AZ

“Gəncə valisi Xudadad bəyin evinin zirzəmisində gizləndik”

Əvvəli burada

İkinci yazı

İskəndər bəyin oğluna söylədiyi daha faciəli günlər isə artıq qapıda idi. Bolşevik inqilabından sonra yaranan anarxiya, xaos dövründə imperiyanın müxtəlif yerlərində olduğu kimi Qars bölgəsində də silahlı dəstələr qətliama başlamışdılar. Kürdlərlə ermənilər, ermənilərlə türklər arasında baş verən qarşıdurma bölgəni idarəedilməz bir hala gətirmişdi. Hacı Əhməd bəy o günləri belə xatırlayırdı:

“Müxtəlif müsəlman kəndlərinə köçə məcbur edilən ermənilər bölgəyə yerləşdikdən sonra iki toplum arasında anlaşılmazlıqlar başladı. Bir yandan kürdlərdən gördükləri zülmün intiqamını almaq, digər yandan talan edilən mallarının yerinə mal əldə etmək üçün yol kəsməyə, adam öldürməyə başladılar. Saysız-hesabsız atlı dəstələr təşkil etdilər. Hamısı silahlı olan bu erməni dəstələri bölgədə yaşayan, hər cür maliyyə imkandan məhrum, silahsız, müdafiəsiz müsəlman xalqın üstünə cumdular... Ermənilər bölgəmizdə törətdikləri cinayətlərdə öldürdükləri müsəlmanları daha çox kəndlərdəki böyük quyulara atırdılar”.

Hacı Əhməd bəy Qars valisi Karqanovun bu hadisələrdə erməni dəstələrinin yanında olduğunu vurğulayıb, silahlı qrupların Aküzüm kəndini mühasirə etməsini belə xatırlayıb:

“Bizim kəndə hücumu çox yaxşı xatırlayıram. Axşam idi. Əlliyə qədər atlı erməni əşqiya tək sıra halında Akyol tərəfindən kəndə yaxınlaşırdı. İrəlilədikcə arada güllə atmağı ehmal etmirdilər. Kəndin damlarının birindən atılan bir güllə ermənilərdən birini yerə sərdi. Boş qalan at sürətlə kəndə girdi, onu həmən tutdular. Üzərindəki heybə mərmi ilə dolu idi. Aküzümün belə bir hücuma hazırlıqlı olduğunu düşünmüş olacaqlar ki, ölən əşqiyanı götürüb geri qayıtdılar”.

Lakin hər tərəfdən ermənilərin qonşu kəndləri də mühasirəyə alacaqlarını görən Aküzüm ailəsi köç etməyə məcbur olur. Yola çıxan qafiləyə erməni dəstələri hücum edir, Hacı Əhmədin anası və qardaşının yoldaşı öldürülür. Qalanlar Soskirt kəndinə yerləşirlər. On gündən sonra bölgəyə gələn Hatunoğlu Firuz bəyin komandanlığındakı türk ordusunun sayəsində ölənlərin cəsədi tapılır, qarşılarına çıxan erməni dəstə üzvləri məhv edilirlər. Aküzümdə artıq hər şeyləri yağmalandığı üçün Əsədullah bəy ailəni Qarsın Yusufpaşa məhəlləsinə yerləşdirir.

İbrahim Cahangiroğlu ilə qohumluq
Aküzüm ailəsi Cənubi-Qərbi Qafqaz hökumətinin qurucusu Cahangir İbrahimoğlu ilə qohum olublar. Cahangir bəy, İskəndər bəy Aküzümün bacısı Zinyət xanımla evlənib, Müzəffər, Fatma və Anaxanım adlı övladları doğulub. İbrahimoğlu İran cəbhəsində olduğu zaman anası Şərəbanu xanımı, yoldaşı Zinyəti və qızlarını Xoy şəhərinə yerləşdirib. Qızı Fatma orada bir iranlı ilə ailə həyatı qurub. Həmin vaxt oğlu Müzəffər bəy isə Bakıda təhsil alıb. Cahangir bəy Balkan cəbhəsinə getdiyi zaman isə yoldaşı Zinyət xanımla qızı Anaxanım Aküzüm kəndinə gəliblər. İki il orada qalıblar. Erməni qətliamları zamanı ailə Ağbabaya qaçdıqları zaman Zinyət vurularaq öldürülür, cəsədi tapılmır. İbrahim bəy cəbhədən qayıtdıqdan sonra qızı Anaxanım onun yanına qayıdır, sonrakı illərdə Aküzümlərdən Abbas bəylə evlənir. Yoldaşını itirən Cahangir bəy ikinci dəfə Mələk adlı qadınla ailə həyatı qurur. Daha sonra Cahangir bəy bölgənin idarəçiliyini əlində tutan hökumət yaratsa da, ingilislər onları həbs edərək Malta adasına sürgün edirlər.

Ermənilər yenidən bölgədə qətliama başlayırlar. Əsədullah Aküzüm İbrahim bəyin ailəsini Gəncəyə göndərir. Gəncə valiliyi mühacirlərə yardım göstərir, eyni zamanda ermənilərlə savaşan mücahidlərə də dəstək verir. Mələk xanım Cahangirzadənin Azərbaycan hökumətinə müraciəti də hazırda Türkiyə arxivlərində mövcuddur.
Daha sonra Aküzüm ailəsi də Gəncəyə köç edir.

Aküzümlər Gəncədə

Erməni zülmündən qaçaraq Qarsdan Gəncəyə gələn Aküzüm ailəsi burada vaxtilə İskəndər bəyə kömək etmiş Sarı Ələkbər bəylə yenidən görüşürlər. Hacı Əhməd Aküzüm Gəncəyə gəldikləri dövrü belə xatırlayıb:

“Biz, Mahmud və Məhərrəm əmilərim, Cəfər ağanın oğlu Qara bəylər və Zülfüqar ağanın oğlu Əli bəylərlə birlikdə Gəncəyə yerləşdik. O tarixdə Gövhər xalam əri və uşaqları, Mahmud dayım da xanımı və uşaqları ilə Gəncədə yaşayırdılar.

Xalamızın və dayımızın evinə yerləşmək üçün ikiyə ayrıldıq. Aradan bir-iki həftə keçdikdən sonra qardaşım Əsədullah daha öncə atamın əməliyyatı əsnasında Gəncədə tanıdığı İmamquluzadə Sarı Ələkbər bəyi ziyarət edir. Yaxşı bir dost olduğunu daha əvvəl isbatlayan Ələkbər bəy evlərinə dəvət edir. O əsnada yanlarında olan Hacı Əli Misgərli (Ələkbər bəyin yeznəsi) ailəsinin tezliklə yaylağa qalxacağını, şəhərdəki evlərinin boş olacağını, qəbul edərlərsə evdə qala biləcəklərini söyləyir. Qardaşım təklifi qəbul edir. Onlar yaylağa çıxdıqdan sonra ikimərtəbəli, altı otaqlı evə köçdük. Qardaşım bu evdə qaldığımız əsnada bizdən öncə Gəncəyə köçmüş Cahangiroğlu İbrahim bəyin bacısı Tükəzban xanımla evləndi. Bir il sonra ilk övladları İskəndər dünyaya gəldi”.

Aküzüm ailəsinin Gəncədəki rahat günləri uzun çəkmir. Ruslar 27 aprel 1920-ci ildə Bakını işğal etdikdən sonra Gəncəyə doğru hücuma keçdilər. Şəhəri əldən vermək istəməyən əhali məşhur Gəncə dirənişini başlatdı. Hacı Əhməd bəy xatirələrində Gəncə qiyamı haqqında maraqlı bilgilər verib:

“Bir gün qaldığımız evin birinci mərtəbəsində oturarkən minbaşı Firidun bəy qardaşıma “sabah axşam bir ixtilal edəcəyik, xəbərin olsun” dedi. Ertəsi gecə saat 24-də başlayan hərəkat iki gün uğurlu olsa da, bolşeviklərə kənardan gələn yardım nəticəsində şəhər ələ keçirildi. Biz qaldığımız evi tərk etdik, eyni küçədə yerləşən Gəncə valisi Xudadad bəyin evinin zirzəmisində gizləndik. Bağça içərisindəki evin zirzəmisi iki hissədən ibarətdi. Bir hissəsinə qadın və uşaqlar, digərində isə kişilər sığındılar. Bir gecəyarısı yan tərəfdəki evin zirzəmisindən qışqırıqlar eşitməyə başladıq. Bir az sonra öyrəndiyimizə görə zirzəmiyə girən bolşeviklər oradakı bütün kişiləri qətlə yetiriblər. Bu hadisədən sonra qaldığımız evin balkonuna çıxan Gövhər xalamın əri Ələşrəf ağa və Hüseyn adındakı həmşəhrimiz təslim üçün ağ dəsmal sallayınca yaylım atəşinə tutularaq öldürüldülər”.

Gəncə dirənişindən ötən 8 gün ərzində Aküzümlərdən bir neçə şəxs şəhid olur, ailə böyük faciələrlə üzləşir. Nəhayət ortalıq sakitləşəndən sonra Əsədullah Aküzüm 1920-1921-ci illərdə Gəncədə kooperatif sədri işləyərək ailəni dolandırmağa çalışır. Eləcə də Qarsdan gələn mühacirlərə yardım edir. 1921-ci ildə Türk ordusunun Qarsa girib bölgəni azad etməsindən sonra Aküzüm ailəsi yenidən oraya yerləşir. Bu ərəfədə Cahangiroğlu İbrahim də Malta sürgünündən qayıdır, Aküzümlərlə birlikdə Qarsa gedir...

Beləcə XIX əsrin əvvəllərində Şuşadan Qarsa köçən Aküzüm ailəsi Azərbaycanla rabitələrini kəsməyiblər, ən çətin günlərində Cümhuriyyətin ilk paytaxtı Gəncəyə sığınıblar, 1921-ci ilədək orada qalıblar. Sonralar bu ailənin önəmli üzvlərindən Feyzi Aküzüm Azərbaycan Kültür Dərnəyi vasitəsilə Azərbaycan istiqlal mübarizəsinin simalarından biri olub...


Müəllif: Dilqəm Əhməd
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
196
teleqraf.com

1Mənbələr