AZ

Müqaviləsiz işləyənlərə qarşı mübarizə genişlənir...

Image

Məlum olduğu kimi Azərbaycanda işsiz və işaxtaran şəxslərə yönəlik yeni qanun layihələri hazırlanacaq. Bu, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə yol xəritəsində öz əksini tapıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il iyulun 1-dək İşsiz və işaxtaran şəxslərə yönəlik məşğulluq tədbirlərinin səmərəliliyinin artırılması, o cümlədən bu sahədə mütərəqqi beynəlxalq təcrübələr nəzərə alınmaqla yeni mexanizmlərin tətbiqini nəzərdə tutan qanunvericilik layihələrini hazırlayaraq aidiyyəti üzrə təqdim etməsi tapşırılıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda işsizlik 2024-cü ilin martında 5.5 faiz olub. Qurum bildirir ki, aprelin 1-i vəziyyətinə ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 253.3 min nəfərə yüksəlib, onlardan 4 milyon 966.4 min nəfərini məşğul əhali təşkil edir. Başqa sözlə, hazırda ölkədə rəsmi işsizlərin sayı 286 min 900 nəfərdir. Düzdür, yenə rəsmi məlumata görə, muzdla, yəni əmək müqaviləsi və maaşla çalışan işçilərin sayı 1 milyon 748.9 min nəfərdir. Rəsmilər bu ziddiyyəti qeyri-rəsmi məşğulluqla izah edir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev “Turan”a bildirib ki, işsizlik və inflyasiya bazar iqtisadiyyatının iki böyük problemidir: “Dünyada bazar iqtisadiyyatı olan elə ölkə yoxdur ki, orada həmin iki böyük problem olmasın. İşsizliklə mübarizə aparanda inflyasiya artır, inflyasiya ilə mübarizə aparanda isə işsizliyin səviyyəsi artır. Azərbaycanda işsizlik 5 faiz civarındadır. Belə olan halda dövlət bunu tənzimləyə, yardım edə, sosial ödənişləri həyata keçirə bilir”. Deputatın sözlərinə görə, Azərbaycan bazar iqtisadiyyatının neoliberal inkişaf yolunu seçib: “Əsas odur ki, siyasi iradə var və bu gün mikro, kiçik və orta sahibkarlığın inkişafı həyata keçirilir. Bu, işsizliyin azalması üçün səmərəli olacaq və bununla işsizliyi 1.5 faizə çatdırmaq mümkündür”. R.Quliyev hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı istənilən proqram kiçik və orta sahibkarlığın inkişafı ilə uzlaşmalıdır: “Belə olan halda işsizliyin səviyyəsini xeyli azaltmaq mümkün olacaq”. Deputat vurğulayır ki, işsizlərin arasında gənclərin sayının çox olması xüsusilə təhlükəlidir: “Ona görə də texniki peşə məktəblərinin sayını artırmaq lazımdır. Məsələn, Lənkəran Peşə Liseyinin məzunlarının 95 faizi işlə təmin olunur. Eyni zamanda, bazar iqtisadiyyatı olan ölkələrdə iş adamları 35 yaşından yuxarı insanları işə götürməkdə həvəsli deyillər. Bu peşə məktəbləri həmin insanlara peşəsini dəyişməyə imkan verəcək”.

İqtisadçı Natiq Cəfərli isə düşünür ki, Azərbaycanda işsizliyin qeydiyyatı özü də bir işdir: “Yəni işsiz kimi qeydiyyata düşmək üçün çoxsaylı prosedurlardan keçməlisən və yalnız bundan sonra səni işsiz kimi qeydiyyata ala bilərlər. Ona görə də bizdə işsizliklə bağlı müraciətlərin sayı xeyli dərəcədə azdır”. O, “Azadlıq” radiosuna açıqlamasında xatırladır ki, qanunvericiliyə görə, işsiz kimi müraciət edənlərə altı ay ərzində müxtəlif işlər təklif olunur: “Təklif olunan işlər isə, əsasən, az maaşlı işlərdir deyə, insanlar çox zaman onlardan imtina edir. Belə olan halda həmin insanları siyahıdan çıxarırlar ki, bu işsiz deyil, işləmək istəməyəndir”. N.Cəfərlinin fikrincə, beynəlxalq təcrübəyə keçid üçün Azərbaycanda rəsmi iş yerlərinin sayı reallığı əks etdirməlidir: “Bizdə muzdla çalışanların sayı 1.7 milyondan bir az çoxdur. Amma Azərbaycanda 5 milyondan çox əməkqabiliyyətli əhali var. Bu o demək deyil ki, ölkədə 4 milyon işsiz var. Amma 5 faiz də deyil. Sadəcə, bizdə təsnifatda problem var. Məsələn, kimin torpaq payı varsa, fermer, VÖEN-i olanları da sahibkar kimi qeydiyyata alırlar. Bu doğru deyil. Birinci növbədə statistik məlumatların reallığı əks etdirməsinə ehtiyac var”. Onun hesablamalarına görə, Azərbaycanda qeyri-rəsmi işləyənlərin sayı 2 milyona yaxındır: “Onların rəsmiləşdirilməsi baş verməlidir və o zaman işsizlik avtomatik onlayn müəyyənləşəcək. Bunun üçün nə müraciətə ehtiyac qalacaq, nə də prosedur qaydalara. Bundan sonra müəyyənləşəcək ki, hansı sahələrdə işsizlik daha çoxdur, hansı sahədə daha çox işçiyə tələbat var. Buna uyğun da əmək bazarı strategiyasını yaratmaq üçün baza yaranmış olacaq. Hazırda belə bir məlumat da yoxdur”.  Hökumət rəsmiləri son illər bəyan ediblər ki, məqsədləri qeyri-rəsmi iş yerlərinin rəsmiləşdirilməsinə nail olmaqdır. Azərbaycanda elə müəssisələr var, orada əmək qanunvericiliyinə tam, yaxud qismən əməl olunur, elələri da var ki, heç əməl etmir. Bu, əmək müqaviləsinin bağlanmasından tutmuş, onun ləğvinə qədər məsələləri əhatə edir. Hökumət bu məsələnin də birdəfəlik çözümünə nail olmaq istəyir. Azərbaycanda böyük bir işçi ordusunun müqaviləsiz fəaliyyət göstərməsi elə ən böyük sosial ədalətsizliyə aparır, çünki həmin şəxslər lazımı səviyyədə pensiya ala bilməyəcəklər. Amma təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. 

Samirə SƏFƏROVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
baki-xeber.com

1Mənbələr