AZ

Sülhməramlıların təntənəli gedişi - BAXIŞ BUCAĞI

Rusiya sülhməramlılarının Azərbaycandan çıxması öncə Ermənistanda, sonra bu qondarma dövlətin arxasında duran dairə və dövlətlərdə şok effekti yaratdı. Əslində sülhməramlıların mövcudluğu əbədi deyil müvəqqəti xarakter daşıyır və dünyanın bütün qaynar nöqtələrində bu belədir. Sadəcə vaxt məsələsi var. 44 günlük müharibəni sonlandıran üçtərəfli Bəyanatdan sonra Qarabağa yerləşdirilən Rusiya sülhməramlılarının ömrü 5 il illik idi. Tərəflərdən biri müqavilənin bitməsinə 6 ay qalmış etiraz etsə idi sülhməramlılar 5 ilin sonunda bölgəni tərk edəcəkdilər. Məsələnin digər tərəfi də var, sülhməramlılar Qarabağda, xüsusən də ermənilərin yaşadığı ərazilərdə ona görə yerləşdirilmişdi ki, ermənilərlə azərbaycanlılar arasında inteqrasiya prosesinə dəstək olsunlar, sabitlik yaratsınlar, silahlar bir daha işə düşməsin. Amma…

Ermənistan ordusunun Qarabağdakı tör-töküntüləri, hələ də varlıqlarını sübut etməyə çalışan və 44 günlük müharibədən nəticə çıxarmayan separatçılar isə Rusiya sülhməramlılarının fəaliyyətinin erməniləri burada qorumaq olduğunu düşünüb təxribatlar törədirdilər. Ermənilər onlara verilən fürsəti dəyərləndirə bilmədilər, zamanın dəyişdiyini, Azərbaycanın əvvəlki ölkə olmadığını, ordusunun gücünü hesaba almadılar. Ötən ilin sentyabrında erməni ordusunun Qarabağdakı on minlik hissəsinə qarşı Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi antiterror tədbirləri məsələyə birdəfəlik son qoydu. Separatçılar çıxılmaz duruma düşsələr də ən son təxribatlarını işə saldılar. Qarabağdakı erməniləri zorla Ermənistana köçürməklə Azərbaycanı dünya birliyi qarşısında “etnik təmizləmə aparan dövlət” kimi təqdim etməyə çalışdılar. Təbii ki, ermənilərin bu planından rəsmi Bakı xəbərdar idi və buna qarşılıq verdi, ermənilərin Qarabağı tərk etməsinin separatçıların və rəsmi İrəvanın planı olduğunu sübut etdi.

Qarabağdan öz arzu və istəkləri ilə köçən ermənilərdən sonra sülhməramlıların da işi bitmiş sayıldı. 2023-cü ildə qarşıda iki il qalsa da sülhməramlıların Qarabağda mövcudluğuna tezliklə son qoyulacağı barədə Rusiyadan da mesajlar gəlməkdə idi. Ukraynda gedən müharibədə Rusiyaya təlim keçmiş əsgər və zabitlər lazım idi. Qarabağdaskı sülhməramlılar isə tam olaraq Moskvanı qane edirdi. Və nəhayət gözlənilən an gəlib çatdı, Rusiya Müdafiə Nazirliyi sülhməramlı kontingentin bölgədən çıxarılması barədə qərar qəbul etdi. Proses çox sakit və qarşılıqlı anlaşma şəraitində bu gün də davam edir. Xocalı hava limanındakı sonuncu yük maşınları bu gün ərazini tərk ediblər. Bununla bağlı iki ölkə hərbçilərinin iştirakı ilə təntənəli tədbir də keçirilib.

Xocalı rayonunda Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Rusiya Silahlı Qüvvələri Quru Qoşunlarının Baş Komandanının birinci müavini, Quru Qoşunlarının Baş Qərargah rəisi general-polkovnik Yevgeni Nikiforov iştirak ediblər. Tədbir hər iki ölkənin himnlərinin səsləndirilməsi ilə başlayıb, daha sonra bir qrup hərbi qulluqçular medallarla təltif olunub. Rəsmi hissədən sonra konsert proqramı başlayıb.

Qeyd edək ki, Rusiya sülhməramlıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmişdi. Daha sonra hər iki ölkənin ali rəhbərliyi onların Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə qərar qəbul ediblər.

“Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin çıxarılması prosesi yaxın vaxtlarda yekunlaşacaq”. Bunu jurnalistlərə Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ iqtisadi regionunun ərazisindən çıxarılması ilə əlaqədar keçirilən təntənəli mərasimdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov deyib. “Azərbaycan və Rusiya prezidentləri arasında Rusiya sülhməramlılarının ölkəmizin ərazisini tərk etməsinə dair əldə olunmuş razılığa əsasən Rusiya sülhməramlılarının başa çatması ilə əlaqədar tədbir keçirilir. Bugünkü tədbirdə Azərbaycan və Rusiya tərəfindən yüksək rütbəli zabitlər iştirak edir. Sülhməramlıların ərazini tərk etməsi prosesi hazırda da davam etdirilir və yaxın vaxtlarda yekunlaşacaq. Hazırda biz Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentin bazasındayıq. Onu da qeyd edim ki, sülhməramlıların Azərbaycan ərazilərini tərk etməsi plana uyğun olaraq həyata keçirilir. Bununla bağlı əlavə məlumat veriləcək”, – o bildirib.

Sülhün bərqərar olunması prosesində istehkamçılar tərəfindən minlərlə hektar ərazi minalardan təmizlənib, 30 min ədəd partlayıcı zərərsizləşdirilib. Bu çərçivədə 90 mindən çox insan humanitar, 1000 nəfərdən çox dinc sakinə ixtisaslı tibbi yardım göstərilib. Bunu Rusiya Quru Qoşunlarının baş komandanının birinci müavini, Quru Qoşunlarının Baş Qərargah rəisi Yevgeni Nikiforov bildirib. “Üç il yarım bundan əvvəl birgə səylər nəticəsində Qarabağda gedən qanlı müharibəni dayandırmaq mümkün oldu. Azərbaycan, Ermənistan və Rusiya liderləri müharibənin dayandırılması barədə üçtərəfli birgə bəyanat imzaladılar. Demək olar ki, növbəti gün Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsi başlanıldı, Qarabağ ərazisində postlar quruldu və regionda dayanıqlı sülhün formalaşmasına zəmin yaradıldı. Sülhün bərqərar olunması prosesində istehkamçılar tərəfindən minlərlə hektar ərazi minalardan təmizlənib, 30 min ədəd partlayıcı zərərsizləşdirilib. Bu çərçivədə 90 mindən çox insan humanitar, 1000 nəfərdən çox dinc sakinə ixtisaslı tibbi yardım göstərilib. Bundan əlavə, sülhməramlı kontingent inanclı insanların dini obyektlərə çıxışını bərpa edib. Eyni zamanda, münaqişə tərəfləri ilə əməkdaşlıq nəticəsində 100-dən çox insanı əsirlikdən geri qaytarmaq mümkün olub. Rusiya sülhməramlı kontingentinin axtarış qrupları tərəfindən 1900 nəfərdən artıq meyit aidiyyəti üzrə təhvil verilib. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdıqdan sonra Azərbaycan və Rusiya rəhbərliyi sülhməramlı kontingentin ölkəmizin ərazisindən çıxarılmasına dair qərar qəbul etdilər. Rusiya hərbi qulluqçuları dövlətimizin hərbi-siyasi rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələri yüksək səviyyədə yerinə yetiriblər. Rusiya Federasiyasının müdafiə naziri, Baş Qərargah rəisi və öz adımdan Rusiya sülhməramlılarına vəzifələrini layiqincə yerinə yetirdiyinə, Azərbaycan hərçilərinə isə səmərəli əməkdaşlığa görə minnətdarlığımı bildirirəm”, – general qeyd edib.

“Bu gün, bu əlamətdar gündə xatırlatmaq istərdim ki, 3 ildən artıq müddət əvvəl baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə ölkəmizin tam qələbəsi və ərazi bütövlüyünün bərpa edilməsi ilə sona çatdı”. Bu barədə Azərbaycan müdafiə nazirinin birinci müavini – Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Xocalıda Rusiya Sülhməramlı Kontingentinin missiyasının başa çatmasına həsr olunmuş mərasimdə bildirib. Kərim Vəliyev deyib ki, 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikası Baş nazirinin imzaladığı üçtərəfli Bəyanat nəticəsində atəşkəsə nail olunub və 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyulub: “Missiya müddətində sülhməramlı kontingent üzərinə düşən tapşırıq və vəzifələri yerinə yetirib, Qarabağ iqtisadi rayonu ərazisində sülhün və sabitliyin təmin olunması üçün səylərini əsirgəməyib”.

Baş qərargah rəisi qeyd edib ki, qeyri-qanuni erməni silahlı birləşmələrinin mülki əhaliyə qarşı davam edən təxribatlarının qarşısının alınması və Qarabağ iqtisadi rayonu üzərində Azərbaycan Respublikasının tam nəzarətinin bərqərar edilməsi məqsədilə 2023-cü ilin sentyabr ayında lokal xarakterli antiterror tədbirləri keçirilib: “Bu tədbirlər nəticəsində separatçı rejimin fəaliyyətinə son qoyuldu, Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı birləşmələri ölkə ərazisindən tam çıxarıldı.

Yaranmış vəziyyət nəzərə alınaraq ölkələrimizin ali rəhbərliyi tərəfindən Rusiya Federasiyasının sülhməramlı kontingentinin missiyasının vaxtından əvvəl dayandırılması barədə qərar qəbul edildi”.

Kərim Vəliyev sülhməramlılara Qarabağ iqtisadi rayonunda sülhün və sabitliyin rifahı naminə cəsarətli xidmətlərinə görə minnətdarlığımı bildirib, onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.

V.VƏLİYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
sia.az

1Mənbələr