AZ

Azərbaycanla Türkiyə türk dünyasının iqtisadi inteqrasiyasına doğru növbəti mühüm addım atdı

Image

Türk dünyasının iqtisadi inteqrasiyası istiqamətində növbəti mühüm addım atılmaqdadır. Söhbət Mərkəzi Asiya ölkələrinin enerji resurslarının Azərbaycan üzərindən Türkiyəyə nəqlindən gedir. Bu prosesdə həlledici rol yenə Azərbaycan və Türkiyənin üzərinə düşür. 

Qeyd edək ki, Azərbaycan və Türkiyə təbii qaz sahəsində əməkdaşlığa dair saziş imzalayıb. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İstanbulda keçirilən “Türkiyə-Azərbaycan təbii qaz sahəsində əməkdaşlıq anlaşması”nın imzalanma mərasimində bu xüsusda bildirib: “İmzalanan sazişin mənalarından biri odur ki, biz Azərbaycanın enerji ehtiyatlarından, ilk növbədə təbii qazın Türkiyəyə, Türkiyə üzərindən Avropa bazarlarına çatdırmaqla yanaşı, həmçinin Orta Asiyada olan ehtiyatların Türkiyə bazarına və oradan da gələcəkdə dünya bazarına Azərbaycan üzərindən gətirilməsinə nail olacağıq”. Onun sözlərinə görə, Azərbaycan-Türkiyə tərəfdaşlığının faydası təkcə iki ölkə ilə məhdudlaşmır, bölgədə olan bir çox ölkələrin də enerji təhlükəsizliyinə, inkişafına və dayanıqlığına müsbət töhfə verir: “Türkiyə və Azərbaycan arasında olan münasibətlərin bənzərini tapmaq çox çətindir. Bəlkə də mümkünsüzdür. Bu dostluq, qardaşlıq bütün mövzularda vəhdət münasibətidir. Çox xoşdur ki, enerji sahəsində olan əməkdaşlığımız bu dostluğun və qardaşlığın sütunlarından biridir. Bu tərəfdaşlıq həm Türkiyə, həm də Azərbaycan üçün olduqca faydalıdır. Lakin onun faydası bizim iki ölkə ilə məhdudlaşmır. Bölgədə olan bir çox ölkələrin də enerji təhlükəsizliyinə, inkişafına və dayanıqlığına müsbət töhfə verir”. M.Cabbarov xatırladıb ki, Bakı-Tiflis-Ceyhan boru xətti yalnız Azərbaycanla Türkiyəni bağlamadı, daha geniş mənada Mərkəzi Asiyadan olan qardaş türk dövlətlərini də bu layihəyə onların enerji ehtiyatlarının cəlb edilməsi və bu layihə üzərindən nəql edilməsi ilə türk dünyası birliyinin daha bir təzahürü olub: “Bu, bir daha göstərir ki, liderlərimizin həyata keçirdiyi siyasət yalnız bir günlə və qısa vədəli fayda gətirən iqtisadi layihələrlə məhdudlaşmır. Əksinə uzunmüddətli və iqtisadi və siyasi mənaya malik olan layihələrin həyata keçirilməsi üçün bizə zəmin yaradır”. Beləliklə, imzalanan razılaşma fonunda ilk növbədə Türkmənistan təbii qazının Azərbaycan və Gürcüstan üzərindən Türkiyəyə çatdırılması ilə bağlı razılıq əldə olunub. Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bu fonda ölkəsi ilə Azərbaycanın birgə Bakı-Tiflis-Ərzurum layihələri və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) çərçivəsində əməkdaşlığı davam etdirdiyini xatırladıb: “Bu layihələr vasitəsilə Bakı və Ankara təkcə öz təchizat zəncirlərinin təhlükəsizliyini təmin etmir, həm də Avropanın enerji təchizatının təhlükəsizliyinə mühüm töhfə verirlər. Yeni razılaşma təbii qaz sahəsində əməkdaşlığımızda yeni mərhələni qeyd edəcək. Bu, 2030-cu ilə qədər Azərbaycan qazının, eləcə də Xəzər dənizinin qaz ehtiyatlarının Türkiyəyə əlavə həcmdə nəqlini təmin edəcək. Bundan əlavə, qazın bir hissəsi Türkiyədən keçməklə Avropaya daşınacaq. Əhəmiyyətli bir məqam da ondan ibarətdir ki, saziş çərçivəsində biz Türkmənistan təbii qazının Azərbaycan və Gürcüstan vasitəsilə Türkiyəyə nəqli ilə bağlı razılığa gəldik. Türkiyə və Azərbaycanın birgə inkişaf etdirdiyi boru kəmərlərinə yeni - Azərbaycanın Naxçıvan Muxtar Respublikasına təbii qaz çatdıracaq İğdır-Naxçıvan Təbii Qaz Boru Kəməri “qardaş”ı da gəldi. İnşaallah, bu qış Naxçıvanın təbii qazı Türkiyə üzərindən nəql olunacaq. Biz bu xətti tez bir zamanda istifadəyə verməyi planlaşdırırıq”.

Xatırladaq ki,  Türkmənistan uzun illərdir Azərbaycan, Türkiyə, Gürcüstan və Avropa İttifaqı ilə ildə 10 milyard kubmetrdən 30 milyard kubmetrə qədər ötürmə gücünə malik “Transxəzər” qaz kəmərinin tikintisi mümkünlüyünü müzakirə edir. Moskva və Tehran uzun müddət kəmərin tikintisinə qarşı olub. Lakin 2018-ci ilin avqustunda Qazaxıstanın Aktau şəhərində Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan və İran prezidentləri Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalayıblar. Sənədə əsasən, Xəzər dənizinin dibi ilə boru kəmərinin çəkilməsi üçün bütün Xəzər ölkələrinin razılığı tələb olunmur, onun inşası məsələsi yalnız ərazisindən boru kəmərinin keçəcəyi dövlətlər arasında razılaşdırılır. Azərbaycan bu fonda “Transxəzər” qaz kəmərinin inşası üçün üzərinə düşən bütün vəzifələri yerinə yetirməyə hazır olduğunu bəyan edir. İndi əsas məsələ  Türkmənistanın özünü nbu istiqamətdə müvafiq addımlar atmasıdır. Ümumiyyətlə isə, tarixi bağlarla və mənəvi dəyərlərlə bir-birlərinə çox yaxın olan Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli formatın yaranmasını mümkün və zəruri edən şərtlər çoxdur. Xatırladaq ki, Türkmənistan enerji resursları ilə zəngin olan bir məkandır. Ancaq geosiyasi gərginliklərlə əlaqədar bu ölkə enerji resurslarının ixracında müəyyən çətinliklərlə üzləşib. Əvvəllər Türkmənistan neft-qaz ixracını əsasən Rusiya üzərindən həyata keçirirdi. Ancaq indi bu mexanizm pozulub. Buna görə də Türkmənistan Azərbaycan və Türkiyədən keçməklə Avropaya qədər uzanan Bakı-Tiflis-Ceyhan kəməri ilə neft ixracını artırmağa çalışır. Enerji sektorunda əməkdaşlığın digər bir mühüm istiqaməti qaz ixracı ilə bağlıdır. Vəziyyətdən real çıxış yolunun ən real variantlarından biri Türkmənistan qazının Azərbaycan və Türkiyə üzərindən Avropa bazarlarına çatdırılmasıdır. Bunun üçün Türkmənistan qazının Azərbaycana çatdırılması lazımdır. “Transxəzər” qaz kəmərinin çəkilməsi ən əlverişli variantdır. Lakin tankerlər vasitəsilə də türkmən qazı ölkəmizə çatdırıla bilər. Bir müddət əvvəl isə mövcud dəniz platformalarından qazın nəqli üçün Türkmənistan və Azərbaycan arasında 78 kilometrlik “Transxəzər” birləşdirici qaz kəmərini n çəkilişi  ideyası da gündəmə gətirlib. “Trans Caspian Resources, Inc” Məşvərət Komitəsinin direktoru Natali Kostello bildirib ki, ideya Türkmənistandakı mövcud dəniz hasilat müəssisələrindən təbii qazı Azərbaycandakı mövcud dəniz platformalarına göndərməkdir; 10-12 milyard kubmetr tutumlu bu qaz kəməri Türkmənistanda hasil edilən qazı Cənub Qaz Dəhlizi ilə birləşdirəcək. Bundan başqa, Azərbaycan-İran-Türkmənistan arasında üçtərəfli svop müqavilələri var. Indi bu fonda həcmin artımı Türkmənistana əlavə üstünlüklər vəd edir və Azərbaycan da buna bütün şəraiti yaratmağa hazırdır.

Ramil QULİYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
183
50
baki-xeber.com

10Mənbələr