bir yana qalsın, 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusu bəzi əraziləri azad edəndə həmin bu həmsədrlər ard-arda zəng edərək rəsmi Bakıdan qoşunları geri çəkmək tələbləri olunurdu. Bu da bunların “sülh nizamlaması.” Bir sözlə, Minsk qrupunun həmsədrləri həmişə işğalçı Ermənistana açıq-aşkar dəstək veriblər.

“ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün yaradılmış Minsk qrupu, fəaliyyətdə olan sədrin nümayəndəsi, yüksək səviyyədə planlaşdırma kimi təsisatları nəticə verməyib.”

Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla keçirdiyi mətbuat konfransında deyib. Nazir qeyd edib ki, bu təsisatların mandatı tükənib, arxaik fəaliyyət göstərirlər. “Arxaik fəaliyyət göstərən, keçmiş ifadələrdən istifadə edən bu təsisatları ATƏT-in məhdud büdcəsindən maliyyələşdirməyə ehtiyac yoxdur.”

Minsk qrupunun “şinelindən” çıxan İan Borq naftalin iyi verən fikirlərdənsə yeni və real təkliflərlə Bakıya gəlsəydi bəlkə də yuxarıdakı sözləri eşitməzdi. Çünki Azərbaycanın qarşısında hələ də irili-xırdalı müəyyən problemlər var. Məsələn, işğaldan azad olunmuş ancaq infrastrukturu tamamilə dağıdılıb xarabazara çevrilmiş ərazilərdə tikinti-abadlıq işləri, flora və faunamızın bərpası, minatəmizləmə və s. Ən böyük problem isə Qərbi Azərbaycandan deportasiya edilmiş azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmalarıdır. Əgər Minsk qrupu heç olmasa bu işlərdə ölkəmizə kömək etməyə təşəbbüs göstərsəydi bəlkə də qəbul olunardı. Amma İan Borq dil tərpədib bunlar barədə kəlmə kəsmədi. Ona görə də həm Prezidentdən, həm də xarici  işlər nazirindən layiq olduqları sözləri eşitməli oldu. Digər tərəfdən, onu təlimatlandırıb Bakıya göndərənlər də öz paylarını aldılar. Diplomatın Bakıya səfəri onu göstərdi ki, Minsk qrupunun rəhbərləri ciddi səhvə yol verdiklərini indi anlayıblar və bir növ Bakının ürəyini almaq üçün İan Borqu mənasız bir gündəliklə buraya göndəriblər. Necə unuda bilərik ki, Minsk qrupu həmsədrlərinin buna oxşar mənasız səfərlərindən snra xalq arasında istehza ilə deyirdilər ki, “kababtirovkaya gəlmişdilər.”

Prezident İlham Əliyev deyib ki, Qarabağ münaqişəsini Azərbaycan Ordusu bitirib, bununla bərabər, Minsk qrupunun da işi bitib, çünki bu qurumun yeganə vəzifəsi keçmiş Qarabağ münaqişəsini sülh yolu ilə həll etməkdən ibarət idi, ancaq öz vəzifəsini yerinə yetirə bilmədi. İndi hansı sifətlə Bakıya “konstruktiv” təkliflərlə gəlirlər?

Çox şükür ki, bu cür siyasi oyunbazlıqlar birdəfəlik bitdi.

Vəli İlyasov, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
326
50
ikisahil.az

10Mənbələr